“Bu, açıq-aşkar Azərbaycana müharibə elan etməkdir”

Sozcu.az Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun “Hürriyyət” qəzətinə müsahibəsini təqdim edir:
– İlyas müəllim, ermənilərlə aramızda yaşanan gərginlik azmış kimi, indi də yandan gürcülər çıxdı. Sizcə, niyə bütün qonşularımız bizim torpaqlarımıza göz dikirlər?

– Fikrimcə, Keşikçidağ gərginliyinin bir neçə səbəbi var. Bu səbəblərdən biri həmin monastrın gürcülər üçün daşıdığı mənəvi əhəmiyyətdən və Azərbaycanın öz tarixi dəyərlərinə sahib çıxa bilməməsindən qaynaqlanır. Əslində qədim albanlara aid olan bu məbədgah gürcülər tərəfindən öz kilsələri kimi qəbul edilib. Hələ sovet hakimiyyəti dövründə hər il həmin mədəbgahı ziyarət edən gürcülər dini bayramlarını keçirirdilər. Sovet hakimiyyəti dağıldıqdan sonra bu ziyarətlər intensivləşməyə başladı. Hazırda Gürcüstanın müxtəlif yerlərindən, demək olar ki, hər gün məbədgahın ziyarətinə gələnlər var. Görünür, Bakıda keçirilən idman yarışlarının təhlükəsiliyini təmin etmək üçün Azərbaycan hakimiyyəti müvəqqəti olaraq sərhədlərini bağlayıb və viza rejimini gücləndirib. Bu da Gürcüstanda etirazlara səbəb olub. Təəssüf ki, Gürcüstan rəsmiləri öz xalqını məlumatlandırmaq və sakitləşdirmək əvəzinə, odun üstünə yağ töküb. Gürcüstan prezidenti Salome Zurabişvili və digər siyasilər bundan özünüreklam üçün istifadə edərək populist çıxışları ilə iki qonşu dövlət arasında gərginliyin artmasına səbəb olublar.

Təbii ki, gürcülərin cəsarətlənməsində Azərbaycan hakimiyyətinin yanlış siyasətinin də önəmli payı var. Rəsmi Bakı Azərbaycanın torpaq bütünlüyünü və suverenliyini öz populist çıxışlarının obyektinə çevirən gürcü rəsmilərinə layiqli cavab verməli, sizin qeyd etdiyiniz soyuqqanlılığı göstərməməli idi. Çünki elə şeylər var ki, onlara soyuqqanlı yanaşmaq mümkün deyil. Torpaq, Vətən, suverenlik kimi məsələlər bir dövlətin namusudur. Ona gəc baxanlara zamanında layiqli cavab verilməlidir ki, digərləri də eyni səhvə həvəslənməsinlər. Ukraynanın sabiq prezidenti Leonid Kravçukun gözəl bir sözü var: “Mən Vətən torpağını başqa dövlətə verməklə ölüm arasında qalsam, ölümü seçərdim”. Məncə, əsl dövlət rəhbəri məhz bu anlayışla hərəkət etməlidir.

– Bayaq bir söz dediniz: “Keşikçidağ gərginliyinin başlıca səbəblərindən biri də Azərbaycanın öz tarixi dəyərlərinə sahib çıxa bilməməsidir”. Bu fikrinizi bir qədər açmanızı rica edərdim…

– Məlumdur ki, Keçikçidağ məbədi alban kilsəsinə məxsusdur. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra bu kilsəni ləğv edib, erməni və gürcü xristian məzhəblərinə birləşdirdi. Eyni dini dəyərləri paylaşdıqlarından alban kilsəsinə ibadət edən bir çox etnik qruplar bu iki xalqın içərisində əriyib yoxa çıxdılar. Ona görə də bəzi gürcü siyasilərinin Keşikçidağı öz tarixi məbədgahları sayması xeyli mübahisəlidir. Bu mübahisəyə isə, sözsüz ki, tədqiqatçılar aydınlıq gətirə bilərlər və bu yaxınlarda Azərbaycan Tarix İnstitutu Keşikçidağla bağlı bəyanat verərək, tarixi həqiqətləri ortaya qoydu.

Siz bilirsiniz ki, mən Tovuz rayonunda anadan olmuşam. Keşikçidağın yerləşdiyi Ağstafa rayonu bizimlə qonşudur. Kifayət qədər mütaliəyə önəm verən şəxs olduğumu demək, məncə, artıq olardı. Amma etiraf edim ki, Keşikçidağ mədəbi ilə bağlı ilk dəfə haqqında söhbət açdığım bəyanat veriləndən sonra məlumat almışam. Tarix İnstitutunun həm də gürcü mənbələrinə istinadən yaydığı həmin bəyanatda təqdim edilən faktlar bu məbədgahın gürcülərə aid olmadığını təkzibolunmaz dəlillərlə sübuta yetirir. Bu böyük əməyinə görə mən Tarix İnstitutuna təşəkkür edirəm. Bununla belə, onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan xalqının tarixi mirası əvvəlcədən öyrənilməli və məktəblilərə öyrədilməli idi.

