“Bu rejimdən aldığım zərbəni, AXC-MÜSAVAT iqtidarından hiss etmədim” -Eldar Sabiroğlu

“Həyatımda bu qədər ağır sarsıntı keşirməmişdim. Rüfət Səfərovun səhhət problemləri sanki dünyamı dəyişdirdi. Allah heç kimi övladı ilə sınağa çəkməsin. Bunlardan nə desən gözləmək olarmış. Vaxtında bu acı həqiqəti dərk etmədiyimi etiraf edirəm. Rüfət illərlə müdafiə etdiyim siyasətin qurbanıdır”

Sozcu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu, oğlu Rüfət Səfərovun həbsxanada gördüyü işgəncələrlə bağlı yazdığı növbəti yazısında bildirib:

“Mən belə tanımamışdım İlham Əliyevi. Bu rejimdən aldığım zərbəni vaxtı ilə haqlarında ən kəskin sözü, tənqidi əsirgəmədiyim Vəzirov, Mütəllibov hakimiyyətindən görmədim. Nə də belə münasibəti sutkanın 24 saatını əleyhlərinə mübarizə apardığım bir illik AXC-MÜSAVAT iqtidarından hiss etmədim. İlham Əliyev isə bütün amansızlıqları ilə mənə və ailəmə bu üzüntünü yaşatmağı özünə rəva gördü. İndi məni sağdan-soldan budayırlar. Nədən ki , zamanında bu hakimiyyəti müdafiə etmişəm.

Oğlum heç bir günahın sahibi deyildi. Onu sözünə görə cəzalandıran hakimiyyət qisasını axır ki, ağır şəkildə Rüfətdən almış oldu. İmanımı yandırıb deyə bilmərəm ki, oğlumu bu xəstəliyə məxsusi olaraq yoluxdurublar. Ancaq bu rejimin ədalətsiz olaraq həbsxanaya atdığı bir gəncin taleyinə vurduğu zərbə aşkardır.

Müstəntiq vəzifəsi hüquq mühafizə orqanlarında onəmli peşə sayılır. Bunu və öncəki aramızda olan münasibəti nəzərə alıb dövlət rəhbəri kimi müstəntiqi və Baş Prokuroru birlikdə qəbul edib Rüfətə ərkyana öz yerini göstərməklə Zakir Qaralovdan səbəbini sormaq o qədərmi çətinmiş. Ancaq bunun əvəzinə biz qamçılandıq. Ata Abdullayevlə şəkil çəkdirən prezident olmazdımı ki, bu işi də görmüş olaydı…”