”Bayram Məmmədovun saxlanılması əfv sərəncamının üzərinə kölgə salır”

Human Rights Watch: Bu, Azərbaycan hökumətinin azad sözə nifrətinin örnəyidir

“Human Rights Watch” insan hüquqları təşkilatı martın 30-da 30 sutka inzibati cəza alan “Heykəl məhbusu” Bayram Məmmədovun yenidən həbsini “Azərbaycan hökumətinin tənqidə dözümsüzlüyünün, azad sözə nifrətinin daha bir örnəyidir” deyə qiymətləndirib.

Bu barədə təşkilatın yaydığı bəyanatda qeyd olunub.

“Human Rights Watch” Azərbaycanın çoxsaylı insan hüquqları sazişlərinə üzv olduğunu yada salıb və qeyd edib ki, həmin sənədlər saxlananlara işgəncə verilməsini, hansısa formada pis rəftarı qadağan edir. Təşkilat eyni zamanda Azərbaycan hakimiyyətinin tənqidi səsləri, narazıları susdurduğunu, onlarla jurnalistin, insan hüquqları və dini fəalın siyasi motivlərlə saxlandığını bildirir.

“Human Rights Watch”-un Avropa və Orta Asiya üzrə direktor müavini Georqi Qoqia “AzadliqRadiosuna” bildirib ki, Azərbaycan hakimiyyəti Bayram Məmmədovu dərhal azadlığa buraxmalı, saxlanması, hansısa pis rəftara məruz qalması barədə hesabatlığı təmin etməlidir.

G.Qoqia deyib ki, Bayram Məmmədovun mediaya müsahibəsində tənqidindən sonra yenidən saxlanması Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması haqda 16 mart əfv sərəncamının üzərinə kölgə salır.


“Hakimiyyət onu dərhal buraxmalı, əfvin ölkədə insan hüquqlarının durumunun yaxşılaşdırılması yönündə əsl addım olmasını təmin etməlidir”.

Martın 30-da Sabunçu Rayon Məhkəməsi Bayram Məmmədovun İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edərək haqqında 30 sutka inzibati cəza qərar çıxarıb.

Aprelin 2-də Bakı Apelyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmədə Bayram Məmmədov Binəqədi təcridxanasında saxlandığı zaman işgəncəyə məruz qaldğını bildirib.

Məhkəmə B.Məmmədovun işgəncəyə məruz qalması ilə bağlı Respublika Prokorluğuna müraciət edib.

Bayram Məmmədov 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunub. O, 10 il azadlıqdan məhrum edilmişdi.

B.Məmmədov martın 16-da imzalanan əfv sərəncamıyla azadlığa buraxılıb.(Meydan tv)

Sozcu.az