“Biz PKK məsələsində Türkiyədən daha radikal mövqedəyik” – Politoloq

“Dünən axşam Abdulla Öcalanın qardaşı Osman Öcalanı dövlətin rəsmi TV kanalı TRT-yə çıxarıb CHP əleyhinə danışdırdılar. Osman Öcalan 20 yaşında PKK-ya qoşulub, 80-ci illərin sonlarında terror təşkilatının rəhbərliyində təmsil olunub, sonra ayrılıb”.
Sozcu.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Türkiyədəki son prosesləri şərh edən Cəfərli bildirib ki, son günlər olanlar PKK-nın kürd xalqının təmsilçisi qismində yenidən legitimləşdirilməsi mənasına gəlir. Bu, təkcə İstanbul seçkiləri ilə əlaqəli bir məsələ deyil.

Politoloqun fikrincə, “çözüm sürəci” dövründə də dövlət rəsmən PKK-nı tərəf-müqabil kimi qəbul etmişdi, bu siyasətin bitməsi və dövlətin siyasətində baş verən radikallaşma isə konyuktur xarakter daşıyırdı: “31 mart seçkiləri bu mərhələni bitirdi, artıq konyuktur millətçiliyin divident gətirmədiyini və potensialını tükətdiyini gördülər. İndi AKP düşdüyü bu dalandan çıxmaq üçün yenidən əvvəlki siyasətə dönüş, yaxud yeni siyasət imkanları axtarır.

MHP-nin 23 iyun sonrası ittifaqı pozması onlara çox sərf edərdi, PKK-ya reveranslar həm də bu məqsədlə edilir. Lakin strateji ağıla malik olan qurd siyasətçi Dövlət Bahçeli bunun fərqində olduğu üçün heç kimin gözləmədiyi şəkildə Ərdoğanın Öcalanla yaxınlaşma siyasətinə dəstək verdi və 23 iyunda hansı nəticə əldə olunursa olunsun, Cumhur İttifaqının davam etməsinin zəruriliyini vurğuladı.

Çünki ittifaqın dağılması Bahçeli və onun MHP-si üçün mövcudiyyət probleminə səbəb olacaq. Dövlət bəy AKP ilə müttəfiq olmaqla dövlətin siyasətinə təsir imkanları əldə etdi və dövlət strukturlarına öz adamlarını yerləşdirməyə başladı, bunun sayəsində həm MHP-dəki mövqelərini qorudu, həm də İyi Parti təsis edildikdən sonra MHP-dən ora kütləvi axının qarşısını almış oldu. Hazırkı konstruksiya pozulsa, yəni Dövlət Bahçeli dövlət dəstəyini itirsə, onun siyasi karyerasının bitmə təhlükəsi real olacaq.

Ona görə də hazırda Cumhur İttifaqı daxilindəki vəziyyəti belə izah etmək olar: Bahçeli Ərdoğanı girovluqda saxlayır, Ərdoğan isə bu girovluqdan xilas olub, sərbəst hərəkət imkanı qazanmaq üçün çırpınır.

Ümumiyyətlə, sizə deyim ki, Türkiyə dövləti kürd məsələsində heç vaxt birmənalı, düz xətt üzrə siyasət yeritməyib. Terrorla mübarizə sahəsi çoxdan korrupsiyalaşıb (həm siyasi, həm maddi anlamda) və türk dövlətinin deqradasiyasına səbəb olub. Söhbət təkcə AKP dönəmindən getmir, əvvəl də belə idi. Məsələn, türk generallarının yaratdığı OYAK (Ordu Yardım Kurumu) şirkəti vaxtilə Bərzani və Tələbanilərlə alver edirdi, PKK da buna əngəl olmurdu. PKK-nın əsas gəlir mənbələrindən biri olan siqaret və narkotik qaçaqmalçılığı uzun illərdir davam edir və dövlət nədənsə bunun qarşısını heç cür ala bilmir…

Mən uzun illərdir diqqət edirəm, biz azərbaycanlılar PKK məsələsində Türkiyə dövlətindən də, Türkiyə toplumundan da daha radikal mövqedəyik. Yəni papadan artıq katoliklik edirik. Doğru deyil. Boş verin getsin. Öz problemlərimiz özümüzə yetir də, artır da”.(Yeni Sabah)