Beş milyard borcu olan şirkətin alınması nəyə səbəb olacaq? – Əgər sanksiyalar olsa…

SOCAR-ın Rusiyada borcu olan Antipinsk NEZ zavodunu alması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Zavodun borcunun 5 milyard dollardan çox olması ehtimal olunur. Ümumiyyətlə, Bu qədər borcu olan bir müəssisənin alınması SOCAR-a hansı risklər yarada bilər?
Məsələylə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, borcu olan bir zavodun alınması böyük problemlərlə müşahidə oluna bilər. Ekspertin sözlərinə görə, SOCAR həm kreditləri üzərinə götürüb onun bağlanması ilə bağlı qrafiki təsdiqləməli, həm də zavoda müəyyən investisiyalar qoymalıdır:

“Zavod o qədər də yeni müəssisə deyil. Müxtəlif məlumatlar səsləndirilir. Amma deyilənə görə, həmin zavodun təqribən 4 milyard dollara yaxın borcu var. Həm zavodun borcunu üzərinə götürmək, həm yeni avadanlıq almaq, həm istehsal sahəsini yenidən təşkil etmək o qədər də asan məsələ deyil.

SOCAR-ın yeni texnologiyalara çıxış imkanı da məhduddur. Avro-5 standartına uyğun benzin istehsal etmək üçün yeni texnologiyalara ehtiyac var. Açığı bu texnologiyalar nə Rusiyada, nə də SOCAR-ın özündə var. Yəni texnologiyaların özü üçün, yeni texnoloji xətlərin quraşdırılması üçün də həm lisenziyaların alınmasına, həm də xarici şirkətlərlə əlaqələr qurulmasına ehtiyac yaranıb”.

N.Cəfərli Rusiyanın sanksiyalar altında yaşayan bir ölkə olduğunu da xatırladıb: “Burada digər məsələlər də ortaya çıxır.

Heç kim unutmasın ki, Rusiya həm də sanksiyalar altında yaşayan bir ölkədir. Yeni texnologiyalara çıxış imkanları kifayət qədər məhduddur.

Çünki böyük sanksiya yükü var. Hər hansı müasir texnologiyaların alınması və Rusiya ərazisində tətbiqi Qərb ölkələri tərəfindən ciddi monitorinq olunur ki, sanksiyalara düşməsin. Gələcəkdə ümumiyyətlə yeni texnologiyalara sanksiyalarla bağlı problem yaşansa şirkətin fəaliyyətinə Qərb tərəfindən sanksiyalar tətbiq olunar.

Rusiya ilə bağlı problem yaranarsa və SOCAR-ın adı hallanarsa, gələcəkdə SOCAR-ın özü də Qərb, Avropa və Amerika tərəfindən Rusiyaya tətbiq olunan sanksiya məsələsinin monitorinqinə düşər.

Bu, SOCAR-la bağlı müəyyən araşdırmaların aparılmasına səbəb ola bilər. Ona görə çox riskli, gələcəyi ilə bağlı qeyri-müəyyən investisiya addımıdır. Mənə elə gəlir ki, burada iqtisadi məsələlərdən daha çox siyasi məsələlər önə çıxıb. Siyasi qərarlara görə, SOCAR Rusiyada investisiya qoymaq üçün bu addımı atıb”.

Qeyd edək ki, SOCAR və Sberbank BM – Rusiyanın “SOKAR ENERGORESURS” şirkəti Antipinsk NEZ-in aksiyalarının 80%-ni alıb. Beləliklə, ildə 9 milyon ton emal gücü olan bu zavod, habelə Orenburq vilayətində Antipinsk NEZ-in aktivlər qrupuna daxil olan yataqlar üzərində nəzarət əldə edib.

Sozcu.az