Beş uşağa görə verilən müavinət artır –Aprelin 1-dən

Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rola malikdir. Fərmanla beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət ödənilir.

Dövlət başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, aprelin 1-dən həmin müavinətin məbləği 55 manata çatdırılacaq.

Misal üçün, ailədə 6 uşaq varsa həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə 132 manat çox) vəsait ödəniləcək. Onu da bildirək ki, hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınların 9 min uşağına həmin müavinət verilir.

2019-cu il 25 fevral tarixli Sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur. Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata qaldırılacaq. Hazırda həmin müavinət növü 120 uşağa ödənilir.(Strateq.az)