Bu gün Azərbaycanın Müstəqillik Günüdür

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycan dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya aktı qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası özünü bolşevik işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan edib.

Konstitusiya aktına əsasən milli və dini mıənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara bərabərhüquqluluq zəmanəti verilir.

2006-cı ilə kimi 18 oktyabr həm bayram, həm də qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sıarsaından çıxarıb. Bu tarixlə bağlı iqtidar dövlət səviyyəsində hər hansı tədbir keçirmir.

İqtidar Konstitusiya aktını qəbul edən o zamankı “Demokratik Blok”dan olan deputatların xidmətlərini qanunsuz olaraq aşağılayır. Onlara hətta deputat təqaüdü belə müəyyən olunmayıb, amma kommunist blokundan olan və 1991-ci ilin martında SSRİ-nin saxlanmasına səs verən deputatlar müstəqillik dövründə də yüksək dövlət vəzifələri tutmaqdadır.

Müstəqillik Aktının hazırlanmasına dair yaradılan komissiyanın sədri Hacıbaba Əzimov olub. H.Əzimov bildirir ki, 18 oktyabrda 350 deputatın 100 nəfəri akta səs verməkdən yayınmaq üçün iclasa gəlməmişdi: “Bəziləri foyeyə çıxaraq kvorumu pozmağa cəhdlər göstərirdilər. İclasda iştirak edən 258 nəfər hər maddə üzrə səsvermədə iştirak ediblər. Akt sonda bütövlükdə səsə qoyulanda məsələnin gerçəkləşdiyini görüb səs verdilər. Həmin insanlar müstəqilliyə səs verdiklərini iddia edə bilərlər. Amma hər səs verən deputat Müstəqillik Aktının qəbul olunmasında iştirak etməyib. Məsələ akta imza atmağa gələndə geri çəkildilər. Müstəqillik aktına imza atan 43 nəfərin heç də hamısı Demblokun üzvü olmayıb. Amma onlar Azərbaycanın SSRİ-nin tərkibində saxlanmasının əleyhinə çıxdılar. Müstəqillik Aktına 43 nəfər imza atmağa özündə cəsarət tapdı”.

Redaksiya adından: Əbülfəz Elçibəyin liderliyi ilə formalaşan və Azərbaycanı istiqlaliyyətinə qoşuşduran Milli Azadlıq Hərəkatının bütün qəhramanları qarşısında baş əyir, bu gün aramızda olmayan, dünyasını dəyişmiş hərəkatçılarımızın ruhlarını hörmətlə yad edirik.

Facebook Comments