Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü – Azərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:
“Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.”Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.

Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi:

“Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin.

“ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-islam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi “türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini” (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng “türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur”.

Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:

“Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu…Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır. ”

Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş “Bir yaş” adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi:
“Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur. “