“Biz bu ədalətsizliyi aradan qaldırmaq mübarizəsini verməkdəyik, çalışacağıq ki…”

Qərbi Azərbaycan hökuməti ideyası istiqamətində hansı yenilik var? Qurumun BMT-yə müraciətindən sonra təşkilatlanma və xaricdə nümayəndəliklərin fəaliyyəti istiqamətində çalışmalar varmı?

Moderator.az-ın əməkdaşı bu suallarla təşkilat komitəsinin rəhbəri, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlıya müraciət edərək aşağıdakı cavabı alıb:

“Öncə onu deyim ki, Qərbi Azərbaycan höküməti qurma ideyası 30 ildir ki, Azərbaycan cəmiyyətinin müzakirə etdiyi və onu bu günə qədər daşıdığı müqəddəs bir arzu idi. Onu reaallaşdırmaq üçün bir neçə dəfə cəhdlər edilmişdi, amma ən müxtəlif səbəblərdən bu baş tutmamışdı. Qərbi Azərbaycan İrəvan hökümətini elan etməklə bu müqəddəs bu ideyanı milli hərəkata çevirdik. Həm də Azərbaycan xalqının milli hərəkatına…

Dünyanın ən müxtəlif yerlərindən bizimlə bir olmaq arzusunda olan insanlar var. Demək bu məsələ təkcə Qərbi Azərbaycan kökənli insanları deyil, bütün xalqımızı maraqlandırır. Keçən müddət ərzində Respublikanın siyasi strategiyasını, hədəflərini hazırlamaqla və təşkilatlanma işləri ilə məşğul olmuşuq. Respublikamızın çox ciddi qurumları yaradılmışdır. Ayrı – ayrı sahələr üzrə artıq 10 departament və 5 komissiya və bir neçə mərkəz fəaliyyət göstərməkdədir. Mütəxəssislərdən ibarət katiblik fəaliyyət göstərir və ali idarəedici orqan Millət Şurasının sədarəti bütün bu strukturlara rəhbərli edir. Gələcəkdə demokratik seçkilər nəticəsində ortaya çıxacaq parlamentin və hökümətin təməlləri atılır.

Strateji xəttimizə gəlincə qısaca onu deyim ki, 1918-ci ildə ortaya çıxan Ararat (Ermənistan) Respublikasının Azərbaycan əraziləri hesabına genişləndirilməsi və burada yaşayan insanların son nəfərinə qədər qovulması, min illər boyu öz dədə – baba torpaqlarını tərk etməsi və burada monoetnik bir Ermənistan irqçi dövlətin ortaya çıxması kimi faktlarını beynəlxalq müstəviyə çıxarmaqla, ictimailəşdirməklə insanlarımızın bu torpaqlarda yaşamaq haqqının tanınmasına çalışacağıq. Bizim insanların bu ərazilərə sahiblik hüququ vardır. Azərbaycan Xalq Cumhuriyyətinin əraziləri 1918-ci ildə 114 min kvadrat kilometr idi. Ermənistanınkı 9 min kvadrat kilometr. 1991-ci ildə müstəqillik əldə edərkən Azərbaycanın ərazisi 86 min kvadrat kilometr idi, Ermənistanın ərazisi 29 min kvadratkilometr. Gerçək ortada deyilmi? Ermənistanın ərazisi artmış, bizim ərazilər azalmışdır. Biz bu ədalətsizliyi aradan qaldırmaq mübarizəsini verməkdəyik. Təbii ki, mübarizəmizi dünyanın qəbul etdiyi qaydalar əsasında aparacağıq. Atacağımız hər addımı biz müzakirə edirik. Dünən Millət Şurasının yanında yeni oluşdurulmuş Məşvərət Məclisinin toplantısını elədik. Bizim bu məclisdə Türkiyədən, Rusiyadan, İspaniyadan, İngiltərədən, Belçikadan, Almaniyadan, Niderlanddan və başqa ölkələrdən sayqın insanlar, nüfuzlu adamlar təmsil olunurlar. Bir neçə saat davam edən toplantıda bu mütəxəssislərin dəyərli məsləhətlərini dinlədik və qarşıdakı günlərdə atacağımız addımlarımızda onların tövsiyyələrindən yararlanacağıq. Qərbi Azərbaycan İrəvan Respublikası təşkilatlanır, keçən hər gün daha qərarlı addımlar atmaqdadır”.

Sozcu.az

Facebook Comments