“Bu “unutqanlığın” nəticəsidir ki, separatçılar BMT-ni özlərinin tribunasına çeviriblər”

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması, onun saytında yerləşdirilməsi yolverilməz və qəbulolunmazdır. Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı ardıcıl olaraq, 4 qətnamə qəbul edən, Ermənistanın işğalçılığını, təcavüzkarlığını pisləyən və işğalçı qoşunların qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən bir beynəlxalq qurum kimi, BMT-nin ən azı buna imkan və yol verməməsi lazım idi. Özü də, bu, birinci dəfə olsaydı, bəlkə buna bir o qədər fikir verməmək, adi bir xəta, səhlənkarlıq kimi qiymətləndirmək olardı. Ancaq, bu, artıq ikinci faktdır, ikinci təxribatdır.

Sozcu.az xəbər verir ki, Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

Millət vəkilinin dediyinə görə, bu, təsadüfi sayıla bilməz və çox təhlükəli bir tendensiyadan xəbər verir.

“Çünki sabah “DQR” kimi digər separatçı rejimlər də, BMT-nin rəsmi internet saytını öz maraqları üçün istifadə, öz cinayətlərinə, işğalçılıq, təcavüzkarlıq, separatçılıq əməllərinə “haqq” qazandıra və cəzasızlıq mühitindən istifadə edib, növbəti qanunsuz və təxribatçılıq əməllərinə, növbəti məkrli planlarının reallaşdırılmasına cəhd edə bilərlər. Ona görə BMT kimi bir qurumun separatçıların, işğalçıların bu cür stimullaşdırılmasına imkan, yol verməsi mümkün olmamalıdır, bu, heç cür qəbuledilən və bağışlanılan bir addım, fəaliyyət sayıla bilməz.

BMT bu cür məsələlərdə çox diqqətli, çox həssas olmalıdır, daşıdığı, yerinə yetirməli olduğu missiyasının fərqinə varmalı, məsuliyyətini dərk etməli, separatçıların, işğalçıların tribunasına çevrilməməlidir. Onsuz da ildən-ilə bu qurumun nüfuzu, çəkisi, təsir günü, ona olan inam və etibar aşağı düşür, zəifləyir. Çünki bu qurum öz missiyasını, öz funksiyasını axıracan yerinə yetirə bilmir, bəzi siyasi və fövqəl güclərin əlində alətə, dişsiz bir quruma çevrilir. Əgər bu qurum öz nüfuzunu, öz çəkisini artırmağı düşünürsə, bu cür dişsiz fəaliyyətindən, bir çox həqiqətləri və reallıqları görməzdən gəlməsindən əl çəkməli, öz missiyasını axıracan dərk edib, ona uyğun davranmalı, qəbul etdiyi qətnamələrin, sadəcə, quru kağız üzərində qalmamasına çalışmalı, onların icrasına yönəlik addımlar atmalı, təsir-təzyiq mexanizmlərini işə salmalıdır.

Bu qurum 26 il öncə qəbul etdiyi qətnamələri, onu icra etməli olanları və ötən illər ərzində o icradan yayınanları da unutmamalıdır. Görün elə bu “unutqanlığın” nəticəsidir ki, Dağlıq Qarabağ separatçıları bu qurumu özlərinin az qala ruporuna, tribunasına çeviriblər. Odur ki, artıq bir an olsun belə gecikməmək şərti ilə bu qurum öz səhvlərindən, yanlışlıqlarından nəticə çıxarmalı, onun tribunasını öz məkrli məqdsədləri naminə istifadə etməyə çalışan separatçıları, onların dəstəkçilərini, Ermənistanı yerində oturtmalıdır. Bu, onun missiyası, borcu və vəzifəsidir. Biz də 31 il ərzində təcavüzə və işğala məruz qalan bir ölkə, bir millət bolaraq, bunu BMT-dən tələb edirik və gözləyirik. Artıq separatçıların, işğalçıların, Ermənistanın nazı ilə oynamağın vaxtı keçib, özü də lap çoxdan keçib…”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Həmçinin, xatırladaq ki, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva da bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

“Qeyd etmək istərdim ki, Ermənistan BMT-də üzvlük haqqından sui istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb. Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir.

Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq”.

Facebook Comments