Bu gün istiqlalçı millət vəkili Məryəm Həsənovanın vəfat etdiyi gündür

1938-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda 190 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Həyatının sonrakı mərhələləri Siyəzən rayonunda keçmişdir.

Bir müddət Siyəzən rayonunda direktor vəzifəsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. 2010-cu ildə işdən çıxmışdır.

İstiqlalçı 43 deputatdan biri və yeganə qadın üzvü olmuşdur.

1990-cı ilin sentyabr ayının 30-da deputat seçilməsi elan edildikdən az sonra, 6 oktyabrda qardaşı, qardaşının həyat yoldaşı, bacısı, bacısı oğlu avtomobil qəzasına düşərək həlak olmuşdur. Ondan sonra həyatının sonuna qədər başına qara yaylıq örtmüşdür.

Anasının xahişi ilə ailə həyatı qurmuş və həyat yoldaşını 2009-cu ildə itirmişdir. Övladları olmamışdır.

Milli Məclisə seçilməsi və fəaliyyəti

1990-cı il 6 oktyabrda Milli Məclisə deputat seçilir. 1990-1995-ci illərdə cəmi 51 nəfərdən ibarət olan Azəbaycan parlamentinin yeganə qadın üzvü olan Məryəm Həsənova 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, “Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olmuşdur.

Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqil olması üçün mübarizə aparan Demblokun 25 üzvündən biri olan M.Həsənova vaxtilə Azərbaycan Ali Sovetinin məşhur 4-cü mikrofonda ilk çıxış edən deputatdır. İndiki Siyəzən rayonunun yaradılmasında onun xüsusi rolu var. O zaman məhz onun təklifindən sonra rayon təşkil edilib.

Xatirəsi

Müstəqillik haqqında dövlət aktının qəbul olunduğu günü belə xatırlayır:

“Ən şərəfli gün kimi. Həmin gün sevincimdən hönkür-hönkür ağladım. O gün Milli Məclisin zalında şəkil çəkdirdilər. Digərləri kişilər idi deyə, mən getmək istəmirdim. Məni güclə dartıb apardılar. Ona görə də bir qolum düşüb, yumruğumu sıxdığım yerdə. Amma o anları mən həyatımın ən gözəl anları sayıram. Elə bilirdim ki, cənnətin qapısı ağzındayam. Bundan şərəfli, bundan gözəl gün ola bilməzdi. ”
Milli Məclisə seçilməsini belə xatırlayır:

“O zaman Zarat kənd məktəbində direktor işləyirdim. Maşın-maşın adamlar gəldi ki, bəs, biz bu işə qoşuluruq, sizin namizədliyinizi irəli sürürük. ”

Vəfatı

Məryəm Həsənova uzun sürən xəstəlikdən sonra 29 iyul 2018-ci il tarixində Bakıda dünyasını dəyişmişdir. Siyəzəndə dəfn olunub.

Facebook Comments