“Biz Əliyevlərin sayəsində hörmət sahibi olmuşuq” – HADİ RƏCƏBLİ

Siyavuş müəllimin dedikləri ilə bağlı heç nə deyə bilmərəm. Çünki əlimdə konkret faktlarım yoxdur. Faktlarsız da danışmaq, münasibət bildirmək düzgün olmaz. Ancaq onu bilirəm ki, insanlığın ən böyük məziyyəti onun sədaqəti, sədaqətliliyi, sadiqlidir. İnsan sadiq və sədaqətli deyilsə, deməli, o, çıxdaşdır.

Bunu Azərbaycan siyasətinin və Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış və nüfuzlu simalarından olan Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli həmkarı, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim partiyanın rəsmilərindən biri Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı açıqlamasına, onlardan bəzilərinin hətta, müxalifəti maliyyələşdirməsi ilə bağlı ittihamlarına münasibətini bildirərkən deyib.

H. Rəcəblinin sözlərinə görə, insan ona çörək verən, onu vəzifəyə irəli çəkən, onu yüksəldən, tanıdan şəxsə, hakimiyyətə daim sadiq və sədaqətli olmalıdır.

“Hamımız Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin çörəyini yeyirik, onların sayəsində vəzifələrə irəli çəkilmişik, tanınmışıq, nüfuz, hörmət sahibi olmuşuq. İndi necə ola bilər ki, biz onlara, dövlətimizə sadiq və sədaqətli olmayaq? Vəzifədən getdinsə, bir qədər kənarda qaldınsa, nə bilim, pişik asqırdısa, o zaman sənə çörək verənə, səni tanıdana qarşı çıxacaqsan, ona arxa çevirəcəksən?

Mən bunu heç cür qəbul etmirəm və ömrüm boyu da etmərəm. İstər vəzifədə ol, istərsə də olma, hər zaman sədaqətli və sadiq olacaqsan. İnsan çörəyi, yaxşılığı heç zaman unutmaz, xüsusilə də, vəzifədən gedəndən sonra. Mənim düşüncəm, həyat fəlsəfəm bundan ibatətdir…”-deyə, H. Rəcəbli sonda sözlərinə əlavə edib.

Qeyd edək ki, S. Novruzov mətbuata açıqlamasında bunları bildirib:

“…Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!…

…Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də…var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq…”(Etikxeber.az)