Beynəlxalq Ana Dili Günü ilə bağlı Təbrizdə türkcə kitablar paylanılıb

Azərbaycanlı mədəni fəallar Beynəlxalq Ana Dili Günü münasibəti ilə türk Təbriz şəhərində türkcə kitablar paylayıblar.

Fəallar fevralın 19-u, axşam şəhərdə uşaqlar və yeniyetmələr arasında türk dilində kitablar paylamaqla yanaşı, türkcənin öyrənilməsi və ana dili ilə bağlı aydınladıcı çıxışlar ediblər.

21 Fevral Beynəlxalq Ana Dili Günü Güney Azərbaycanın müxtəlif şəhərlərində qeyd olunmaqdadır.

Kəleybər şəhərində milli-mədəni fəallar şəhər divarlarına ana dili ilə bağlı müxtəlif şüarlar yazaraq İranda türkcə təhsil olmamasına etirazlarını bildiriblər.

Fəallar “ana dilində təhsil qadağası savadsızlığa səbəb olur”, “ana dilində təhsil hər bir fərdin ibtidai hüququdur”, “2 isfənd (21 fevral) Ana Dili günü”, “mənim ana dilim hanı” və b. şüarlarla İran hökumətinin türk dilinə qarşı siyasətinə etiraz ediblər.

Urmu şəhəri və Tikantəpədə də ötən gecə oxşar aksiyalar yenidən həyata keçirilib. bir neçə gün öncə Urmuda uşaqlar arasında türkcə əlifba və uşaq kitabları paylanılmışdı.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Hal-hazırda çox sayda azərbaycanlı milli-siyasi fəallar, o cümlədən Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid mənafi dünya ana dili gününündə təbrik posterləri payladıqları üçün həbsxanalarda cəza çəkməkdədirlər.

Facebook Comments