“Bir kəndin repressiyası” haqqında düşünərkən

Ceyhun Nəbi

[email protected]

Bu yaxınlarda dəyərli dostum, jurnalist araşdırmaçı Sərxan Carçının “Bir kəndin repressiyası” kitabı çap olundu. Azərbaycan Cümhuriyyətinin 100 illiyi, milli mücadilə tariximizin diqqət mərkəzində olduğu dönəm üçün böyük töhfədir. Onun ilk öncə kitab çap etmək fikri olmayıb, 30-cu illərdə repressiya qurbanı olan babasının axtarışına çıxıb. Axtarışları və Təhlükəsizlik Xidmətinin rəhbərliyinə müraciətlərindən sonra Azərbaycan Təhlükəsizlik Xidmətinin Arxivinə daxil olmaq üçün icazə ala bilib. Nəticədə tanış olduğu sənədlər və məlumatlar əsasında bu kitabı
hazırlamağa başlayıb. Kitabın adı “Bir kəndin repressiyası” olsada kitab Azərbaycanda kütləvi repressiyalar tarixinin öyrənilməsi istiqamətində çox önəmli mənbədir. Bütünlükdə Azərbaycanda, Qazaxda və kitabda haqqında bəhs olunan repressiyalar dalğası ilə üz-üzə olmuş Qazağın Çaylı kəndində repressiyanın əsl mahiyyətini dərk etmək istiqamətində dəyərli bir işdir. Kitabda 30-cu illərdə kənd sakinlərinin repressiya ilə üzləşmiş nümayəndələri haqqında məlumatlar verilir. Arxiv sənədləri və xalq yaddaşında qalmış məlumatlar əsasında onların fəaliyyəti haqqında bilgilənmək olur.

Sərxan bəy kitabda repressiyalar tarixinin öyrənilmə və ümumiyyətcə araşdırma işinin metodologiyasına və nəzəri əsaslarına riayət edir. Son illər bu mövzu araşdırmaçıların, onunla ciddi şəkildə maraqlananların diqqət mərkəzindədir. Repressiya dedikdə insanların yadına ilk öncə şairlər, yazıçılar, ədəbi tənqidçilər, sənət adamları yada düşür. Amma unutmaq lazım deyil ki, qapalı bir mühit formalaşdırmış Sovet rejimi çox iyrənc formada siyasi repressiyalarda təşkil edib. Bəzən bu lokal, bəzən isə bu kütləvi hal alırdı. Repressiya mövzusuna müxtəlif yanaşmalar var. Bəziləri anlayaraqdan, bəziləri anlamayaraqdan kimlərisə ittiham edirlər, ləkələməyə çalışırlar, bəzən isə kimlərisə təmizə çıxarmağa çalışırlar. Sərxan bəyin bu araşdırmasında biz bu tipli yanaşmaya rast gəlmirik. Araşdırmanı obyektiv, olduğu kimi təqdim edir. repressiya mövzusuna obyektiv yanaşmanın və onun mahiyyətini anlamaqla bağlı hörmətli professorumuz Bədirxan Əhmədovun “Ədəbiyyat və repressiya: genezisi, xarakteri, yanaşma meyilləri” başlıqlı məqaləsində lazımınca cavab tamaq olar.

20-ci illərin sonuna yaxın və 30-cu illərdə Sovet rejimi ilə barışmayan qaçaqların, gizli fəaliyyət metodlarını tətbiq edən musavatçıların, ittihadçıların üzləşdikləri ağır dövr siyasi repressiyalara nümunədir. İnanıram ki, oxucu gizli fəaliyyətə keçmiş musavatçıların, ittihadçıların fəaliyyəti haqqında az-çox məlumatlıdır. Onların başına gələnlərdən, sürgünlərlə üzləşdiklərindən xəbərdardır. Yoxdursa ilk öncə Ziya Bünyadovun “Qırmızı Terror”-nu oxumağı tövsiyyə edirəm. Bu mövzuya giriş üçün ilkin mənbə kimi çox önəmlidir. Qaçaqların başına gələnlərdən ayrı-ayrı mənbələrdən məlumat almaq olar. Burada onu qeyd etmək lazımdır ki, Moskvadan idarə olunan Sovet rejiminin istibdad, zülm, basqı siyasəti ilə barışmayan qaçaq düşmüş insanların başına gətirilənlər siyasi repressiyalar tarixinin ayrılmaz tərkib hissəsidir. 30-cu illərin əvvəllərində qaçaq Rüstəm və Təhməz Ramazanoğulları qardaşlarının, qaçaq Şuaybın, qaçaq Məcid Şəkibəyovun, Quruluxlu qaçaq Əbdüləlinin, Azərbaycan Cümhuriyyəti Parlamenti Əhrar fraksiyası mənsubu olmuş, din xadimi, xalq arasında böyük nüfuzu ilə seçilmiş, sonradan qaçaqlığa keçmiş, el arasında “Hacı Axund” kimi anılan Hacı Əhməd Nuruzadənin və digərlərinin başına gətirilənlər, güllələnmələri bunun təsdiqidir.

