“Bu dava tək Mübariz bəyin yox, MÜBARİZLƏRİN davasıdır!” – ELŞƏN ƏLİSOY

Elşən Əlisoy

Sozcu.az saytının təsisçisi

“Palmali” şirkətlər Qrupuna məxsus və Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi Liberiya bayraqlı “Doric Warrior” gəmisi tərəfindən dayandığı yerdə vurulub. Hadisənin özü qədər də maraqlı və düşündürücü olan tərəfi budur ki, sanki bəzi sifarişli mirzəlik edən mətbuat orqanları yatmayıb, bu hadisənin baş verəcəyi anı səbirsizliklə gözləyirmişlər. Hadisədən dərhal sonra, “Rəsulzadə gəmisi batdı” kimi başlıqlarla şirkətin sahibi olan azərbaycanlı iş adamı Mübariz Mənsimova qarşı çirkin kampaniya başladıldı. Normalda hadisənin səbəblərini araşdırmalı və azərbaycanlı iş adamına dəyən zərərə ən azından  təəsüflənməli olan Azərbaycanı mediasının bir çoxu bundan sevincək olub, “ağalarının” sifarişlərini icra etməyə başladılar. Həm də o adamların ki, onlar illərdir Azərbaycan dövlətinin içini qurd kimi yeyib, dövlətimizi çürüdüblər.

Son vaxtlar “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla Azərbaycanlı bəzi məmurlar arasında baş verən qarşılıqlı ittihamların şiddətləndiyi bir zamanda, Mübariz Mənsimovun gəmisinin vurulması ortaya haqlı şübhələr çıxarır. Əcaba, bu hadisədə bizim məmurların əli ola bilərmi? Məncə suala cavab verən əksər soydaşlarımız elə bu cür də fikirləşdiyini deyəcəklər.

Mübariz Mənsimova qarşı baş verən iftira kampaniyalarını mən Azərbaycanın sabahına qarşı açılan bir cəbhə hesab edirəm. 26 ildir mövcud hakimiyyətin idarəçiliyi altında yaşamağa məcbur olan biri olaraq bildiyim budur ki, Azərbaycan hakimiyətinin qorxduğu nə bu günki müxalifət nə də lidersiz qalan xalqdır. Azərbaycan hakimiyyətinin ən qorxduğu məsələ Azəbaycanda formalaşa biləcək Milli burjuaziyadır. Vətənpərvər insanların əlində olan maddi kapital Azərbaycan hakimiyyətinin gözünə atom bombasından da təhlükəli görünür.

Mən konkret hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan gəminin vurulması heç də təsadüfi hadisə və ya texniki nasazlıqdan yaranan qəza deyil. Azərbaycanda Rəsulzadənin büstünə torba keçirənlərlə, Rəsulzadənin adını silməyə çalışanlarla, Rəsulzadə gəmisini suların dibinə batırmaq istəyənlər eyni adamlar, eyni qüvvələrdir. Baş verən hadisə ilə bağlı obyektiv istintak işi aparılmalı, Azərbaycanlı olan və damarlarında kişi qanı axan, peşəsindən aslı olmayaraq hər bir insan Mübariz Mənsimovun yanında dayanmalıdır.

Bu dava tək Mübarizin bəyin yox, MÜBARİZLƏRİN davasıdır! Bu dava vətən davası, düşmən ideologiyası ilə milli ideologiyanın savaşıdır. Ən dəhşətlisi budur ki, Azərbaycana qarşı aparılan davanın maliyyəsi Azərbaycanın sərvətlərinin talanması hesabına əldə edilir.

Bu dava işğalçılarla, istiqlalçıların savaşıdır. Bunu tək Mübariz bəyin öhdəsinə buraxmayaq, bu dava Məhəmməd Əmin Rəsulzadə davasıdır!

Mübariz Mənsimovun açıqlamasında belə bir maraqlı söz var: “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyük gəmidir. Ancaq buna rəğmən gəmimiz batmadı. Bizim gəmimizi kimsə batıra bilməz!”

Rəsulzadə ideologiyasına qarşı gələnlər də ondan 10 dəfə böyük idi. Ancaq indi onları heç torpaq da qəbul etmir, Rəsulzadənin bayrağı isə səmalarda dalğalanır.

BİZ QALİB GƏLƏCƏYİK!