“Bu müharibəni biz başlamadıq, amma onu biz bitirməliyik” – Misilsiz inauqurasiya…

Vladimir Zelenski rəsmən Ukraynanın prezidenti oldu – Ali Radada and içdi. Zelenskinin andiçməsi, abartmadan demək olar ki, özündən əvvəlki prezidentlərin inauqurasiya çıxışları içərisində ən parlağı idi. Çünki Zelenski xalqla adam dilində danışdı. O, Ali Radanın buraxıldığını elan etdi və “ukraynalılar ağlamasın” deyə hər şeyi etməyə söz verdi.

Moderator.az Vladimir Zelenskinin andiçmə mərasimindəki çıxışının tam mətnini tərcümə edib diqqətinizə çatdırır. Bu, demokratiya yolu tutmaq istəyən postsovet respublikaları üçün əsl nümunə ola biləcək bir andiçmə mərasimi və çıxışdır.

“Hörmətli Ukraynalılar! Seçkiləri qazandıqdan sonra mənim altı yaşlı oğlum dedi: “Ata, Zelenski prezidentdir, belə çıxır ki, mən də prezidentəm”. O vaxt bu, bir zarafat kimi səsləndi və sonra mən başa düşdüm ki, əslində, bu həqiqətdir, çünki hər biriniz prezidentdir.
Mənə ukraynalıların 73 faizi səs verməyib, ukraynalıların 100 faizi mənə səs verib. Bu mənim deyil, bu bizim ümumi qələbəmizdir və bu bizim ümumi şansımızdır ki, qarşısında hamımız məsuliyyət daşıyırıq. Və elə indicə yalnız mən and içmədim, bizim hər birimiz konstitusiyaya əl qoyduq və hər birimiz Ukraynaya sadiq olacağımıza and içdik.
Qışqırdıcı başlıqları təssəvvür edin: “Prezident vergi ödəmir, sərxoş halda qırmızı işıqda keçdi, bir az oğurlayır, ona görə ki, hər kəs bunu edir “. Bu gündən etibarən hər birimiz övladlarımız üçün qoyacağımız Ukrayna üçün məsuliyyət daşıyırıq. Hər birimiz öz yerimizdə ölkənin inkişafı üçün hər şeyi edə bilərik.

Avropa ölkəsi hər birimizdən başlayır. Bəli, biz Avropa yolunu seçmişik. Amma Avropa haradasa deyil, Avropa – bax buradadır (barmağı ilə başını göstərir). Və Avropa burada olduqda, Ukrayna da olacaq. Və bu, bizim ümumi arzumuzdur.
Ancaq bizim ümumi dərdimiz də var. Hər birimiz Donbasda həlak oldu. Hər gün biz hər birimizi itiririk. Və hər birimiz köçkünük. Və evini itirmişlər də, öz evinin qapılarını açıb bu ağrını bölüşənlər də.
Hər birimiz qazanc arxasınca yola düşdük. Öz evində deyil, yad yerlərdə qazanc tapanlar və buna qarşı mübarizədə olanlar öz ləyaqətini itirməyə məcburdurlar.
Amma, biz hamımız bunun öhdəsindən gələcəyik. Çünki, hər birimiz ukraynalıyıq. Biz hamımız ukraynalıyıq, əksəriyyət, azlıq, düz olanlar, səhv edənlər – Çerniqovdan Simferopola qədər, Lvovda, Xarkovda, Dneprdə, Odessada – biz hamımız ukraynalıyıq. Və biz bir olmalıyıq, çünki yalnız o zaman güclü oluruq.
Bu gün mən dünyadakı bütün ukraynalılara müraciət edirəm. Biz 65 milyonuq. Bəli, təəccüblənməyin – Ukrayna torpağının dünyaya gətirdikləri. Ukraynalılar Asiyada, Şimali və Cənubi Amerikada, Avstraliya və Afrikada var – mən planetdəki bütün ukraynalılara müraciət edirəm. Siz bizə çox lazımsınız. Kim yeni, güclü, uğurlu Ukraynanın arxasında durmağa hazırdırsa, mən sevinclə ona Ukrayna vətəndaşlığı verəcəm.

