BİR SERİALDA DAVAM EDƏN TÜRK-ƏRƏB QOVĞASI:”Od Krallığı” ilə münasibətlər daha da pisləşib – TƏHLİL

Semih İdiz

“Əl-Monitor”

Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşuqcinin öldürülməsi də daxil olmaqla, bir çox amillərə görə gərginləşən Ankara-Ər-Riyad münasibətləri noyabrın 17-də nümayişi başlanan bir televiziya serialı ucbatından daha da pis vəziyyətə gələcək.

Bu, Səudiyyə Ərəbistanına məxsus, Birləşmiş Ərəb Əmirliyindəki MBC kanalında efirə verilən 15 epizodlu “Od Krallığı” (“Məmləkət əl-Nar”) filmidir.

Serial “əsrlər boyu Ərəb dünyasını darmadağın etmiş” osmanlıları “zülmkar işğalçı” kimi qələmə verən, 40 milyon dollarlıq büdcəli kino məhsuldur.

“İnci sırğalı qız” filmi ilə tanınan Piter Uebber tarixi dramın rejissorudur. Misir yazıçısı Məhəmməd Süleyman Əbdülmalik ssenarini yazıb və filmə bir çox tanınmış ərəb aktyoru cəlb edilib.

Serial – 1517-ci ildə Osmanlı sultanı Yavuz Səlimin məmlükləri məğlub etməsi və Yaxın Şərqdə Osmanlı hakimiyyətinin qurulmasından bəhs edən dramatik hekayətdir. Onun ərəb mətbuatındakı tərəfdarları serialın “tarixi həqiqətləri göz önünə gətirdiyini” və Osmanlının ərəblər üzərində hökmranlığın “əsl simasını” göstərdiyini iddia edirlər.

“Saudi Gazette” yazıb: “Ən son böyük sənət əsərlərindən biri olan bu dram osmanlıların qanlı tarixini və ərəblərə qarşı təcavüzünü vurğuladı”.

“Serial türklərin indi qan və sui-qəsdlərlə dolu olan tarixini gizlətməyə çalışdıqlarını ortaya qoyur”, – deyə “Egypt Today”-də Mustafa Mari yazıb.

Bu fikirlər prezident Rəcəb Tayyib Ərdoğanın 2002-ci ildə hakimiyyətə gəlişindən bəri tanıtmağa çalışdığı tarixə tamamilə ziddir.

Ərdoğan və Ədalət və İnkişaf Partiyasından əvvəl də rəsmi Türk xətti Osmanlı hakimiyyətinin ərəblərə xeyir verdiyini və osmanlıların qovulmasından sonra Yaxın Şərqin qarışdığını iddia edir.

Bölgədə Osmanlı hakimiyyətinin süqutu, ənənəvi olaraq, “Dünya müharibəsi zamanı Böyük Britaniya tərəfinə keçən ərəblərin xəyanəti” kimi yozulur. Ərdoğan hakimiyyətə gəldikdən sonra Ərəb dünyasına İslam həmrəyliyi adı ilə müraciət edib və bu anlayışı dağıtmağa çalışıb. O, dünyəvi türk elitasını türklər və ərəbləri yadlaşdırmada günahlandırıb. Ərəb millətçiliyinin mövcud qüvvəsinə baxmayaraq, Ərdoğan ərəb kütlələri ilə yollarını birləşdirməyə cəhd göstərib. “HƏMAS”ı dəstəkləyib və 2009-cu ildə o, Davosda İsrail prezidenti Şimon Peresə qarşı çıxıb, İsraili Fələstin uşaqlarının qatili adlandırıb. Bundan sonra bir gecədə Ərdoğan Ərəb dünyasının qəhrəmanına çevrilib, ancaq ərəb rejimləri bölgədə həmişə Türk müdaxilələrindən ehtiyatlanaraq, bundan məmnun olmayıb.

Balkan ölkələrindən fərqli olaraq, onlar Osmanlı keçmişi haqqında mənfi rəylərini heç vaxt gizlətməyib. Odur ki, “Od Krallığı” Osmanlı İmperiyasını tərifləyən və Yaxın Şərq “Netflix”-ində geniş izlənilməyə davam edən “Diriliş: Ərtoğrul” və ya “Möhtəşəm Yüzyıl” kimi böyük türk istehsallarına cavab olaraq görünür. Bununla yanaşı, Səudiyyə Ərəbistanının ultra mühafizəkar vəhhabi elitasını qıcıqlandıran müasir, xüsusən kişi-qadın münasibətlərini əks etdirən türk “sabun köpükləri” da Ərəb dünyasında çox populyardır.

