“Əbülfəs Qarayevin azadlıqda gəzməsi, Azərbaycan xalqına təhqirdir”

Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə aparılır. Ölkə başçısı daim vurğulayır ki, bu sahədə görülən tədbirlər respublikamızda korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilənə qədər davam etdiriləcək. Bu baxımdan hazırda aidiyyəti qurumlar, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xüsusi əməliyyatlar keçirilməklə korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə davam etdirilir.

Məlum olduğu kimi, mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirildi. Həmin nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramovun və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı məhkəmə onları təqsirli bilərək barələrində həbs qətimkan tədbiri seçdi. Prezident İlham Əliyevin Sərəncamı ilə hər iki şəxs vəzifədən azad edilib.

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri həbs olunduqdan sonra tanınmış ekspertlər, siyasi partiyaların rəhbərləri, Milli Məclisin deputatları baş verənlərə görə nazir Əbülfəs Qarayevi açıq şəkildə ittiham edirlər. Bildirirlər ki, o, mədəniyyət sahəsini korrupsiya, yanlış kadr siyasəti və özünün fərasətsizliyi ilə məhv edib.

Məsələ ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Azərbaycanda mədəniyyət sahəsində ciddi islahatlara ehtiyac duyulur. H.Hacıyev deyib ki, əslində Azərbaycan mədəniyyətinin məhv edilməsinin arxasında Əbülfəs Qarayev dayanır: “Əbülfəs Qarayevin azadlıqda gəzməsinin özü bütün Azərbaycan xalqına təhqirdir. Mən Əbülfəs Qarayevlə komsomolda işləmişəm və onu çox yaxşı tanıyıram. O, heç də özünü qələmə vermək istədiyi adam deyil. Mədəniyyət Nazirliyindəki bütün cinayətlərin arxasında Əbülfəs Qarayev dayanır. Ona görə də dövlətdən və xalqdan oğurlanan bütün pullar geri qaytarılmalıdır.”

Facebook Comments