“Bilin ki, sizin etdiyiniz şərəfsizliyi düşmən də etməz” – Mənsimovdan SƏRT AÇIQLAMA

“Mənə qarşı çox çirkin kampaniya aparılır. Məni FÖTE ilə iş birliyində, terrorçuluqda, casusluqda ittiham edirlər. Bunu edənlər öz mənafelərini güdənlərdir. Özümü müdafiə üçün məhkəməyə müraciət etmişəm. Onlar hüquqi müstəvidə uduzacaqlarını bilirlər, ona görə başqa yollara əl atırlar”.

Sozcu.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

M.Mənsimov qeyd edib ki, həmin şəxslər hüququ, ədaləti satın almağa cəhd edirlər: “Onlar keçmiş işçilərimi, bəzi məhkəmə hakimlərini, dövlət adamlarını satın alıblar. O insanlar da pul qarşılığında tapşırığa əməl edirlər. Oğrular, xainlər, FETÖ-çülər kənarda qalıb, məni ittiham edirlər. Bunlar hamısı yalandır, rahatlıqla da isbat edə bilərəm. Mənə qarşı bu addımı atanlar cəzalarını alacaqlar, Allahın ədaləti qılınc kimi kəskindir. Mənə qarşı bu cür ittiham irəli sürənlər anlamırlar ki, bir gün sahibləri onları da satacaq. Məni ən çox üzən odur ki, satılmışların arasında azərbaycanlılar da var. Məni düşmən hesab edirsiniz? Bilin ki, sizin etdiyiniz şərəfsizliyi düşmən də etməz. Məni FETÖ-yə işləməkdə ittiham etməkdənsə, keçmişinizə, övladlarınızın harada təhsil almasına diqqət edin! Elə bilirsiniz ki, sizin əməllərinizdən kiminsə xəbəri yoxdur? Bu qədər safsınız? Yoxsa qarşınızdakını aldadırsınız? Ay yazıqlar, siz bilmirsiniz ki, mənim üçün var-dövlət deyil, şərəf və namus önəmlidir. Bunlar sizdə olmadığı üçün məni başa düşməkdə çətinlik çəkirsiniz. Hər zaman halal pul qazandım, halal da xərclədim. Allahım var, həmişə mənimlədir. Sizin sonunuzun necə olacağını düşünə bilmirəm”.

Facebook Comments