Siz Ukraynaya qonaq kimi gəlməməlisiniz, Siz evinizə gəlirsiniz, biz sizləri gözləyirik. Xaricdən süvenir gətirmək lazım deyil. Xahiş edirik, bizə biliyinizi, təcrübənizi və mental dəyərlərinizi gətirin. Bütün bunlar bizə yeni bir dövr başlamağa kömək edəcək.
Skeptiklər deyəcəklər ki, bu fantastikadır, bu qeyri-mümkündür. Bəlkə, bu, bizim milli ideyamızdır – birləşib, hər şeyin acığına mümkün olmayanları həyata keçirək.
Avropa çempionatında İslandiya yığmasını yadınıza salın. Diş həkimi, rejissor, pilot, tələbə və təmizləyici ölkəsinin şərəfini qorudu və bunu bacardılar, amma heç kim inanmırdı.
Bu bizim yolumuzdur. Biz futbolda islandiyalı, öz torpaqlarını müdafiə etməkdə israilli, texnologiyada yapon,müxtəlifliyə görə heç kəsə fərq qoymadan, bir-biri ilə xoşbəxt yaşamaq qabiliyyəti olan isveçrəlilər olmalıyıq.
Və ilk vəzifəmiz Donbasda müharibəni dayandırmaqdır. (Çox uzun alqış). Məndən tez-tez soruşurdular – nəyin müqabilində atəşkəsə hazırsınız?
Qəribə sualdır. Bəs, siz, ukraynalılar, sizə doğma olan insanların həyatı üçün nəyə hazırsınız? Nəyə?!
Mən sizi əmin edirəm ki, qəhrəmanlarımızın həlak olmaması üçün mən hər şeyi etməyə hazıram.
Mən populyarlığımı, reytinqimi itirməyə hazıram, əgər gərəkirsə, mən vəzifəmi də itirməyə hazıram, təki sülh olsun. (Alqışlar).

Torpaqlarımızı itirmədən, başqa cür ola bilməz! (Alqışlar, hamı ayağa qalxır).
Tarix ədalətsizdir, bu doğrudur. Bu müharibəni biz başlamadıq. Biz başlamadıq, amma onu biz bitirməliyik. Və biz dialoqa hazırıq (rus dilinə keçir) amma əminəm ki, bu dialoqa başlamaq üçün ilk addım bütün ukraynalı əsirlərin qaytarılması olacaq.
Bizim növbəti çağırışımız itirilmiş ərazilərin qaytarılmasıdır. Doğrusu, bu şəkildə çatdırmaq o qədər də korrekt deyil,- axı iş ondadır ki, qanuna görə bu torpaqlar bizimdir. Krım da, Donbass da Ukrayna torpağıdır. Orda yalnız əraziləri itirməmişik, biz ən başlıca olanı itirmişik- insanları. Və bu gün bizə sadəcə (yenidən rus dilinə keçir) onların şüurunu qaytarmaq lazımdır. Biz bu anlayışı itirdik. Bu İllər ərzində hakimiyyət, onların özlərini ukraynalı hiss etməkləri üçün heç nə etmədi.
Onlar yad deyillər, onlar bizimkilərdir.Onlar ukraynalılardır.
(Deputat Lyaşko salondan nəsə çığırır) Onlar Ukrayna dilini baş düşürlər. Sağ olun ki, hələ də adamları bölməyə davam edirsiniz, pan Lyaşko.
Bəli, harda yaşamamızdan asılı olmayaraq hamımız ukraynalılarıq. Ona görə ki, ukraynalı – pasportda yazı deyil, Ukrayna –burdadır( ürəyini göstərir)
Mən bunu dəqiq bilirəm, bunu Ukraynanı müdafiə edən döyüşçülərdən, qəhrəmanlarımızdan, həm ukraynaca danışan, həm də rusca danışanlardan bilirəm. Ölkəsindən ötrü can vermiş insanalara hakimiyyətin hörmət etmədiyi yerdə güclü ordu ola bilməz. Hər gün də o canı verirlər.

