“Bu Vətən onu parçalayanların yox, bütövləşdirənlərin vətənidir…”

“Separatçı Fəxrəddin Abbasovun azadlığını tələb etmək insan haqlarını qorumağa yox, pozmağa xidmət edir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

“Çünki Fəxrəddin Abbasov etnik-milli münaqişə yaratmağa cəhd etməklə tarixən dost, qardaş, hətta ailə olan Azərbaycan türkləri ilə talışları düşmən etməyə çalışır. İstədiyinə nail olarsa on minlərlə ailə düşmən olacaq, insanlar həyatlarını itirəcək. Azərbaycan dövlətini parçalamağa cəhd edənləri müdafiə etmək insan haqlarını qorumaq yox, gələcəkdə insanların haqqını pozmağa rəvac verənləri qorumaqdır. Fəxrəddini müdafiə etmək Zori Balayanı, Silva Kaputikyanı, Köçəryanı, Sarkisyanı, Ohanyanı müdafiə etməkdir…

Kimsə bundan sui-istifadə etməsin. Fəxrəddin və bu qəbildən olanlar təkcə Azərbaycan düşməni deyillər, insanlığın, sülhün, barışın düşmənləridirlər. Azərbaycanda vətəndaşların haqları pozulur, lakin etnik-milli zəmində deyil. Məhkəmələr azad deyil, sifarişli qərarlar çıxardır, lakin etnik azlıqlara qarşı deyil, hamıya münasibətdə. Bu ölkə türkü, talışı, ləzgisi, avarı, kürdü, tatı, ingiloyu, saxuru, qırızı, yəhudisi ilə gözəldir…

Biz Azərbaycan insanını dilinə, dininə, millətinə görə sevmirik – AZƏRBAYCANA münasibətinə görə sevirik. Kim bu cənnət Vətəni sevəcəksə onunla sonsuza qədər birlikdəyik, kim xəyanət edəcəksə qarşısındayıq… Gəlin birlikdə güclü Azərbaycan quraq – insan haqlarının qorunduğu, ərazisi işğaldan azad olunmuş, demokratik Azərbaycan… Bu Vətən onu parçalayanların yox, bütövləşdirənlərin vətənidir…

Beynəlxalq təşkilatlar Fəxrəddin Abbasovu siyasi məhbus kimi müdafiə etməyə çalışırlar. Hüquq müdafiəçilərindən, siyasi institutlardan, jurnalistlərdən xahiş edirəm bu addımı birgə durduraq ku, heç kim bu vətəni bölməyə həvəslənməsin, onları kiminsə müdafiə edəcəyinə əmin olmasınlar. Cinayətkarın da hüquqları var, heç bir məhkuma və ya təqsirləndirilən şəxsə qarşı CPM-nin tələblərinin pozulmasını istəmirik, olacaqsa o şəxslərin haqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Lakin ölkəni parçalamaq istəyənlərin də siyasi məhbus kimi tanınmasına yol verməməliyik…” – İ.Ağazadə qeyd edib.

Facebook Comments