CƏHALƏTƏ SON!

İlqar Altay

Zarafat kimi çıxmasın… Deyəsən, bizə mütləq “Qaloş” ictimai inqilabı lazım olacaq. Cəhalətə, dini siyasi oyunbazlığa, narkotik təsirli xurafata qarşı ölkə üzrə.. Cəmiyyət olaraq bütün bu orta əsr gerizəkalı avam xülya-hallara qətiyyətlə yox deməliyik. Ayılmaq vaxtıdır. Təhsil, elm vaxtıdır.

Biz, bir tutarlı xalq olaraq, cəhalət yuxusundan ayılmayıb onun girdabında, avam dini və sekta təsirlərində ilişib qalsaq, nə yaxın qonşular, nə uzaq xaric, nə iqtidarlar, nə də müxalifətlər bizi saya almayacaqlar. Savadlı, intellektli, inkişaflı xalq olaraq hüquqlarımızı, ictimai siyasətimizi bilib düşünmədikcə. Bunu bilək, bu təbii haldır.

Dövlətdən də tələb edək ki, bu istiqamətdə öz siyasətini sərtləşdirsin həm qayda, qanunları, həm də təhlükəsizlik addımları ilə daxildəki və xaricdən gələn mənfi pozucu dini cərəyanlara qarşı mövqeyini qanunlara uyğun gücləndirsin.

İnanın geridəyik, bir xalq, cəmiyyət olaraq təsir altına düşüb. Bu gerilik, bu sadəlövhlükdən də düşmənlərimiz bizə qarşı yaxşı istifadə edirlər. Ayılıb və düşünməliyik ki, biz Avropanın tərkib hissəsi olan, Qafqaz ölkəsiyik. Müasir təhsillə, işıqlı dünyagörüşü və real-sağlam düşüncə ilə irəli çıxaraq qonşulardan geridə qalmamalıyıq.

Ayıbdır, 21-ci əsrdi, cin-şeytan-qaloş söhbətləri biz, möhkəm iradəli xalqa gülünc görünməlidir. Tarix, Tanrı, bu cumhuriyyəti bizim üçün quran və qoruyanlar orta əsrlər avam xurafatına uyub geridə qalıb, çıxdaş olmamızı bizə bağışlamaz!

Cəhalətə son!! Cəhaləti süpürüb ataq ölkədən!!