Beynəlxalq Bankın keçmiş baş direktoru: Yuxarıdan göstəriş verilirdi…

Bankın vəzifəli şəxsləri Cahangir Hacıyevin göstərişini yerinə yetirdiklərini deyiblər

Beynəlxalq Bankdan kredit adıyla götürülən 4.7 milyard manatın mənimsənilməsinə görə ikinci dəfə mühakimə olunan Cahangir Hacıyev, onun dostu, keçmiş deputat Dünyamin Xəlilov və daha 20 nəfərin məhkəməsi davam edir. Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə şahid qismində Beynəlxalq Bankda rəhbər vəzifələrdə təmsil olunmuş şəxslər dindiriliblər. Onlardan təminat olmadığı halda, Dünyamin Xəlilovun şirkətlərinə hansı əsasla milyonlarla vəsaitin kredit şəklində verilməsi soruşulsa da, heç biri konkret cavab verməyib.

Əvvəlcə Nağdsız Hesablaşmalar Departamentinin rəhbəri Elşən Məmmədzadə ifadə verib. O, Cahangir Hacıyevin rəhbərliyi dövründə də eyni vəzifədə olub. Amma həmin vaxt adı Müxbir Hesablar və Hesablaşmalar Departamenti olub. O, həm də bankın Kredit Komitəsinin üzvü olub. Bankda böyük məbləğdə kreditlərin verilməsi üçün mütləq bu komitənin razılığı tələb olunurmuş. Dünyamin Xəlilovun şirkətlərinə milyonlarla kreditlər ayrılmasına razılıq barədə Komitənin qərarlarının bir neçəsində onun da imzası var.

“Yuxaridan tapşırıq verilirdi, ayrılırdı”, – Elşən Məmmədzadə belə izahat verib.

Hakimin “yuxarı kim idi?” sualına cavab olaraq E.Məmmədzadə Cahangir Hacıyevi göstərib.

Onun sözlərinə görə, imza atdığı sənədlərlə ən azı 400 min manat dəyərində kredit verilib.

Beynəlxalq Bankın sabiq baş direktoru Akif Əliyev də məhkəmədə dindirilib. O, 2001-2011-ci illər ərzində Kredit Komitəsinə rəhbərlik edib, bundan sonra baş direktor vəzifəsinə təyin olunub. Sonuncu vəzifəsi isə bankın Problemli Kreditlər Komitəsinin sədri olub.

Hakim xatırladıb ki, Beynəlxalq Bankdan götürülən milyardlarla kreditlərin qaytarılmamasıyla bağlı istintaq araşdırmaları zamanı ən çox dindirilənlərdən biri Akif Əliyev olub. Çünki həmin kreditlər götürülərkən, o, Kredit Komitəsinin sədri olub. Həmin kreditlərin ayrılması üçün də bu komitənin razılığıl olmalıydı:

“Ona görə də bildikləriniz tam danışmalısınız”.

Akif Əliyev bildirib ki, ayrılan kreditin maksimal limiti 2.5 milyon manat olub.

Şahidə sual verilib ki, kreditlərin ayrılması göstərişini kimdən alıb? O, göstərişi Cahangir Hacıyevdən aldığını söyləyib.

A.Əliyev əlavə edib ki, Cahangir Hacıyev Dünyamin Xəlilovun layihələrinə kredit ayrılması barədə göstəriş vermişdi: “Cahangir müəllim də deyirdi ki, Dünyamin Xəlilovun belə bir layihəsi var, maliyyələşdirin. Biz də tapşırığı icra edirdik”.

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədr müavinləri Qubad Hüseynov, Əsgər Məmmədov, bankın hüquq idarəsinin baş hüquqşünası, müdir müavini Elçin Əfəndiyev də şahid qismində dindirilib.

Cahangir Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

Hazırda araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Cahangir Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib.

Lakin o, özünü təqsirli bilmir.(Meydan tv)

Sozcu.az