“Əbülfəz Elçibəyin yoxluğundan sonra, onun ideoloji və siyasi institutları çökdü” – HÜRRÜ ƏLİYEV

İranda 1000 rial olan benzinin qiyməti 3000 riala (50 qəpik) yüksəlib. Yerli mətbuatın yazdığına görə,  benzinin qiymətinin yüksəlməsi ərzaq və sənaye mallarının, eləcə də xidmətlərin qiymətinin qalxmasına səbəb olacaq. Benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Güney Azərbaycanın bir çox bölgələrində fars rejimi əlehinə şuarlar səslənib.

Sozcu.az saytı baş verənlərlə bağlı Bəyaz Hərəkat başqanı  Hürrü Əliyevin fikirlərini öyrənib.

Hürrü bəy, bildiyiniz kimi İranda benzinin qalxmasına görə etiraz aksiyaları keçirilir. Əsasən azərbaycanlıların yaşadıqları bölgələrdə başlayan aksiyalarda güc sturukturlarının 20-dən çox insanın öldürdüyü deyilir. Bəzi mənbələrdə öldürülən insanların sayının 100-dən çox olduğu bildirilir. Sizcə, İranda sosilal tələblərlə başlayan aksiyalar, Güney Azərbaycanın azadlığı uğrunda mübarizəyə dönüşə bilərmi?

Güney Azərbaycandakı proseslərdə  rejim tərəfindən öldürülən insanların sayları haqda müxtəlif rəqəmlər deyilir. Bunlar qeyri-dəqiq informasiyalardır.  İtkilər var və rejimin yaratdığı internet məhdudiyyətinə görə, dəqiq informasiyalar almaq çətindir. Bir çox yerlərdə polisin etirazçılarla birləşməsi haqda məlumatlar alırıq. Aksiyalar zamanı bir çox  milli fəallarımız həbs olunublar.

Biz 2 il öncədən bildirirdik  və bu gün də bəyan edirik ki, 2020-ci ildə İran deyilən ərazidə ciddi proseslər baş verəcək və bu proseslərin içindən Azərbaycan türklərinin istiqlalı uğrunda milli mücadiləsi hərəkətlənəcək. Bu qaçılmazdır.

Biz müstəqil dövlət olaraq və xalq olaraq Güney Azərbaycanın istiqlal savaşına hazırıqmı?

Bəyaz Hərəkat məhs bu səbəblərdən və zərurətdən yarandı. Bu gün ölkədə ciddi təhlükələrə sipər olacaq milli güc və təşkilatlar yoxdur. Bu boşluğun olmasına görədir ki, erməni müğənnilərin, erməni jurnalistlərin və sabah kimlərin Azərbaycana gəlişlərinin qarşısının alınması üçün ciddi etiraz və reaksiya yoxdur. Torpaqlarımızın azadlığı uğrunda ciddi mücadilə getmir. Bu boşluqdan yararlananan rus, fars, erməni Azərbaycan xalqı ilə istədiyi kimi davranır. O cümlədən də bu günki Azərbaycan hakimiyyəti.

Çox təəssüf ki, istər güneylə, istərsə də, Qarabağla bağlı ciddi proseslər baş verərsə, buna hazır olan milli güc yoxdur. Bu baxımdan biz illərdir deyirik ki, Bu gun o milli ideloji bir gücün formalaşması və mövcudluqu millətimizə Vətənimizə qarşı daxildən və xaricdən gələn butun təhlukələr önündə bir sipər olması deməkdir. Bu güc olsaydı hec bir gücün millətimizin üzərinə bu dərəcədə rahatlıqla gəlməsinə cəsarəti olmazdı. Bəyaz Hərəkat olaraq tam əminik ki, çox yaxın gələcəkdə həmin milli gücü ortaya qoyacağıq.

Zaman-zaman Bütöv Azərbaycan Birliyinin (BAB) fəaliyyətinin yenidən gücləndirilməsi bardə təkliflər olub. Sizcə zamanında Güneyin qərərgahı olan BAB-ın fəaliyyətsiz duruma salınmasında məqsəd nədir? Ümumiyyətlə problem nədir ki, bu təşkilat fəaliyyətsiz qalıb?

Əbülfəz Elçibəyin yoxluğundan sonra onun ideoloji və siyasi institutları çökdü. Daha geniş mənada desək, Elçibəyin biz nəsilə, o cümlədən siyasi-ideoloji varislərinə və millətinə buraxdığı güclü milli –ideoloji sistem çökdürüldü. İdeoloji mecadilə arxa plana qoyuldu. 20 ilə yaxındır ki, şəxsi davalar, şəxsi iddialar qoyuldu. Şəxsi intiriqalar gücləri parçaladı və milli təşkilatları bu günki uğursuz təşkilatlara çevirdi. Məhs bu  lazımsız fəaliyyət və siyasi intiriqaları görən xalq inamsızlığa qapandı.

Bu gün Bəyaz Hərəkat olaraq bizim əsas missiyamız millətin savaş və mübarizə ruhunu özünə qaytarmaqdır. Bizim başlıca məqsədimiz bu yöndə bütün milli düşüncə, fikir,  ideya və dava insanlarını bir idelogiya ətrafinda və  bir mərkəzdə birləşdirməkdir. Əmin olun ki, yaxın gələcək Türkün,  Türk Dünyasının birliyinə gedir.  Azərbaycan Türkü öz istiqalına və bütövlüyünə doğru addımlayacaq və hədəflərinə catacaq. Bunun üçün bizlərə düşən ən əsas vəzifə durmadan milli təbliğatı gücləndirmək, xalqı milli oyanışına gətirməkdir. Hər birimizin şərəf və vicdan borcudur ki, əl -ələ verib çiyin -çiyinə addımlamaqla buna nail olaq.

Elşən Əlisoy