Sərxan bəyin yazmış olduğu “Bir kəndin repressiyası” kitabı siyasi repressiyalar tariximizin öyrənilməsində çox əhəmiyyətli mənbədir. Doğrudur kitab bir kəndin repressiya qurbanlarından bəhs edir, lokal mahiyyətə malikdir. Heç şübhəsiz ki, bu kitabda adı keçən insanlarda hamısı kütləvi sovet repressiyalarının tərkib hissəsidir. Çoxsuda siyasi mahiyyətli insanlardır.
Kitabda maraqlı məqamlardan biri ilk dəfə oxuculara təqdim olunan bir firqə haqqındadır. Qazaxda el arasında haqqında söylənilən və arxiv sənədlərindəki məlumatlara əsasən bu kitab vasitəsi ilə məlum olan “Əzrail Firqəsi”. Bu silahlı antisovet firqə ölkəmizin tarixi üçün əhəmiyyətli bir təşkilat olub. Qazağın Çaylı kəndindən idarə olunmuş bu firqə üzvülərinə hətta üzvülük biletləridə paylayıblarmış. Kitabın müəllifi Sərxan bəyin babalarıda “Əzrail Firqəsi” üzvüləri olublar. Həmçinin kitabda bu firqə haqqında məlumat almaq, onun üzvülərinin kimlikləri haqqında bilgiyə sahib olmaq olar.

Kitabda Qazaxda ümumi repressiyaların həyata keçirildiyi, insanların kütləvi formada güllələndiyi, mühakimə olunduğu məkanlar haqqındada məlumat almaq olur. Sərxan bəy özü bu istiqamətdə axtarışlara cəhd edib, özü gedərək bu yerləri müəyyən edib, canlı formada həmin yerlərlə tanış olub. Müyyən edib ki, Qazaxda güllələnmələr iki yerdə həyata keçirilibdir. “Şəkərin Qalası” adlanan dustaqxananın həyətində və şəhərin mərkəzində görkəmli xalq yazıçımız İsmayıl Şıxlının heykəlinin(İcra Hakimiyyəti binasının yanında) yerləşdiyi yerdə olub. Həmçinin xalq yaddaşına əsaslanaraq digər bir məlumatda əldə edib. Güllələnmiş insanların bir hissəsini şəhərin indiki Şahmat Məktəbinin arxa tərəfindən yarğandan aşağı tullanıldığı müəyyən edib. Hesab edirəm ki, bu fakt və bilgilər oxucu üçün, hər bir azərbaycanlı üçün, xüsusi olaraq qazaxlılar, haqqında kitab yazılmış Çaylı sakinləri üçün çox lazımlıdır.
Bunu mütləq qeyd etmək lazımdır ki, Sərxan bəy araşdırma işini iki formada aparıb. Arxivdə işləyərək, sənədlərlə tanış olaraq, ikinci bir tərəfdən özü gedərək varislərlə görüşmüş, onların yaddaşında qalmış məlumatlardan yararlanmışdı. Vəhdət təşkil edən bu iki araşdırma yolu ilə faktların etibarlılığını qorumaq, əsl həqiqətlərin üzə çıxması üçün lazımlı vasitədir.

“Bir kəndin repressiyası” sovetlər dönəmində baş vermiş siyasi repressiyalar tariximizin öyrənilməsində yeni bir istiqamət təşkil edir. “antisovet”, “əksinqlabçı”, “panturkist”, “musavatçı”, “ittihadçı” və digər ümumi adlar altında ittiham olunan insanların həqiqətən, əməli formada “Əzrail Firqəsi”, “Həqiqət Ordusu” adı altında lokal siyasi təşkilatlanmalarıdan, silahlı mübarizə metodunun tətbiqindən və xalqın dirəniş göstərməsinin ciddi forma aldığının şahidi oluruq.

Sovetlərin həyata keçirdiyi kütləvi repressiya siyasəti haqqında son dönəmlər maraqlı araşdırmalar aparılır və onun əsl mahiyyətini öyrənmək bunlar çox əhəmiyyətlidir. “Bir kəndin repressiyası”-da həmin kitablardan biridir. Kitabın müəllifi Sərxan bəy Carçıya yazmış olduğu bu kitab üçün təşəkkür edirik.

Sozcu.az