“Çəkinmədən bəyan edirəm, MƏN MÜHARİBƏ TƏRƏFDARIYAM!” – Pənah Hüseyn

Pənah Hüseyn

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri

Bizi təslimçi sülhə hazırlayanların ucunu göstərdiyi qrandları almaq iştahası ilə təkcə ağzları yox beyinləri də sulananlara:

Bu müharibə tərəfdarı olmaqdırsa çəkinmədən bəyan edirəm:

MƏN MÜHARİBƏ TƏRƏFDARIYAM!

Bu gün Demokratiya və Rivah Hərəkatının Qarabağ problemi ilə bağlı dinləmələri haqqında tədbirdən sonra təşkilatçıların yaydığı tezislərlə tanış olduqdan sonra aşağıdakı qeydləri yaymağa ehtiyac duydum. Əslində mən bu qeydləri dinləmələr zamanı etdiyim çıxış və replikalarda səsləndirmişəm.

Deyilir ki, dinləmələrdə əsas diskussiya müharibə və sülh tərəfdarları arasında gedib. Bu xalqı müxtəlif parametrlər üzrə bölüblər, parçalayıblar. İndi də sülh və müharibə tərəfdarlarına bölüb parçalamayaq. Bu bölgü sünidir, zərərlidir Və
-işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda,
-Qarabağın işqaldan azadlığı uğrunda,
-Keçmiş Dağlıq Qarabağ Vilayətinin əraziləri də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün bərpası və bütün bu ərazilərdə dövlət suverenliyiinin bərpası edilməsi uğrunda,
-Ermənistanın bizə Vətən və Dövlət olan Azərbaycana qarşı
silahlı təcavüzünün nəticələrinin aradan qaldırılması uğrunda,
– Dağlıq Qarabağdakı terrorist erməni seperatçılığının nəticələrinin aradan qaldırılması uğrunda,
-yüzminlərlə doğma yurdlarında qovulub məcburi köçkün olmuş insanımızın təbii haqlarının bərpa edilib yurdlarına qaytarılması uğrunda,
– milli şərəf, namus və heysiyyətimiz uğrunda mübarizəyə zərbədir.
Ümumiyyətlə “Qarabağ problemi” yoxdur! Ermənilər üçün “Qarabağ problemi” bir məzmuna, amerikan, rus, fransız və. s-lər üçün başqa bir məzmuna, azərbaycanlılar üçün isə yuxarıda göstərilən məzmuna malikdir.

Həmin tədbirdə bir nəfər də vardımı ki, Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş torpaqlarımızın, bir qarış da olsa Vətən torpağının düşməndə qalmasını nəzərdə tutan sülhə razı olduğunu bəyan etsin? Bu məsələdə biz hamımız bir deyilikmi? Elə isə nə üçün bizi müharibə və sülh tərəfdarlarına bölüb bir nifaq da belə salmaq istəyirsiniz? Və ya bu cür süni bölgülər yaradıb, bizi zəiflətmək istəyənlərin əlinə oynayırsınız?

Biz indi xalqımızı da, dövləti də sülhə yox, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinə hazırlamalıyıq. Azərbaycan xalqı da, Azərbaycan dövləti də Dağlıq Qarabağ daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsinə hazırlaşmalıdır və bunu bütün dünyaya çəkinmədən, qətiyyətlə bəyan etməlidir. Azərbaycan xalqı və Azərbaycan dövləti Dağlıq Qarabağ da daxil olmaqla işğa olunmuş bütün ərazilərin azad olunub, orda Azərbaycan suverenliyinin bərpa edilməsini nəzərdə tutmayan hər hansı sülhə hazır olmadığını və heç vaxt hazır olmayacağını çəkinmədən və qətiyyətlə bütün dünyaya bəyan etməlidir!

Müharibə tərəfdarı olmaq budursa mən çəkinmədən bəyan edirəm ki, mən müharibə tərəfdarıyam!

Mən məsələnin nizamlanması dair intensiv diplomatik proseslərin getdiyi bir məqamda azərbaycan ictimaiyyətinin məhz bu cür mövqenin nə qədər ciddi taktiki əhəmiyyəti haqqında geniş danışmaq istəmirəm. Bu bizi təslimçi sülhə hazırlayanların ucunu göstərdiyi qrandları almaq iştahası ilə təkcə ağzları yox beyni sulananlardan qeyri hər kəsə aydındır. Əslində onlara da aydındır. Mən həqiqətən hesab edirəm ki, azərbaycan xalqı sözdə yox, gerçəkdən bu mövqedə olmasa torpaqlarımızı birdəfəli itirəcəyik. Azərbaycan xalqı və Azərbaycan dövləti gerçəkdən bu mövqedə, yəni torpaqların azad olunması uğrunda Vətən müharibəsinə hazırlaşmasa, bu müharibəyə hazır olduğunu açıq və qətiyyətlə bəyan etməsə ədalətli və əbədi Sülh heç vaxt olmayacaq!

Əksi təslimçi sülhə, alçaq və şərəfsiz sülhə razı olmaqdır və bunun bir adı vardır: Təslimçilik! Xainlik! Satqınlıq!

Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş torpaqlarımız işğaldan azad olunursa, bu ərazilərdə Azərbaycan dövlətinin suverenliyi bərpa edilirsə, problem Azərbaycanda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının o cümlədən milli haqq və hüquqlarının təmin edilməsi, Azərbaycan və Ermənistan arasında dinc münasibətlərin bərqərar edilməsidirsə – əlbəttə ki, 30 ildir ki, davam edən terrorçuluq, müharibə, itkilər, xalqlar arasında düşmənçilik yaratmışdır və bunlar ciddi problemlərdir – bunun üçün bizi belə sülhə xüsusi hazırlamağa ehtiyac yoxdur. Zatən Azərbaycan xalqı belə sülhə hazırdır və hətta kimlərsə hesab edirsələr ki, hazırlamağa ehtiyac vardır, buyursunlar! Biz ermənilərlə bir yerdə, bir dövlətdə, habelə qonşu dövlətlər halında yaşaya bilərik və yaşamalıyıq. Yaşayacağıq.