“Bu “ənənə” illərdir dövlət mülkiyyətində olan monopolist müəssələr tərəfindən formalaşıb”

Avqust ayının 7-də Azərbaycan Respublikası Prezidenti Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzaladı. Heç şübhəsiz, Prezident bu addımı dövlət mülkiyyətində olub, bazara məhsul və xidmətlər təqdim edən monopolist müəssisələrin fəaliyyətindəki neqativ halları aradan qaldırmaq məqsədilə atdı.

Monopolist dövlət müəssisələrinin bazara təqdim etdikləri məhsulların və xidmətlərin qiymətlərin formalaşmasında şəffaflığın və nəzarətin yox dərəcədə olması, son nəticədə həmən qiymətlərin əsassız şəkildə şişirdilməsinə gətirib çıxarır. Bütün problemlərin kökü buradadır. Bəs bu necə baş verir?

Məsələn, bir kilovat saat elektrik enerjisinin, bir kubmetr suyun və ya qazın, yaxud bir sərnişinin hər hansı bir istiqamətdə daşınmasının son qiyməti necə formalaşır? Məsələ olduqca sadədir. Məhsulun və xidmətlərin qiyməti əsasən onun hazırlanmasına çəkilən ayri-ayrı xərclərin – yəni məhsulun və ya xidmətin maya dəyəri hesabına formalaşır. Bu xərclərdə yol verilən şişirtmələr, son nəticədə həmin məhsulların qiymətinin də əsassız şişirdilməsinə gətirib çıxarır. Xərclərin şişirdilməsi müəssisənin fəaliyyətinin daha az mənfəəətlə və ya zərərlə yekunlaşmasına səbəb olur.

Məsələni bir qədər də detallaşdıraq. Əgər bu monopolist müəssisələrin istehsal etdikləri və ya göstərdikləri xidmətin maya dəyərinə daxil olan bir detalın real bazar qiyməti 1 manatdırsa, ancaq onlar bu detalı 3 manata alıb xərcə aid edirlərsə, deməli, o məhsulun son qiymətini də həmən məbləğ qədər şişirdərək müəssisənin mənfəətini bir o qədər azaldırlar. Müəssisənin mənfəəti məhsul satışından və xidmət göstərilməsindən əldə olunan ümumi gəlirdən bu məhsul və xidmətlərə çəkilmiş cəmi xərclər çıxılmaqla müəyyən olunur. Əgər xərclər (bir detalın timsalında göstərdiyimiz kimi) 3 dəfə şişirdilirsə, deməli, mənfəət də 3 dəfə azalır. Mənfəətin 3 dəfə azalması isə o deməkdir ki, bu dövlət müəssisələri sonda büdcəyə ya heç nə ödəyə bilmirlər ya da büdcədən aldıqları vəsaitlərdən dəfələrlə az vergi ödəyirlər.

Bu “ənənə” illərlədir dövlət mülkiyyətində olan monopolist müəssələr tərəfindən formalaşıb. Onlar hər il büdcədən daha çox vəsait almağa cəhd edirlər. Çünki bu qaydada göstərdikləri səmərəsiz fəaliyyət həmən müəssisələrdə ciddi vəsait çatışmazlığı ilə nəticələnir. Xərclərin şəffaflığının təmin olunmasının yeganə doğru yolu isə bu müəssisələrin özəlləşdirilməsindən keçir. Əgər bir məhsulu və ya xidməti bazara bir müəssisə təqdim edirsə, deməli, o monopolist kimi öz şərtlərini diqtə edəcək. Artıq illlərlədir ki, biz SOCAR (xüsusilə Azəriqazın), AZAL, Azəreneji, Azərsu, Dəmir Yolları QSC və digər monopolistlər tərəfindən məhsul və xidmətlərin qiymətlərinin istehlakçılara necə diktə etdildiyinin şahidiyik.

Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor

Facebook Comments