Borc içində üzən deputat vəsiqəsi: MM müzakirə edəcək?

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun bir neçə şəxsə, o cümlədən AG Banka külli miqdarda borcunun olması ilə bağlı faktlar medianın gündəminə çevrilib. Bu məsələdə ən diqqət çəkən məqam isə borc qarşılığında Milli Məclisin verdiyi deputat vəsiqəsinin yazılı iltizamla girov qoyulmasıdır.

Məsələyə münasibət bildirən Milli Məclisin İntizam komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı Axar.az-a bildirib ki, deputat Rafael Cabrayılovla bağlı deyilənlər təsdiqlənərsə, İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat olaraq reaksiya veriləcək.

“Rafael Cəbrayılovla bağlı deyilənlərin həqiqətə uyğun olub-olmadığını bilmirəm. Mən də bu barədə mətbuatdan oxumuşam və hesab edirəm ki, hələ təsdiqlənməmiş məlumatlardır. Onu deyim ki, bir millət vəkilinin deputat vəsiqəsini nəyəsə qarşılıq olaraq girov qoymasına inana bilmirəm. Deputat vəsiqəsi çox qiymətlidir. Onun qarşılığı yoxdur. Deputat vəsiqəsi kimi qiymətli əmanətlər girov qoyula bilməz. Bu, bir deputat üçün yolverilməzdir”, – millət vəkili bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarından dəlillərlə müraciət edilərsə, R.Cəbrayılovun vəsiqədən borca görə istifadə etdiyi təsdiqlənərsə, bu məsələyə İntizam Komissiyası baxa bilər:

“Əlbəttə ki, məsələyə baxılandan sonra da adekvat reaksiya veriləcək”.

MM-in İntizam Komissiyasının üzvlərindən olan deputat Fazil Mustafa bildirib ki, bu məsələ araşdırılmalıdır:

“Bu məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra qanun pozuntusu aşkarlanacağı təqdirdə fikir səsləndirmək olar. İndi bizim bu məsələyə münasibət bildirməyimiz düzgün olmaz. Çünki hələ İntizam Komissiyasına bu məsələ barədə heç bir məlumat daxil olmayıb. Əgər komissiyaya məlumat daxil olarsa, biz araşdırıb daha sonra açıqlama verə bilərik”.

MM-in İntizam komissiyasının digər üzvü Hikmət Babaoğlu isə bildirib ki, bütün hallarda millət vəkillərinin müvafiq hərəkətləri və İntizam Komisiyasının səlahiyyətləri çərçivəsində olan hallarla bağlı İntizam Komissiyası müəyyən tənbeh tədbirləri görməlidir və görmək səlahiyyətinə malikdir:
“Ancaq təbii ki, bu İntizam Komissiyasının səlahiyyətləri çərçivəsində olmalıdır. Konkret halda isə Rafael Cəbrayılovla bağlı İntizam Komissiyasına heç bir müraciət daxil olmayıb.

Rafael Cəbraylıovun həqiqətən də deputat vəsiqəsini verib borc götürməsi ilə bağlı məndə dəqiqləşmiş və təsdiqini tapmış məlumat yoxdur. Buna görə də düşünürəm ki, ilk növbədə bu dəqiqləşməli, rəsmi şəkildə təsdiq olunmalıdır. Bundan sonra bu məsələni daha ətraflı formada şərh edə bilərəm”.

Qeyd edək ki, deputat R.Cəbrayılov ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə Fətəliyeva Təranə Rasim qızından 300 min ABŞ dolları məbləğində borc alıb.

R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub.

Bu barədə T.Fətəliyeva Abşeron rayon Məhkəməsinə müraciət edib və girov olaraq qoyulan deputat vəsiqəsinin əslini məhkəməyə təqdim edib.

İltizam yazılmaqla girov qoyulan deputat vəsiqəsinin surəti mediada tirajlanıb.

Sozcu.az

Facebook Comments