BÖYÜK DİKTATORA QARŞI KİÇİK DİKTATOR

Şəbnəm Karslı

Heç nə yolunda getmir, Vətən deyib tutunacağımız torpaq parçasından qaçmağa çalışan minlərlə insanın tərk etdiyi məmləkətdə ümid qalmayıb. Siyasi təqiblər bir yandan insanları incidir, aclıq başqa yandan, hələ buna ədalətsizliyi, haqsızlığı əlavə etsək havanın rəngi daha da qara olur. Bütün bunları dəyişəcək qədər etirazçı kütlə var, demək olar ki, əhalinin böyük qismi potensial müxalifətçi, inqilabçıdır. Ama heç nə dəyişmir, dəyişəcək kimi də görünmür. Niyə?

Çünki Azərbaycan kütləsi təşkilatlana bilmir. Təşkilatlanma ideolojik prinsipləri əsas tutmadan öncə ədalət anlayışını bərqərar etməyi bacarmalıdır. Daha ortada ən bəsit ehtiyaclar təmin olunmamışkən insanları sağ, solmərkəzçi kimi bölmək absurddur. Cəmiyyət demokratiya və onunla bərabər gələcək ədaləti istəyir.

Lakin diktatorla mübarizə edirik dediyimizdə qarşı tərəfdə də kiçik diktator boy göstərir. Əli Kərimli. Ultra demokrat lider Elçibəydən miras qalmış təşkilatın kiçik monarxına çevrilmiş durumdadır, ən çox öz silahdaşlarını vurub. Məhz özünə rəqib gördüklərini. Təşkilatda sədrlik üçün namizədliyini irəli sürənlər bir anda “satqın” damğası yeyərək uzaqlaşdırılır (Sahib Kərimli nümunəsi sonuncu olub).

Dəhşətlisi isə Kərimlinin sosial medya ilə tanışlığı idi. Rauf Arifoğlu demiş, ölkədə trolların atası rolundadır. İfşa edilmiş screenlərdən də gördük ki, özünə qarşı kiçicik təhlükə görən kimi təşkilatındakı 20-25 nəfəri təlimatlandırır, onlar da əllərindəki yüzlərlə fake adlarla hücuma keçirlər. Öz aralarında “lider” hesab etdikləri bütün dəstəkçiləri fake hesablarla məşhurlaşıblar, zamanla hər biri tək-tək ifşa edilir. Ama əlbəttə, utanmaq bilmədən davam edirlər.

Hökümətlə mübarizə aparmaq bir yandan da kiçik formatı ilə mübarizəyə davam etmək yorucudur, insanlar siyasətdən iyrənməyə başladılar. Nəhayətində təşkilatlanma olduqca zəiflədi. Yeni liderlərin kəşf edilib dəstəklənməsi prosesini də kiçik diktator tərəfdaşları ləngidir.

Ölkədəki siyasi vəziyyəti izah etmək üçün əhvalat uydurmalı oldum. Təsəvvür edin ki, ölkədə şahmat turniri keçirilir. Vəli də turnir iştirakçısıdır. Turniri təşkil edən tərəf oyun qaydalarını müəyyən edir, şərtlər irəli sürür. Eyni zamanda Vəlinin necə şahmat oynadığını da bilir, onu necə məğlub etməyi də. Oyun başlamadan öncə oyun təşkilatçısı Vəlinin Vəlindən vəzirini, bir topunu, filini, 4-5 piyadasını alır. Deyir, belə oynayacaqsan. Vəli etiraz edir, ama gücü ancaq etiraz etməyə çatır, oyun qaydaları dəyişmir, əlində qalanlarla oyuna girir. Çünki bilir ki, turnirdən imtina etsə şahmatçı kimi Vəli oyun səhnəsindən silinəcək. Bir daha oyuna qatıla bilməyəcək.

Oyun təşkilatçısı yeni oyunçuların aktiv oyuna qatılmasına qarşıdır, çünki bilmir ki, yeni oyunçular necə oynayacaq. Həm qalib gəlib, turnirin təşkilatçısına da çevrilə bilərlər. Ona görə də yeni oyunçular gələndə onları oyundankənar vəziyyətə salır. Təşkilatçı üçün Vəli ən ideal tərəfdir.

Vəli də yeni oyunçuların oyuna qatılmağının əleyhinədir. Çünki oyunda qaldığı sürəcə dünyanın digər şahmat sevərlərindən dəstəklər alacaq, tək opponent olaraq oyunda qalmaq onun varoluş təminatıdır. Ona görə də yeni qatılmaq istəyən oyunçuların şahmat səhnəsindən silinməsində maraqlıdır. Hər vasitəyə əl ataraq tək qalmaqda davam edir.
Bu oyun qaydaları dəyişmədən turnir dəyişməyəcək. Ölkəni dəyişdirə bilmək üçün oyun qaydalarını yenidən yazmaq və kiçikli böyüklü bütün diktator ruhlu siyasiləri oyundankənar vəziyyətdə saxlamaq lazımdır. Əsk təqdirdə məğlub olan yenə də xalq olacaq.