“Bu gün ona görə narahatam ki, İlham və Fərizə yetim qalıb…”

“Milyonlarla mənim kimi insanlar gəlib-gedəcək, amma İlham və Fərizə getdikcə, bu xalq üçün daha da şirinləşəcək, bu xalqın başını uca edəcək, Azərbaycan xalqı dünyaya onları nümunə göstərəcək”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında 20 Yanvar şəhidi İlhamın qardaşı Elxan Allahverdiyev deyib.

O, şəhid qardaşının və həyat yoldaşının adının əbədiləşdirilməsinin vacibliyini vurğulayıb:

“İlham və Fərizə tarixdi, onlar unudulası deyil. Mən də İlhamın qardaşı kimi narahatam. Amma İlham və Fərizə Azərbaycan tarixinin bir parçasıdır. Milyonlarla mənim kimi insanlar gəlib-gedəcək, amma zaman keçdikcə İlham və Fərizə bu xalq üçün daha da şirinləşəcək, bu xalqın başını uca edəcək, Azərbaycan xalqı dünyaya onları nümunə göstərəcək. Mən istəyərdim ki, dövlətimiz onların toy günü vətənpərvərliklə bağlı müsabiqə təşkil edərdi və ya bir park salıb gənclərimizə ərməğan edərdi. Belə bir şey olsaydı, biz çox sevinərdik. Hər dəfə gənclərimiz toy günü İlham və Fərizənin məzarını ziyarət edib, gül dəstələri qoyardılar, amma təəssüflər olsun ki, indi o gənclərimizin sayı azalıb. Mən də bir qardaş kimi ona görə narahatam ki, İlham və Fərizə bu gün yetim qalıb, valideynləri yoxdur. Mən də son nəfəsimə qədər onların təbliğ olunması üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, bu gün İlham və Fərizənin toy günüdür.

Facebook Comments