Cəbhə bölgəsində nə baş verir? – Ermənilərin yeni niyyəti

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Silahlı Qüvvələri iri çaplı silahlarla atəş açaraq Qazax rayonu sərhəd döyüş məntəqəsinin mövqelərini atəşə tutublar. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Bu gün isə Ağdam rayonunu atəşə tutulub. Uzun müddət cəbhədəki sakitlikdən sonra ermənilərin bu aktivliyinin səbəbi nədir?
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Sabah”a açıqlamasında bildirib ki, o cəbhə bölgəsində yerləşən Tərtərdən bu gün qayıdıb.

“Orada olduğum 3 gün ərzində Tərtərdə heç tapanca səsi də eşidilmirdi. Nəzərə almalıyıq ki, o bölgə ən gərgin cəbhə bölgəsidir.

Baş vermiş son hadisələrə gəldikdə, bir şey deyim ki, düşmən maraqlıdır ki, atəşkəs pozulmasın. Çünki istədiyinə nail olub, Dağlıq Qarabağa da, Dağlıq Qarabağ ətrafına da nəzarət edir. Onlar üçün atəşkəsin pozulması narahatçılıq deməkdir. Ona görə də onlar maksimum çalışırlar ki, atəşkəs pozulmasın.

Amma bu atəşkəslərin pozulması ilə onlar demək istəyirlər ki, yeri gəlsə, atəşkəsi poza da, güc də göstərə bilərik”.

Baş vermiş hadisələrə açıqlıq gətirən ekspertin sözlərinə görə, ermənilər iddia edirlər ki, guya Naxçıvanda iyulun 16-da onların taxıl zəmilərinə atəş açılıb: “Guya bu atəşin səbəbi taxıl zəmilərinin yandırılması məqsədilə olub. Məhz Naxçıvan tərəfdən çəkindikləri üçün, Türkiədən çəkindikləri üçün və Naxçıvanın döyüş bölgəsi olmadığını nəzərə alaraq təmas xəttinin olduğu Ağdamda bu hərəkəti edirlər.

Bütün bunların fövqündə son bir il yarımda atəşkəsə, bizdən yaxşı əməl edən olmayıb.Yəni erməni tərəfindən fərqli olaraq biz daha çox əməl etmişik. Bilirsiziniz ki, Düşənbədə də bir ayaqüstü razılaşma olmuşdu. Amma ermənilər az qala bunu müqavilə həddinə çatdıralar.

Bütün bunlar göstərir ki, ermənilər çox sərbəstdir, hətta provakasiyadan çəkinmir, Azərbaycanı nəyəsə cəlb etmək istəyir. Çünki Ermənistanın bir imici var, yalançı məxməri inqilabı demokratiya səviyyəsinə endiriblər və fikirləşirlər ki, qərb onları dəstəkləyir.

Yeri gəlmişkən, elə ayın 17-dəTonoyanın ABŞ səfirini qəbul etməsi də sadə məsələ deyil. Onlar sadəcə çalışırlar ki, maksimum səviyyədə qərbdən dəstək alsınlar, nəinki Rusiyadan. Onsuz Rusiyanın onlara tərəf olduqlarını bilirlər və bu ərəfədə bizim atəşkəsi pozmağımızı və onlara ziyan yetirməyimizi ona görə istəyirlər ki, bu onların əlində təxribat vasitəsi olsun.

Mənə elə gəlir ki, bu təbliğat nöqteyi-nəzərindən bizim əleyhimizə işlənməsi üçün bizi təxribata çəkirlər”.

Sozcu.az