Əlimdən gələn hər şeyi edəcəyəm ki, siz o hörməti hiss edəsiniz. Bu, layiqli, ən əsası, sabit maliyyə təminatı, bu sizin mənzil şəraitiniz, döyüş tapşırığı yerinə yetirildikdən sonra qanuni məzuniyyətiniz, sizin və ailəniz üçün istirahət deməkdir. NATO standartlarından danışmaq yox, onu yaratmaq lazımdır, o standartları yaratmaq lazımdır.
Əlbəttə ki, müharibədən başqa da ukraynalıları bədbəxt edən çox fəlakətlər var. Bu şok edən tariflər, alçaldıcı maaşlar və təqaüdlər , ağrılı qiymətlər, mövcud olmayan iş yerləridir. Bu səhiyyədir ki, onun yaxşılaşdırılması haqqında hamıdan çox danışanlar adi xəstəxanalarda uşaqla yatmayıblar. Bu, mifik Ukrayna yollarıdır ki, onu yalnız kiminsə şiddətli fantaziyalarında salırlar və təmir edirlər.

İcazə verin indi mən sonralar əla Amerika prezidenti olmuş, bir Amerika aktyorundan sitat gətirim: “Hökümət bizim problemlərimizi həll etmir, hökumət elə bizim problemlərimizdir”. Bu yalnız bir sitatdır. Düzünü desək, mən anlamıram, hökumətimiz, yalnız əllərini yelləyir və deyir: “Biz heç bir şey edə bilmərik”. Doğru deyil, edə bilərsiniz.
Bir kağız, bir qələm götürüb iş yerlərini azad edin, gələcək seçkilər haqqında deyil, gələcək nəsillər haqqında düşünənlər üçün tərk edin. Düşünürəm ki, insanlar bunu qiymətləndirəcəklər. Və mənim seçilməyim sübut edir ki,vətəndaşlar 28 il ərzində təcrübəli, sistemli, şişirdilmiş siyasilərdən yorulublar. Onlar ölkəni otkatlar, pul axınları, derbanların( narkotika düzəltmək üçün çətənə toplusu-tərcümə) mümkün olduğu yerə çeviriblər.
Biz başqa imkanların olacağı bir ölkəni quracağıq. Orda hamı qanun qarşısında bərabərdir, orda təmiz və şəffaf oyun qaydaları var, birimiz hamı üçündür. Bunun üçün hakimiyyətə xalqa xidmət edən adamlar gəlməlidir.

Və mən istəmirəm ki, sizin kabinetlərdə mənim təsvirlərim olsun, lütfən, mənim portretlərim olmasın, ona görə ki, prezident ikona deyil, büt deyil. Prezident- portret deyil. Ora öz uşaqlarınızın şəkillərini asın və qərar verməzdən əvvəl onların gözlərinə baxın.
Bilirsiniz, mən hələ çox söz deyə bilərəm, amma ukraynalılar söz yox, əməl istəyirlər. Ona görə də… Hörmətli deputatlar, inauqurasiyanı bazar ertəsinə siz təyin etmisiniz, iş gününə. Mən burda müsbət məna görürəm. Bu o deməkdir ki, axşam əyləncə gecəsi olmayacaq, sizinlə işləyəcəyik.
Və buna görə sizdən deputat toxunulmazlığının ləğv edilməsi haqqında, qanunsuz varlanmaya görə cinayət məsuliyyətinə cəlb edilmə haqqında , çox əzablar görmüş Seçki Məcəlləsi haqqında qanun qəbul edəsiniz. Eyni zamanda, Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbərinin, Ukraynanın Baş prokurorunun, Ukrayna Müdafiə Nazirinin vəzifədən azad olunmasını sizdən xahiş edirəm. Və bu, edə biləcəyiniz hər şey deyil, amma başlanğıc üçün kifayətdir.

Bunun üçün iki ay vaxtınız olacaq. Bunu edin və medalları özünüzə asın. Erkən parlament seçkiləri üçün məqamdır. Mən Ali Radanın səkkizinci çağırışını buraxıram. Ukraynaya eşq olsun! Və Sizə təşəkkür edirəm.
Və nəhayət, çox qısaca: əziz xalq, həyatım boyunca hər şey etməyə çalşmışam ki, ukraynalıların üzündə təbəssüm olsun. Bunu mən ürəyimlə hiss etdim – bu, yalnız mənim işim deyil, bu həm də mənim missiyamdır. Ukraynalılar, önümüzdəki beş ildə hər şeyi edəcəyəm ki, siz ağlamayasınız. Sağ olun”

Sozcu.az