Bayram Məmmədov niyə mütləq xəstəxanaya köçürülməlidir?

Hazırda 30 sutkalıq inzibati həbsdə olan Bayram Məmmədovun üzvü olduğu “NİDA” Vətəndaş Hərəkatı onunla bağlı açıqlama yayıb. NİDA gənc fəalın xəstəxanaya köçürülməsini istəyir. Buna səbəb B. Məmmədovun Binəqədidəki İnzibati həbs olunanların saxlanma məntəqəsində sağlamlığında ciddi problemlər yaranmasıdır.

Həmin təcridxanadan çıxan məhbusların verdiyi məlumata görə, Bayram Məmmədovun ağrıları şiddətlənməkdədir. O, başından çoxlu zərbələr alıb, baş gicəllənmələri var və hər axşam qusur…

Bayram Məmmədovun bədənindəki xəsarətlərin təsviri. İnfoqrafika: mikroskop media
Bayram Məmmədov bu həftə vəkili Elçin Sadıqovla görüşündə işgəncəyə məruz qalması barədə izahat yazıb və Baş Prokurorluğun bu faktı araşdırmasını istəyib.

Bayram Məmmədovda qeyd olunan əlamətlər nəyin göstəricisidir? O, niyə xəstəxanaya köçürülməlidir?

BBC Səhiyyə bölməsi başa alınan zədənin təhülkəsini və əlamətlərini izah edir:

Beyin çox asanlıqla zədələnə bilən bir orqandır. Kəllə sümüyü beyini qorusa da bu oqran güclü zərbədən yaralana bilər. Zərbədən dərhal sonra ilk baxışda beynin zədələnməsini müəyyən etmək çətin ola bilər. Bununla bağlı əlamətlər 48 saat ərzində ortaya çıxır. Ona görə də başına zədə alan şəxs nə qədər yüngül zərbə olursa olsun, dərhal həkimə müraciət etməlidir.

Kəllədəki çıxıntılar beyindəki damarları kəsib qanaxmaya da səbəb ola bilər. Bundan başqa beyində də digər bədən üzvlərində olduğu kimi zərbədən sonra göyərti və şiş əmələ gələ bilər. Həmin şiş də kəllə sümüyü ilə sərhədləndiyinə görə bu, beyinə əlavə təzyiq yaradır.

Ekspertlər hesab edir ki, beyin zədələnmələrinin qəti qaydaları yoxdur, ən ziyansız görünən yaralanma belə ölümcül halla nəticələnə bilər.

Sərsəmlik halı, şüurun itirilməsi, müvazinət problemi, qusma, bulanıq görmə, qol və ayaqlarda uyuşma və güclü baş ağrısı ciddi yanaşma tələb edən əlamətlərdir.

Nə baş verib: Martın 19-u prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan gənc fəal Bayram Məmmədov 13 gün sonra yenidən həbs olunub. Polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilinən keçmiş heykəl məhbusuna 30 gün inzibati həbs cəzası verilib. Bir neçə gün əvvəl baş tutan Appelyasiya məhkəməsində məlum olub ki, o , inzibati həbs olunanların saxlanma məntəqəsində döyülüb, müxtəlif bədən xəsarətləri alıb.