Üstəlik, Azərbaycan babalarımızdan miras qalan bu tarixi abidələrin ziyarəti üzərində böyük turizm sektoru qura bilərdi. Bizimkilər isə başlarını Bakıdan kənara çıxarmaq istəmir, dünyanın mədəni mirasi kimi YUNESKO-nin siyahısına salınmış tarixi abidələri qorumaq əvəzinə, onların üzərində öz restoran bisneslərini inşa edib genişləndirirlər. Tariximizə bu cür biganə yanaşmağımızın məntiqi nəticəsidir ki, gürcülər, ermənilər və s. xalqlar bizim babalarımızın qoyub getdiyi abidələri ya özününküləşdirir, ya da məhv edirlər. Ən acınacaqlısı isə budur ki, Azərbaycan hökuməti Fransada, İtaliyada və s. kimi Qərb ölkələrindəki tarixi abidələrini bərpasına, arxeloji qazıntıların aparılmasına milyonlarla pul xərcləyir, öz abidələrimiz isə baxımsızlıqdan məhv olur.

– Deyirsiniz ki, gürcülərə layiqli cavab verməsək, bu, digərlərini də dövlətimizin namusu sayılan ərazi bütövlüyümüzə göz tikməyə həvəsləndirə bilər. Belə aydın olur ki, gürcüləri buna həvəsləndirən də bizim ermənilərə göstərdiyimiz soyuqqanlılığımızdır…

– Təbii ki, elədir. Mən “Torpaq dövlətin namusudur, ona tikilən göz vaxtında oyulmalıdır” deyərkən təkcə Gürcüstanı və ya Ermənistanı nəzərdə tutmuram. Ümumiyyətlə, bu kimi məsələlərə soyuqqanlı yanaşmağın heç bir siyasi əxlaqa, dövlətçilik maraqlarına uyğun olmadığını vurğulayıram. Siz o məsələdə haqlısınız ki, mövcud hakimiyyətin milli namus məsələsinə soyuqqanlı yanaşması Qarabağ konfliktinin həllində sərgilədiyi dişsiz siyasəti ilə başlayıb. Ermənilərin qarşısında özümüzü qorxaq aparmağımız gürcüləri də indiki nankorluğa həvəsləndirib. Azərbaycan əgər vaxtında Ermənistanın dərsini verə bilsəydi, səbəb nə olursa olsun, gürcü siyasilər əndazələrini bu qədər aşa bilməz, rəsmi Bakıyla nəzakətlə danışardılar. Amma danışmırlar, çünki kəramətimizə bələddirlər. Düşünürlər ki, bir az cəsur olsalar və ermənilər kimi xarici lobbilərini işə salsalar, Azərbaycan hakimiyyəti geri çəkiləcək.

– Amma ermənilərdən fərqli olaraq, bizim Gürcüstana çox böyük yardımlarımız olub. Rusiya Gürcüstanın bəzi ərazilərini işğal edəndə və enerji blokadasına alanda Azərbaycan böyük riskləri gözə alıb onları mavi yanacaqla təmin edib. Yəqin ki, bu köməyi göstərməsəydik, Gürcüstan adlı dövlət olmazdı. İndi belə, Gürcüstan iqtisadiyyatı Azərbaycanın enerji layihələrindən asılı vəziyyətdədir. Bəs niyə rəsmi Tiflis bütün bu avantajlarını itirəcəyindən çəkinmir?

– Görünür, Tiflisdə hesab edirlər ki, Azərbaycan öz enerji xətlərini Gürcüstan ərazisindən keçirməyə məhkumdur. Çünki bizim Qərbə yeganə çıxış yolumuz Gürcüstandır. Bu mənada, gürcülərin fikrincə, kimin kimdən asılı olduğu mübahisəlidir. Azərbaycanı bu cür çətin vəziyyətə salan isə indiki hakimiyyətin yanlış iqtisadi siyasətidir. Tamamilə neft-qaz nəqlinə əsaslanan və qeyri-neft sektorunu inkişaf etdirə bilməyən hakimiyyət həqiqətən də Azərbaycanı Gürcüstandan asılı vəziyyətə salıb. Təsəvvür edin ki, Gürcüstan qazı Rusiyadan alacağına dair ciddi mesajlar verir və bizimkilər təşvişə düşürlər. Halbuki, indiyədək ölkəmizə gələn neft gəlirlərindən səmərəli istifadə olunsaydı və korrupsiya yolu ilə dağıdılmasaydı, güclü qeyri-neft sektoru yaranar və iqtisadiyyatımız enerji kəmərlərindən asılılıqdan qurtulardı. Gürcüstanın bu cür təhdidləri Azərbaycana enerji kapitalı olmadan da özünü idarəetmə şansı verərdi. İndisə bu əməkdaşlıqdan imtina ediləcəyi təqdirdə kimin zərərli çıxacağı bəlli deyil.

