Belə əyləncə olar? – Qorxu, dəhşət, xəstəxana otağı…

Yeni il dünyada ən çox qeyd olunan bayramdır desək yəqin ki, yanılmarıq. Hər il Yeni il şənliklərində minlərlə insan xəsarət alır. Səbəb isə çox vaxt fişənglər, pirotexniki vasitələr olur. Bu il də xoşagəlməz halların yaşanması baxımından ötən illərdən fərqlənməyib.

Sozcu.az xəbər verir ki, ölkəmizdə və dünyada bu səbəbdən baş verən kifayət qədər hadisə olub. Azərbaycanda Səhiyyə Nazirliyinin açıqlamasına görə bayram axşamı pirotexniki vasitələrdən 13 nəfər xəsarət alıb. onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib. Xəsarət alan 4 nəfərə yerində yardım göstərilib, daha 1 nəfərə isə məsləhət verilib.

Naxçıvan Muxtar Respublikasında isə atəşfəşanlıq az qalsın faciə ilə nəticələnəcəkdi.

Belə ki, Yeni il münasibətilə atəşfəşanlıqda fişənglərdən çıxan alov qığılcımları ətrafa yayılıb. Həddən artıq fişəngdən istifadə edilməsi insanlar üçün təhlükə yaradıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Azərbaycanla yanaşı digər ölkələrdə də, bənzər hadisələr yaşanıb. Bayram axşamı Fransada da sakit keçməyib. Yeni il gecəsi bir nəfər Parisdə, daha biri isə Aşağı Reyn departamentindəki Aqno şəhərində atəşfəşanlıq səbəbindən ölüb. Aşağı Reyn departamentinin polis prefekturasının məlumatına görə, atəşfəşanlıq avadanlıqları və pirotexnika vasitələrindən istifadə nəticəsində 50 nəfər yaralanıb, onlardan 20-si azyaşlıdır.

Bununla yanaşı, Strasburqda Yeni il gecəsi 200-dən çox avtomobil yandırılıb. Bu barədə “France İnfo” portalı məlumat yayıb.

Bildirilir ki, daha 26 avtomobili Yuxarı Vyenna departamentinin Limoj şəhərində yandırıblar.

Fransada Yeni il şənlikləri təqaüd islahatı əleyhdarlarının davam edən etirazları və “sarı gödəkçəlilər” hərəkatının mitinqləri fonunda keçirilir.

Ermənistanda da, 50-dən çox sakin yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb. Bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

“Son iki gün ərzində Ermənistanın tibb müəssisələrinə 52 nəfər pirotexnika və fişəng xəsarətləri ilə müraciət edib”.

Onun sözlərinə görə, xəsarət alanların səkkizi 7-14 yaş arası uşaqlar, yeddisi 15-17 yaş arası yeniyetmələr, qalanları isə 18 yaşdan yuxarı böyüklərdir.

Pirotexnika qurbanı olan ölkələrdən biri də Pakistan olub. Ölkədə yeni il bayramı münasibətiylə təşkil olunan tədbir zamanı faciə yaşanıb.

Pirotexniki vasitələrin partladılması nəticəsində azı 16 nəfər xəsarət alıb. Xəstəxanalara yerləşdirilən yaralıların vəziyyəti normaldır. Rəsmi dairələr pirotexniki vasitələrdən istifadə zamanı ehtiyatlı olmaları barədə sakinlərə xəbərdarlıq edib.(Yeni Sabah)

 

Facebook Comments