Beş ildə 90 neftçi həlak olub – “Heç kim məsuliyyətə cəlb olunmayıb”

“Son 5 il ərzində (2014-2018) ölkənin neft sənayesində işəgötürənin təqsiri ucbatından 90 nəfər işçi həlak olub. Bunun 90%- i SOCAR işçisidir”.
Sozcu.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. O, bildirib ki, bu beş il ərzində istehsalatda baş verən bədbəxt hadisələrə görə bir nəfər də olsun işəgötürən və ya digər vəzifəli şəxs məsuliyyətə (maddi, intizam, inzibati, cinayət) cəlb olunmayıb:

“Hətta, əksinə, daha çox bədbəxt hadisə baş vermiş müəssisə rəhbərlərinin vəzifədə irəli çəkilmə faktı da müşahidə olunur. Məhz buna görə də istehsalatda ölüm hadisələri davam edir.

İnsan isə “inventar” deyil ki, hansısa protokolla onu “spisat” edəsən”.

M. Qəhrəmanlı xatırladır ki, 15.07.2019-cu il tarixində Günəşli yatağı ərazisində yerləşən 14 saylı DDÖ-dəki 261 saylı quyuya kimyəvi məhlul vurarkən (kimyəvi məhlulun tərkibində sulfat turşusu var) insan sağlamlığı üçün təhlükəli məhlul, quyuların kimyəvi operatoru Vəlixanov Seymurun üzünə tökülüb. Nəticədə Seymur həlak olub.

“Seymurun 4 yaşlı övladı var. O, sağlam idi. Belə ki,11.04.2019-cu il tarixində tibbi müayinədən keçmişdi. Hadisədən sonra SOCAR tərəfindən verilən ilkin məlumatda, iş vaxtı Seymurun üzünə kimyəvi məhlul sıçradığı və o hamamda əl üzünü yuyarkən yıxılıb beyinə qan sızması nəticəsində öldüyünü, bir müddətdən sonra iş yoldaşları tərəfindən tapıldığını qeyd etmişdi.

Zəruri qeyd; həmin saatlarda hamam bağlı olur. İş vaxtı üzünə məhlul dağılmış şəxs bağlı olan hamama tək getmişdi ki? Orda bir insan övladı yox idi ki? Bir sözlə ilkin məlumat həqiqəti əks etdirmir.

17.07.2019-cu il tarixində saat 16.00-da Azneft İB-də Baş mühəndisi Rövşən Qarayevin sədrliyi ilə iclas keçirildi. Çıxışlarda hadisə ilə bağlı yükqaldırma əməliyyatlarının təhlükəsiz həyata keçirilməsi, kimyəvi maddələrin təhlükəsiz idarə olunması, işçilərin fərdi mühafizə vasitəsilə təminatı ,və s.məsələlərə toxunulub.

Çıxışlardan sonra (6 nəfər) 7 bənddən ibarət qərar qəbul olundu və idarələrə tapşırıldı ki, qabaqlayıcı tədbirlər görülsün . Nəticədə kimsənin xətrinə dəyilmədi .Və iclasdan sonra kimi Əmək Müfəttişliyi ilə ortaq məxrəcə gəlməyə, kimi protokolu tərtib etməyə, kimi papkaya tikməyə, kimi də ki iz aktının tərtibinə “diqqət” yetirməyə getdi…”.(Yeni Sabah)

Facebook Comments