BOZQURDUN MÜJDƏSİ

Elşən Əlisoy
Savalan dağının hər zaman dumanlı olan qarlı zirvəsi bir nura boyanmışdı. Savalanın uca sıldırım bir qayasının üstündə vüqarlı , iri sinəsini qabağa vermiş bir Bozqurd, üzünü Arazın bu tayına tutub ulayırdı.

Bozqurd sanki müjdə verirdi…

Bozqurd repressiya içində boğulan Azərbaycan xalqına Allah tərəfindən göndərilən bir xilaskar gəldiyini müjdələyirdi. Qoca Bozqurd illər idi ki, bu günü gözləyirdi. Müdrik Qurd Mustafa Kamal Atatürkün halından xəbərdar idi və bilirdi ki, Türklərin mərhəmətli Tanrısı Türk millətini Atatürkdən sonra kimsəsiz qoymayacaq. Ulu Tanrı mütləq Türk millətinə sahib duracaq birini göndərəcək.

Camaat da çoxdan idi ki, Savalanın zirvəsində Bozqurd ulaltısı eşitmirdi. Hamı sevinc içində idi . Tanrıdan müjdə gəlmişdi. Qoca Bozqurd üzünü Təbrizə tutaraq uca və vəhiməli səsi ilə ara vermədən ulayırdı. Bozqurd elə bil qolları qandallı, ikiyə bölünmüş Azərbaycana- xilaskarın gəldi,qollarına vurulan zəncirlər qırılacaq deyirdi. Arazın bu tayında, Kələki deyilən qədim Türk yurdunda ömrü iztirablar içində keçmiş Mehrinisə ana yeni doğulmuş körpəsinin sevincini yaşayırdı. Yeni doğulmuş körpəyə Kərbəla düzündə Azadlıq və haqq uğrunda şəhid olmuş Əbülfəzl Abbasın adını qoydular. Bu da Tanrının müjdələrindən biri idi. Çünki Tanrı bu körpənin qismətinə Azadlıq aşiqi olmağı yazmışdı.

Qoca Bozqurd Üzünü göylərə tutaraq Tanrıya dua edirdi. Qoca Bozqurd Tanrının göndərdiyi Əbülfəzə çox daşlar atılacağını bilirdi. Necə ki, o daşlar bir zaman Tanrının son peyğəmbərinə atılmışdı. Bozqurd o daşlar üçün dua edirdi. O daşları atan, qula çevrilmiş cahillərin hidayət olunması üçün dua edirdi. Qoca Bozqurd bilirdi ki, o daşı Əbülfəz Elçibəyə atanlar sonda o daşlar üçün çox peşiman olacaqlar və o daş atan əllərinə Tanrıdan bəla istəyəcəklər. Bax onda bu millət özünə qayıdacaq, öz kimliyini, Əbülfəz bəyin Tanrı tərəfindən xilaskar olaraq göndərildiyini biləcək.

Qoca Bozqurd bilirdi ! O bilirdi ki, Tanrının göndərdikləri heç zaman xalqına asi olmayacaq. Necə ki, Əbülfəz bəy dedi.” Mən Xalqdan razıyam – heç vaxt ondan narazı olmamışam və olada bilmərəm.Həmişə də deyirəm ki, insan Xaliqə yaxınlaşmaq istəyirsə xalqın içindən keçib getməlidir. Xaliqə ən yaxın yol xalqı sevməkdən keçir.” Həm də Əbülfəz bəy bu sözü ona atıan daşları bir yerə yığaraq deyirdi. Əbülfəz bəy o daşların itməyinə qorxurdu. Çünki, ona atılan o daşlar vətən daşları idi. Əbülfəz bəy, “Sevgim millətimə !Vurğunluğum Azadlığa və Ədalətə! İtaətim Müəllimlərimə !Borcum dostlarıma və məsləkdaşlarıma ! Nifrətim yalançılara və simasızlara” deyirdi Qoca Bozqurd, Əbülfəz bəyin millətin yaddaşını .kimliyini özünə qayıtmağına vasitə olacağını bilirdi. Qoca Bozqurd onu da bilirdi ki, xalq öz Elçisini tanıyacaq.

Qoca Bozqurd bilirdi ki, Əbülfəz Elçibəy Tanrıya qovuşduqdan sonra da onun adı bütövlük, azadlıq, özünə qayıdış vasitəsi olacaq.

Allah sənə rəhmət eləsin Bəy! Sənin getdiyin yol boş deyil. O yolun milyonlarla yolçusu var. İnşallah sənin arzularına çatacağıq.

Facebook Comments