“Bayrağımız Xankəndində dalğalanandan sonra erməni təxribatlarının qarşısı alınacaq”

“Laçından da ermənilər artıq çıxmağa başlayıblar, amma onlar yenə öz qəsbkarlarlıqlarını davam etdirirlər, evləri yandırırlar, dağıdırlar, bir sözlə, vandalizmlə, ekoloji terrorla məşğuldurlar. Ermənilər bunu yandıqlarından edirlər”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında sabiq baş prokuror Əli Ömərov deyib:

“Kəlbəcərdən sonra növbə Laçınındır. Laçından da ermənilər artıq çıxmağa başlayıblar, amma onlar yenə öz qəsibkarlarlıqlarını davam etdirirlər, evləri yandırırlar, dağıdırlar, bir sözlə, vandalizmlə, ekoloji terrorla məşğuldurlar. Ermənilər bunu yandıqlarından edirlər. Çox şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi, ordumuzun müzəffər yürüşü ilə, xalqımızın yumruq kimi birləşməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Dekabrın 1-də Laçın azad olunacaq və ondan sonra çox güman ki, o biri məsələlərə də baxılacaq. Yəni Xankəndinə bayrağımızın asılması, orda idarəçilik üsulunun Azərbaycan hakimiyyətinə aid olması, Xocalıda və Ağdərədə hüquq-mühafizə orqanlarımızın yerləşdirilməsi, gömrüyümüzün sərhəddə fəaliyyət göstərməsi təbii ki, bunlar həyata keçəndən sonra artıq Azərbaycan tam sərbəstdir və azaddır. Düzdür, bizə maneçilik törətmək istəyən qüvvələr var, amma mənə belə gəlir ki, prezidentimizin qətiyyəti nəticəsində o maneələrin heç biri nəticə verməyəcək. Həmçinin Fransa senatında qəbul edilən qətnamə kağız üzərində qalan bir parça olacaq, çünki prezidentimiz dəfələrlə deyib ki, Qarabağa heç bir muxtariyyat verilməyəcək, heç bir statusdan söhbət gedə bilməz, Qarabağ Azərbaycanındır. Doğrudan da bayrağımız Xankəndində dalğalanandan, sərhədlərimiz qorunandan sonra erməni təxribatçılarının qarşısı alınacaq. Türk ordusu gəlib bizim sərhədlərimizdə dayandıqdan sonra demək olar ki, Azərbaycanın haqq qələbəsi yerinə yetəcək”.

Facebook Comments