BÜTÖV AZƏRBAYCAN OCAQLARININ BƏYƏNATI

İran rəsmiləri dəfələrlə beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı ərazi iddiaları irəlı sürüblər. Bu dəfə isə bu cür iddia İran İslam Respublikasının Prezidenti Həsən Ruhanidən gəldi. Həsən Ruhani Azərbaycana qarşı nəinki ərazi iddiası sürüb, hətta bizim ərazilərin İrana məxsus olduğunu bildirib.

Yayılan informasiyalarda qeyd olunur ki, “1978-ci il 23 Bəhmən İnqilabını “İslam İnqilabı” kimi dəyərləndirən Tehran rejimi bu günlərdə olayın 40 illiyi münasibəti ilə törənlər keçirir. Ötən həftə Tehranda həyata keçirilən növbəti tədbirdə dünyanın bir sıra ölkələrindən xüsusi qonaqlar dəvət edilmiş və orada prezident Həsən Ruhani geniş məruzə ilə çıxış etmişdir. O, çıxışında “İslam İnqilabı”nın əzəmətindən danışaraq qeyd etmişdir ki: “Bu inqilab əslində bütün islam aləmində davam etdirilməlidir”. Məruzənin bir hissəsi Cənubi Qafqaz və Azərbaycan Respublikasına ayrılmışdır. Həsən Ruhani açıq şəkildə qeyd edib ki: “Cənubi Qafqaz və Azərbaycan Respublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirmiş və bu ərazilərin İrana birləşməsini tələb edib. Biz bu gün də həmin fikirdəyik. Çünki, əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir”.

Biz, BAO olaraq hesab edirik ki, Azəbaycan Xarici İşlər Nazirliyi bu iddiaya münasibət bildirməlidir. İran Prezidenti bilməmiş deyildir ki, tarixdə İran adlı bir dövlət olmamışdır. Bu ərazilərdə son minillikdə yalnız Türk dövlətçiliyi mövcud olmuş, XVI əsrdə isə bütün ərazilər bütövləşmiş və Azərbaycan Səfəvilər imperiyası yaradılmışdır. Sonradan baş verən süqutun ardınca Böyük Nadir şahın başçılığı ilə Türk Əfşar imperiyası qurulmuşdur. Bunu əvəz edən Türk Qacar imperiyası isə 1925-ci ilə qədər bu ərazilərdə hakimiyyətdə olmuşdur. Qərb ölkələrinin birbaşa vasitəçiliyi ilə çevriliş yolu ilə hakimiyyəti qəsb edən Pəhləvilər 1935-ci ildə ingilislərin tövsiyəsi ilə tarixi və siyasi cəhətdən mövcud olmayan, fars şovinisti Əbülqasım Firdovsi tərəfindən gündəmə gətirilən İran adını rəsmiləşdirmişlər. Hesab edirik ki, İran Fars rejiminə rəhbərlik edən Həsən Ruhani bunları çox yaxşı bilir. Onu da yaxşı bilir ki, tarixi Azərbaycan əraziləri İran Fars rejiminin işğalı altındadır. Bu gün bu işğalçı rejim Azərbaycanın Güneyində türk dilini yasaq etmiş və farslaşdırma siyasətini aparır. İndi daha da irəli gedərək, Azərbaycanın Quzeyinə də iddia edir. Hətta vəziyyət o yerə çatıb ki, 1918-ci il Qacar Türk dövlətçiliyini də İran fars dövlətçiliyi kimi təqdim edir və Tehranı Fars şəhəri kimi qələmə verir. Amma 1910-cu il Türk Qacar imperiyasının xəritəsində Tehran və Qum tarixi Azərbaycan şəhərləri kimi göstərilmişdir. Həsən Ruhani bunları da bilməmiş deyildir. Hesab edirik ki, Azərbaycanın Güneyində günü-gündən güclənən milli hərəkat İran rəsmilərini qorxuya saldığından belə bir açıqlamaya üstünlük vermişlər. Bununla da Güneydə yaşayan həmvətənlərimizi sakitləşdirirlər ki, bəs, biz Quzeyə də iddia etməklə oranı da birləşdirib “İran Fars rejimin”in işğalı altına salacağıq. Göründüyü kimi, bu iddia təkcə suveren bir dövlətə qarşı ərazi iddiası deyildir, həm də işğalçı bir rejimin açıq simasıdır.

Biz, Bütöv Azərbaycan Ocaqları olaraq bu cür münasibəti pisləyir və həmvətənlərimizi bu cür saxta çıxışları boykot etməyə çağırırıq. Biz əminik ki, apardığımız milli mücadilə Azərbaycanın bütövləşməsi ilə başa çatacaqdır. Bu bizim qarşımızdakı ən böyük strateji məqsəddir!!!

Bütöv Azərbaycan Ocaqları.