BNA ilə bağlı etirazlar böyüyür: Dəyişiklik olacaqmı?

Bakı Nəqliyyat Agentliyinin dayanma-durma qaydalarını pozan sürücülərə qarşı cərimə tətbiq etməsi, uzun müddətdir ki, ictimaiyyətdə sərt şəkildə tənqidlərə səbəb olur. Sürücülər bildirirlər ki, ilk növbədə BNA avtomobillərin qanuni park edilməsi üçün yerlər yaratmalı, təkliflər verməli, sonra bu cür cərimələri yazmalıdır. Eyni zamanda bildirilir ki, bu cür cərimələr BNA tərəfindən heç bir xəbərdarlıq edilmədən yazılır.
Sozcu.az xəbər verir ki, qurumla sonuncu bu cür qalmaqal müğənni Aybəniz Həşimovanın arasında yaşanıb. Belə ki, A.Həşimova sosial şəbəkədə yazdığı statusda BNA-nın işçilərinin yazdığı cərimələrdən gileylənmiş, bunu biabırçılıq adlandırmışdı. Söyləmişdi ki, əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər:

“Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz”.

BNA-nın mətbuat katibi Mais Ağayev isə İTV-də yayımlanan “3D” verilişində qonaq olarkən, A.Haşımovanı tənqid edərək, bunları deyib:

“Əməkdar artist Aybəniz Həşimova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdır, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir”.

Mövzu haqda “Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, əslində BNA ondan gözlənilənləri tam doğrultmadı:

“Əsas gözləntilər ondan ibarət idi ki, şəhər ərazisində ciddi infrastruktur imkanları yaradılacaq və BNA da buna hər hansı bir töhfələr verəcək. Eyni zamanda ölkənin ən ciddi problemlərindən olan parklanma ilə bağlı ciddi irəliləyişlərin olacağına ümid var idi. Lakin çox təəssüf ki, Bakı Nəqliyyat Agentliyi vətəndaşlara xidmət sektorundan daha çox, cərimə yazan, sürücülərin problemlərini artıran qurum funksiyasına gəlib-çıxdı. Bu qurum özünü ölkə ictimaiyyətinə dediyim formada təqdim edə bilib.

Əgər biz məsələyə sırf qanunvericilik baxımından yanaşarsaq, dayanma və durma ilə bağlı qadağan olunan işarələrin olduğu yerdə sürücüyə cərimənin yazılmasında qanunsuz məqam yoxdur.

Burada deyə bilmərəm ki, Bakı Nəqliyyat Agentliyi qanunu pozub. Əvvəllər məlum olduğu kimi bu məsələlərlə Azərbaycan Dövlət Yol Polisi məşğul olurdu. Ancaq dəyişikliklərdən sonra bu işlə məşğul olmaq bilavasitə Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə verildi. O cümlədən də cərimələrin tətbiqi məsələsi də bu quruma tapşırıldı. Ona görə də işarələrin olduğu yerdə yazılan cərimələr, qanunvericiliyə uyğundur.

Konkret olaraq Aybəniz Həşimovanın məsələsinə gəlincə isə burada da məsələnin qeyd etdiyim tərəfinə baxmaq lazımdır. Lakin məsələ başqadır”.

Ekspert bildirib ki, istər prospektlərin infrastruktur imkanlarının artırılması, istərsə də ölkədə ödənişli parklanmaların təşkili baxımından ciddi işlər görülmür:

“Şəhərdə nəqliyyatın durmadan artımı bu məsələlərdə də ciddi problemlər yaradır. Vətəndaş maşınını saxlayıb bir neçə dəqiqəlik aptekə, mağazaya daxil olur, qayıdanda isə cərimələrlə üzləşir. Yaxud da nəqliyyat vasitəsinin aparılması halları ilə üzləşirsə, sözsüz ki, narazı qalacaq və qalır da. Ona görə də öncə infrastruktur imkanları artırmaq lazımdır. Parklanma və dayanma-durma yerlərinin sayı nə qədər çoxalacaqsa, o qədər də vətəndaşların rahatçılığını təmin edib, cərimədən yaxa qurtarma hallarını artıracağıq.

Burada məsələ mübahisəlidir. Sözsüz ki, Bakı Nəqliyyat Agentliyini bu məsələ üzərində düşünməlidir. Onlar öz fəaliyyətlərini elə qurmalıdırlar ki, vətəndaşlar narazı qalmasınlar. Burada vətəndaş konkret olaraq qeyri-bərabər vəziyyətə salınıb. Çünki parklanma üçün yer yoxdur, bir tərəfdən də harada saxlayırsa, gəlib cərimə yazırlar.

Yəni məsələyə vətəndaşların gözü ilə baxdıqda, onlar haqlı durumdadırlar. Ona görə ki, ilk növbədə maşın saxlamaq üçün şərait yaratmaq lazımdır. Bu şəraitə əməl edilmədikdə isə cərimə yazmaq haqqın var. Əgər dayanmağa başqa yer yoxdursa, insanlar nə etməlidirlər? Bütün bunlar nəzərə alınarsa, vətəndaşlarla BNA arasında yaşanan və davamlı hala gələn narazılıq aradan qalxar. Əks halda problem daha da genişlənəcək və narazılıqlar getdikcə artacaq”.