“Od Krallığı”na təriflər yağdırılsa da, bəziləri serialı tarixi təhrif etməkdə ittiham edib. Təəccüblü deyil ki, bu səslər əsasən Qətərdən gəlir – bu gün Türkiyə ilə möhkəm əlaqələri olan yeganə ərəb ölkəsindən.

2019-cu ilin ən böyük ərəb istehsalı olaraq siyahıya alınan “Od Krallığı” müasir film sənayesinin bütün izlərinə sahibdir. Burada bol geyimlər və yaxşı xronoqrafik müharibə səhnələri var. Bu serialı ərəb rejimlərinin uğursuz “Ərəb baharı”ndan bəri artan siyasi, mədəni və hərbi təhdidə cavab olaraq da qəbul etmək olar.

Yaxın Şərq və Şimali Afrika bölgəsində ən böyük özəl pulsuz peyk yayım şirkəti – MBC şəbəkəsi 2018-ci ilin mart ayında öz kanallarından türkcə yayımı dayandırmağa göstəriş verib.

Türkiyənin “Müsəlman Qardaşlar”a dəstəyi və 2013-cü ildə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Misirdəki çevrilişə qarşı çıxan Ərdoğanın yaxın dostu Məhəmməd Mursinin aqibəti Ankara və ərəb paytaxtları arasındakı pozuşmanın ilkin katalizatoru idi.

Bu arada, 2018-ci ilin oktyabr ayında Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxın olan əməliyyatçılar tərəfindən Xaşuqcinin öldürülməsi də Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı gərginliyi daha da artırıb.

Ərdoğan həbsdə həyatla vidalaşan Mursi üçün ağlamaqda davam edir. O, sentyabr ayında BMT Baş Assambleyasında mövzunu qəzəblə gündəmə gətirib. Ərdoğan hər fürsətdə Xaşuqcinin qatilləri üçün ədalətli məhkəmə tələb edir.

Türkiyənin Ərəb dünyası ilə münasibətlərinin gərginləşməsinin ən son əlaməti – Ankaranın Suriyanın şimal-şərqində “Sülh çeşməsi” əməliyyatını keçirməsi Misirin Ərəb Birliyinin təcili iclasını çağırmasına səbəb olub. İclasdan sonra Ərəb Birliyinin baş katibi Əhməd Abulqeyt ərəb dövlətinə təcavüzə görə BMT-ni Türkiyəyə qarşı hərəkətə çağırıb.

“Od Krallığı”nın buraxılış vaxtı türk şərhçiləri üçün “təsadüfi” deyil. Bir çoxları onun Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin antitürk planının bir parçası olduğunu iddia edir.

Hökumətyönlü “Yeni Şafak”-ın yazarı Zekeriya Kursun qeyd edib: “Misirli tərəfindən yazılmış və bir ingilis tərəfindən çəkilən serial sənət əsəri olmaqdan uzaqdır”.

Kursun əlavə edib: “Əsas məqsəd osmanlıları Ərəb bölgəsində işğalçı kimi və incə bir mesajla Türkiyənin hazırkı regional siyasətinin də eyni məqsədə xidmət etməsini göstərməkdir”.

“Yeni Şafak”-ın baş redaktoru İbrahim Karagül isə Səudiyyə Ərəbistanı və BƏƏ hökmdarlarına müraciət edərək yazıb: “Bu şəkildə davam etsəniz, başqa bir Səlim meydana çıxacaq və 1517-ni yenidən yaşayacaqsınız. Bugünkü mövqe Abbasilərin mövqeyindən daha pisdir”.

Qətərdəki Şimal-Qərb Universitetinin təmsilçisi Miriam Berqin sözlərinə görə, Türkiyə və Osmanlı keçmişinin mənfi görünüşlərinə baxmayaraq, tarixin ərəblər arasında daha müsbət hala çevrilməsində türk mədəniyyət məhsulları əsas rol oynayıb.

Berq hökumətin nəzarətində olan Türkiyənin “TRT World” beynəlxalq xəbər kanalına “Od Krallığı”nı şərh edib: “Bu serialla onlar “vəhşi türk” obrazını yenidən yaratmağa çalışırlar. Ancaq tarixi türk dramları ilə müqayisədə, “Od Krallığı” eyni dərəcədə göz qamaşdırmır”.

Tərcümə: Strateq.az

Sozcu.az