Cəbhəçi gənc: Siyasi fəaliyyətimə görə cəzalandırılmışam

Apelyasiya şikayəti təmin olunmayıb

Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinq ərəfəsində AXCP-nin 4 fəalı həbs olunmuşdu ki, onlardan biri də Ramid Nağıyev idi. Martın 31-də Binəqədi Rayon Məhkəməsində onun 30 günlük inzibati həbsi barədə qərar çıxarılıb. Cəbhəçi gənc İnzibati Xətalar Məcəlləsinin 510 (xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələrilə cəzalandırılıb. Həmin qərardan verilmiş apelyasiya şikayətinə aprelin 9-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim İlqar Murquzovun sədrliyilə keçirilən məhkəmədə R.Nağıyevin vəkili Zibeydə Sadıqova deyib ki, martın 30-da onun atasının və qardaşının gözünün qardaşında iki polis əməkdaşı yaxınlaşıb, qısa söhbət edəcəklərini deyib. Həmin vaxt həyətdə daha dörd nəfər polis əməkdaşı gözləyirmiş: “Onlar Ramid Nağıyevi Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə götürüb aparıblar. Bir neçə saat saxladıqdan sonra inzibati xəta protokolu tərtib olunub. Halbuki, Ramid Nağıyev səhərdən axşama qədər işdə olub”.

Binəqədi Rayon Məhkəməsində bu işə baxılarkən məsələnin hərtərəfli araşdırılmadığını deyən vəkil R.Nağıyevin atası və qardaşının şahid qismində dindirilməsini istəyib: “Əgər araşdırma aparılsaydı, videogörüntülərə baxış keçirilərdi. O zaman aydın olardı ki, inzibati xəta hadisəsi baş verməyib. Ramid Nağıyev özü də bildirir ki, siyasi baxışlarına görə cəzalandırılıb. O, müxalifət partiyasının üzvüdür. Dediyinə görə, birinci instansiya məhkəməsində də hakim ondan bu barədə soruşub”.

Z.Sadıqova bəraətverici əsaslarla bu işə xitam verilməsini, R.Nağıyevi qanunsuz həbs edən polis əməkdaşları haqqında xüsusi qərar çıxarılmasını istəyib.

R.Nağıyev də heç bir pozuntuya yol vermədiyini bildirib: “Bu ittihamlarla artıq dördüncü həbsimdir. Mən siyasi fəaliyyətimə görə cəzalandırılmışam”.

Hakim qısa müşavirədən sonra Binəqədi Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.(Meydan tv)

Sozcu.az