BEKAR VAXTIN TƏƏSSURATLARI…

Eldar Sabiroğlu

Gəlin hər şeyi zamanın üstünə atmayaq. İş tərsinə düşən kimi zamandı günahkar deməyək. Sanki haralardasa gizlənərək bütün hadisə və problemləri idarə edən və bəlalarımızın əsl baiskarı zamanmış. Günahları şəxsimizdən azdırmaqdan ötrü əlimizə keçmişin qalığı olan yaxşı bir hiylə düşüb.

Məgər ölkədə son günlər baş verənləri düzəltmək istədik, zaman gəlib əl – ayağımızı bağladı? Nə varsa özümüzdədir. Gedib də cansız – nəfəssiz zamandan niyə yapışaq ki! Biri lül-qənbər maşına oturub qəza törədir, həm özü ölür, həm başqasını öldürür. Adını qoyuruq yazıq dərddən içirmiş. Bir başqası qonşudan oğuluq edir, neyləsin, üzü qara olsun zamanın, külfəti dolandıra bilmirdi, deyə haqq qazandırırıq. Davam edəkmi? Məncə ehtiyac yoxdur. Hər kəsin bildiyini deyirəm. Yaxşı buna necə baxırsınız? Müvəqqəti olsa belə bu gərginlikdən çıxmaq üçün hərə bir addım geri durarsa, dünyamı dağılar. Amma rəyasət nə qədər şirin, nə qədər dadlıymış ki, uğrunda ölüm-dirim müharibəsinə başlamaqdan çəkinmirik.

Könül istər deyim ki, taxt-tac uğrunda müsəlman hümməti həmişə bir-birinə düşmən kəsilib. Müqəddəslərimiz belə xəlifəlik üstündə qan töküblər, əmoğlanları bir-birinə qənim olublar. Biz də onlardan törəmələrik. Başqa necə ola bilərik ki? Nə qədər bu inadkarlıq, bu inkarçılıq qanımızdan təmizlənməyib günümüz-güzəranımız bundan artıq olmayacaq… Üç nəfərin sözü bir -birinə düz gəlmir. Zamanmı günahkardır?

P. S.ƏSLƏN MİSİRLİ NOBEL MÜKAFATÇISI İLK MÜSƏLMAN YAZIÇISINA SUAL EDİRLƏR Kİ, SİZ MÖCÜZƏYƏ İNANIRSINIZMI? CAVABI BELƏ OLUR: BƏLİ, İNANIRAM VƏ İKİ MÜSƏLMANIN SÖZÜNÜN BİR-BİRİNİ TUTMASINI DÜNYANIN ƏN BÖYÜK MÖCÜZƏSİ HESAB EDİRƏM. BU QƏDƏR SADƏ VƏ MƏNTİQİ!!!

Sozcu.az