Bu günə kimi Azərbaycanda nə qədər neft hasil olunub? – Foto

“Azərbaycanın orta gündəlik neft hasilatı 770 min barreldir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov sədrlik etdiyi Milli Neft Komitəsinin illik hesabat və gələcəyə baxış iclasında deyib. Nazir qeyd edib ki, Azərbaycan hər zaman neft sahəsində çox fəal bir dövlət olub:

““Şahdəniz” layihəsi Azərbaycanı neft ölkəsi olmaqla yanaşı, qaz ölkəsinə də çevirib. Bugünkü günə kimi ölkəmizdə 2 milyard 58 milyon ton neft hasil olunub ki, onun da 746 milyonu müstəqillik dövrünə aiddir. Hazırda isə orta gündəlik neft hasilatı təxminən 770 min bareldir”.

Nazir çıxışında qeyd edib ki, “Dünya Neft Şurası”nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün Bakı namizədliyini irəli sürüb.

Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev və digər komitə üzvlərinin iştirakı nəzərdə tutulub.

***

24-cü Dünya Neft Konqresinə namizəd cari ilin iyun ayinda Sankt-peterburq şəhərində keçiriləcək növbəti iclas zamanı gizli səsvermə ilə müəyyən ediləcək. Bu barədə məlumatı Energetika nazirinin müavini Elnur Sultanov verib. O, qeyd edib ki, Azərbaycanla yanaşı Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır.

Daha sonra Milli Neft Komitəsinin illik fəaliyyətinə dair hesabat dinlənilib. Komitənin İdarəetmə aparatının rəhbəri Nazim Vəliyev Milli Neft Komitəsinin ölkəmizin neft-qaz sektorundakı maraqlarını “Dünya Neft Şurası” beynəlxalq təşkilatında fəal təmsil etdiyini vurğulayıb.