Biz kimik, məclis onun məclisidir

Elşən Əlisoy

Azərbaycanda parlament var idimi?

Hakim partiyanın deputatları prezidentə müraciət edərək, parlamentin buraxılmasını təklif ediblər. Prezident də necə deyərlər, papağını qoyub qabağına, bir xeyli düşünüb-daşınıb, geniş otağında bir xeyli var-gəl etdikdən sonra belə qərara gəlib ki, yaşlı insandılar, ömürlərinin son vaxtlarında bunların qəlbini qırmaq olmaz və parlamentin buraxılması üçün qərar verib. Bu “parlament burxılama”nın konistitusiyaya nə qədər uyğun olub-olmaması haqda danışmaq istəmirəm. Konstitusiya onların, parlament onların, mandat onların. Mandatı verəndə prezidentdir, alan da. Güya deputatları xalq seçmişdi ki…

Azərbaycanda Milli Məclis adlanan “deputatxana”nın nə qədər mənfi cəhətləri olsaydı da, bəzi müsbət cəhətləri də az deyildi. Müəllimlərin maaşları barədə müzakirə gedəndə Hadi Rəcəbli adlı qocaman deputat müəllimlərə işdən sonra fəhləlik etməyi məsləhət bilirdi. Aqil Abbas kimi xalq yazıçısı soğan əkməyi töfsiyyə edirdi. Hətta Elman Nəsirov adlı gülərüz deputat var idi. Paşinyan Qarabağda yallı gedəndə, deyirdi: “Paşinyan Qarabağda əyilə-əyilə gəzir”. İnsafla desək, bu deputatların sayəsində bir çox vətəndaşımız ürəyini boşaldıb, bunların yeddi arxa dönəninə söyməklə mənfi enerjini içlərindən çıxarırdılar. Yeni mandat verilənlərin əksəriyyəti yaqin ki, sapı özümüzdən olanlar olacaq deyə, hirsimizi içimizə vurub xəstəlik tapacağıq.

Onsuz da parlament özünü çoxdan “buraxmışdı”

Azərbaycan 1918-ci ildə öndərimiz Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə istiqlalçı öndərlərimizin canları hesabına müstəqilliyini əldə edib və şərqdə ilk cümhuriyyətin təməli Azərbaycanda qoyulub. Milli parlamentimizin sədri Əlimərdan bəy Topçubaşov kimi dahi olub. Özünü buraxan parlamentin sədri isə Oqtay Əsədovdur. Parlamentdən, parlamentə fərq həm də budur məncə…

Gəncədə Azərbaycanın qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin büstünün başına torba keçirilməsinə münasibət bildirən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni satqın və xain adlandırdı və bundan sonra Naqif Həmzəyevin cibinə mandat qoyub, parlament adlandırılan binada millət vəkili adı ilə otuzdurdular. (Hansı millətin vəkili…?) Bəli deyə bilərsiniz ki, Cümhuriyyətin də parlamentində daşnaqlar var idi. Ancaq, məncə Naqif Həmzəyev daşnak deyil.

Deputat mandatı hədiyyə edilən “deputatlar”dan biri də Tahir Kərimli idi. O Tahir Kərimli ki, dövlətimizin parlamentində qəbul edilən Himnimizin, Əliyevlərin hakimiyyətində dəyişdirilməsini təklif edirdi. Həm də harda, dövlətin Milli Məclisi adlanan orqanında.

O parlament adlanan binada oturanlar millətə nələr demədilər… Biri, “az yeyin” -dedi, biri, “Qarabağ qazisi niyə avtobusun pulunu verməməlidir” dedi, biri popkorn satan uşaqdan vergi istədi. Siqaret mafiyasının başında durub insanları zəhərləyən bir “deputat” , “popkorn adamı zəhərləyir”- deyib imkansız uşağı çörəksiz qoydu. Bir “deputat” isə lap uzağa gedib xalqı”otxod” adlandırdı. Hətta, bu parlament deyilən binada oturan Ravael Cəbrayılov deputat mandatını nişan üzüyü bilib girov qoydu.

Başdan ayağa problemlərin içində olan xaldan uzaq düşüb, “Bu maaşla dolana bilmirik” deyib qarınları üçün şivən qoparanlar buraxılmalı idilər, buraxıldılar da. Ancaq bu “boşanma”ya, “Parlament prezidentin siyasəti ilə ayaqlaşa bilmir” adı qoymasınlar. Bəlkə də dünyada prezidentlə bu cür uyğunlaşan ikinci bir parlament yox idi. Prezident hara gedir dövlətin qurucularını aşağılayır, Rəsulzadəyə və Elçibəyə böhtan atır, bayrağımızı xarici missiyaçılar qaldırdı deyib, müstəqilliyimizi qazandıran kişiləri küçə uşağına bənzədir. Onun mandat verdikləri də belə olmalıydı də, başqa nə olmalıydı ki?

Xülasə, bu “boşanma”nın əmması başqadır… ! Əsas odur ki, gələcək prezidetimiz özündən öncəsinin təyyarəsində uçmaq istəməyib, özünə yeni təyyarə sifariş edib. TƏBRİK EDİRƏM, RAHAT UÇSUN!

Əlaga Vahid demişkən: Biz kimik, məclis onun məclisidir!”

Dahi Hüseyn Caviddən bir seçməsini təqdim edirəm:

Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər meymunlar.

Cühəla elm, fəzilət satıyor.
Bizi həp aldadıyor, aldadıyor.

Kəndi əxlaqi sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.

Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.

Sadədil, hissə uyan abdallar,
Həp siyasi kəsilib at nallar.

Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.

Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəbi alçaqlıq.

Sozcu.az