““Beşinci kolon” “12-ci Ordu”nu həsrətlə gözləməkdədir” – Dilavər əzimli

Dilavər Əzimli, tarixçi alim

Proseslərin inkişafı göstərir ki, biz dövlət olaraq regionda ciddi şəkildə uduzuruq. Ermənistan həm Rusiya, həm də Avropa Birliyi arasında manevrlər edib, yerini möhkəmlətməkdədir. Ozünə o qədər arxayındır ki, hətta Azərbaycan səmasında uçuşlar edən hərbi Uçağımıza da raket zərbələri endirdi. Bizim mətbuat da Uçağımızın yayınmasını qəhrəmanlıq kimi təqdim etdi. Oz səmamıza daxil ola bilmirik, əslində bu, biabırçılıqdır. Mənə elə gəlir ki, bizim Uçağımız həmin hədəfləri dərhal susdurmalıydı. Amma ona icazə vermədilər. Çünki Rusiyanın xoşuna gəlməzdi. Demək, biz bölgədə Rusiya ilə vuruşuruq. Onda belədirsə, bizdə hardandır bu qədər Rusiya məhəbbəti? Azərbaycanda dövlət hesabına maliyyələşən rus dilli məktəblərin sayı 350-ni keçibdir. Rusiya mədəniyyət mərkəzlərinin sayı günü-gündən artmaqdadır. “Beşinci kolon” günü-gündən güc yığır və Moskvadan gəlmə ehtimalı olan “12-ci Ordu”nu həsrətlə gözləməkdədir.

Bu günlərdə Türkiyənin Samsun şəhərində “Böyük Atatürkün İstiqlal mücadiləsinə başlamaq üçün Samsun şəhərinə çıxmasının 100-cü ildönümü ilə bağlı” elmi konfransda iştirak etdim. Bu konfransda bir çox ölkələrdən, o cümlədən Azərbaycan və Gürcüstandan böyük elmi heyət iştirak edirdi. Konfransda iştirak edən Gürcüstan elmi heyəti məndə qürur hissi oyatdı. Bu heyətin bütün üzvləri rusca, ingiliscə və türkcə sərbəst danışa bilirdilər. Amma çıxış edəndə yalnız gürcücə çıxış etdilər. Tərcüməçi onların çıxışını zaldakılar üçün tərcümə edirdi. Fasilədə onlardan hansısa sözü rus dilində soruşanda cavab vermirdilər. Məcbur olub bildiyim qədər ingiliscə soruşurdum. Onlar çox vüqarlı idilər. Görünürdü ki, azad bir ölkənin, demokratik cəmiyyətin nümayəndələridirlər. Bizimkilər isə çıxışlarını ingiliscə, ya da ki, Anadolu türkcəsində edirdilər. Düzdü, dostum Faiq Ələkbərli çıxışında Türk Tarix Qurumuna müraciət edib bildirdi ki, siz bizdən məqaləmizin Osmanlı türkcəsinə tərcümə olunmasını tələb etməyin. Əgər qardaşıqsa, Azərbaycan türkcəsində də yayımlayın. Qoy sizin alimlər də bizim türkcəni yaxşı mənimsəsinlər. Burada qeyd edim ki, onsuz da onların alimlərinin əksəriyyəti bizim türkcəni tam şəkildə mənimsəyibdir. Problem dövlətlərin arasındadır. Təsəvvür edin ki, Türkiyə filmləri bizdə bizim türkcəyə tərcümə olunur, həm də eybəcər şəkildə. Əslində, bu filmlərə Anadolu türkcəsində baxmaq daha yaxşıdır. Bundan əlavə, qardaş Türkiyədən bura gələnlər viza almaq məcburiyyətindədirlər. Təsəvvür edin ki, Rusiya ilə aramızda viza yoxdur, amma qardaş Türkiyə ilə aramızda viza vardır. Biabırçlıqdır!!! Bunlar bir yana qalsın… Məni maraqlandıran gürcülər oldu. Baxın, nə Gürcüstanda, nə də ki, Ermənistanda dövlət tərəfindən maliyyələşdirilən rus dilli məktəblər yoxdur. Amma bizdə vardır. Baxın, Rusiya daha çox Gürcüstana və Ermənistana hörmət edir. Amma Rusiyanın aşiqləri bizik. Yadınızdadırsa, 1989-cu ildə SSRİ hərbi qüvvələri Gürcüstanda dinc mitinqi gülləbaran etdi və cəmi 9 nəfər şəhid oldu. O zamankı SSRİ rəhbəri M.S.Qorbaçov şəxsən SSRİ adından gürcülərdən üzr istədi. 1990-cı ildə həmin hərbi qüvvələr Bakını qan boyadı… Ölənlərin sayı hələ də dəqiq bilinmir. İtkin düşənlər oldu. Yaralananlar da minə qədər. Bunun müqabilində Qorbaçov elan etdi ki, onlar ölməyibdir. Qaçıb sökülən sərhədlərdən İrana gediblər. Bilirsiniz niyə? Ona görə ki, biz həmişə qul psixologiyasından çıxış edirik. O zamankı rəhbərlik bunun müqabilində yenə də Moskvaya özünün itaətkarlığını göstərdi və öz xalqının aktivlərinə divan tutdu. Bu proseslər sonra da davam etdi. İnanın ki, Rusiya Azərbaycanı yenidən işğal etsə, Rusiya nökərləri milli qüvvələri dilindən asar!!! Baxın, indi sevgimiz o qədərdir ki, rus dilli məktəblər az qala dörd yüzə çatır. Dövlət idarələrində, məktəblərdə, universitetlərdə, elmi idarələrdə, avtobuslarda, gəzinti yerlərində rus dilində danışmaq böyük mədəniyyət sayılır. Əslində, bu qul psixologiyasından gəlməklə, öz kökündən ayrılmaq və manqurtlaşmaqdır!!! Bu mənada gürcülərə həsəd apardım!!!

Sozcu.az