Amma onu da vurğulamaq lazımdır ki, Keşikçidağ gərginliyinin heç bir tərəfə xeyir gətirməyəcəyi uzaqgörən gürcülər tərəfindən də başa düşülür, qeyd olunur. Gürcüstanın keçmiş prezidenti və bu ölkənin demokratikləşməsində, Qərbə inteqrasiyasında misilsiz rol oynamış Saakaşvili bu yaxınlarda verdiyi bəyanatda rəsmi Tiflisi sükuta çağırdı. Saakaşvilinin bu təşəbbüsü təqdirəlayiqdir.

– Söhbətimizdən belə başa düşdüm ki, siz qonşularla ləyaqətli tərəfdaşlığın açarını Qarabağ probleminin həllində görürsünüz. Sizcə, Azərbaycan hakimiyyəti bu istiqamətdə hansı addımları atmalıdır?

– Əlbəttə ki, elə olmalıdır. Öz milli-mənəvi dəyərlərinə qiymət verə bilməyən istənilən adamın haqqını tapdalayarlar, namusuna göz tikərlər. İnsan öz toxunulmazlığını əzmi ilə göstərməli və hər kəsə bunun nümunəsini göstərməlidir. Dövlətlər də insanlar kimidir. Ərazi bütövlüyünə, suverenliyinə, bayrağına və s. dövlət artributlarına ilk növbədə özün hörmətlə yanaşmalısan. Sənin bu həssasiyyətini görən qonşular da sənə hörmət göstərərlər. Şeyx Şamilin məşhur bir fikri var. Ondan “bir xalqın liderinə necə çevrildin” soruşulanda cavab verir:

“İlk əvvəl mənə evimdəkilər hörmət etdilər. Ailəmin bu sayğısını görüb, qonşularımız, kəndimiz mənə hörmət göstərməyə başladı. Kəndimizin münasibəti rayonumuzun hörmətini gətirdi. Rayonumuzun hörməti diyarımızın, ölkəmin hörmətilə nəticələndi”.

Şeyx Şamilin bu ibrətamiz fikirlərini Azərbaycana tətbiq etsək, xalqımıza, dövlətimizə, insanımıza, tarximizə və bu milləti millət edən bütün dəyərlərimizə ilk növbədə özümüz sayqı duymalıyıq. Bizim insanlarımıza göstərdiyimiz bu hörmət istər-istəməz xarici siyasətdə öz inikasını tapacaq. Biz isə özümüzə hörmət etmirik. İnsanlarımızın Gürcüstan, Rusiya sərhəddindəki gömrüklərdə başına gətirdiyimiz müsibətləri qonşularımız da görür. Nəticədə bizə onlar da hörmət qoymurlar. Sadə insanlarımız kimi, ölkə rəhbərlərimiz də bu hörmətsiz münasibətdən öz nəsibini alırlar. Yadınızdadırsa, bir zamanlar bizim rəsmilərimizi Cibutinin artıq devrilmiş diktatoru ilə yanaşı qəbul edir, bir yerdə oturdurdular. İndi Cibuti də öz diktatorunu yola saldı. Allah bilir, bundan sonra bizi kiminlə eyni sırada əyləşdirəcəklər.

Qarabağ probleminin həllinə gəlincə, mən bu barədə fikirlərimi dəfələrlə dilə gətirmişəm. Yenə də deyirəm: Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməli və problemi özü lazım gəlsə hərbi yolla həll etməlidir. Çünki Minsk qrupunun çıxaracağı qərarlar imperativ xarakter daşımır. Onlar yalnız tövsiyə verə bilərlər və bu tövsiyələrin həyata keçib-keçməməsi münaqişə tərəflərindən asılıdır. Ermənilərin həmin tövsiyələrə əməl etməyəcəyi isə ilk gündən bəllidir.

Üstəlik, son zamanlar erməni siyasi və dini xadimləri tamamilə azğınlaşıblar. Paşinyan açıq-aşkar Azərbaycanı təhdid edir, erməni kilsəsinin rəhbəri isə Qarabağı Ermənistana bağlamaqdan danışır. Bu, açıq-aşkar Azərbaycana qarşı müharibə elan etməkdir. Rəsmi Bakı isə bu erməni həyasızlığı qarşısında susur. Halbuki, dünənə qədər Azərbaycan ordusunun bir neçə gün ərzində İrəvanı tutacaq qədər güclü olduğunu söyləyən də bunlar idi. Onda niyə susurlar? Hakimiyyət ya bütün hərbi qüvvələrini səfərbər edib Qarabağı, ən azı 7 rayonu azad etməli, ya da istefaya getməldir.

Facebook Comments