BAYDEN PAŞİNYANA DƏSTƏK VERƏCƏKMİ? –Ermənistandakı hadisələrə reaksiyası yeni administrasiyanın ilk sınağı olacaq – TƏHLİL

Bürhanəddin Duran

“Sabah” qəzeti, Türkiyə,

Ermənistanın Baş naziri Nikol Paşinyan çətin vəziyyətdədir. Ordu Paşinyanın istefasını tələb edən bir mətn yayıb. Mətni “hərbi çevriliş” cəhdi kimi qiymətləndirən Paşinyan həm ölkənin Baş Qərargah rəisini tutduğu vəzifədən azad edib, həm də öz dəstəkçiləri ilə birlikdə küçələrə çıxıb. Sabiq Ermənistan Prezidenti Koçaryanın və sabiq Baş nazir Manukyanın ordunun yaydığı həmin mətnə dəstək verməsi Ermənistan siyasətində bütün mexanizmlərin zəiflədiyindən xəbər verir.

İkinci Dağlıq Qarabağ müharibəsindən məğlubiyyətlə çıxmış Ermənistanda siyasi vəziyyətin qarışması dünya ölkələri üçün heç də təəccüb doğurmadı. Müharibədən məğlubiyyətlə çıxmalarının səbəbkarının kim olduğu barədə aparılan müzakirələr daxildəki siyasi atmosferi daha da qızdırırdı. Ağır tənqidlər altında əzilən Paşinyan “”İsgəndər” raketləri partlamadı” ifadəsi ilə Rusiya hərbi texnikasını və silahlarını hədəfə almaqla, həm də Moskvanı narahat etmiş oldu. Ordu rəhbərliyi isə məğlubiyyəti Paşinyanın uğursuz xarici siyasi qərarları ilə əlaqələndirir. Əslində isə səbəbkarın kimliyinin təyin olunmasında bütün bu arqumentlərin hər birinin reallıq payı var.

Paşinyanın xətası və Rusiyanın hesabı

ABŞ-a yaxın fiqur olaraq bilinən Paşinyan, ölkəsində mövcud olan Rusiya təsiri ilə Qərb İttifaqına yaxınlaşma balansını idarə edə bilmədi. Azərbaycan əsgərinin hərbi hazırlığını,Türkiyədən aldığı dəstəyi və Rusiya ilə apardığı təsirli diplomatiyanı görə bilməyən Paşinyanın Qərb ölkələrinin paytaxtlarına etdiyi çağırışlar da qarşılıqsız qaldı. Həll yolunun işğal altındakı Azərbaycan torpaqlarının Bakıya təhvil verilməsi olduğu halda, Paşinyan millətçilik ruhunun da təsiri ilə qazana bilməyəcəyi bir müharibəyə girdi. Rusiya silahlarının Türkiyə SİHA-ları qarşısında təsirsiz qaldığı doğrudur. 30 il müddətində Bakı Dağlıq Qarabağı almaq, Yerevan isə müdafiə etmək üçün böyük hazırlıqlar etmişdi.

Yerevanın rus silahları ilə qurduğu müdafiə xəttini kiçiltmək olmaz. Dağlıq bölgədə halqalar şəklində təpələrə doğru uzanan mövqelərdə tanklar və toplarla çox yaxşı müdafiə xətti qurmuşdular. Hətta müharibənin əvvəlində ermənilər Azərbaycan tərəfinə ciddi itkilər verdirmişdi. Ancaq müharibənin növbəti günlərində SİHA-ların erməni müdafiə xəttini çökdürməsi döyüşün sonunu təyin etmiş oldu. Rus silahlarına və siyasi dəstəyinə ümid bağlayan Ermənistanın Rusiyanın müharibə zamanı yürütdüyü siyasətinə məyusluğu ortadadır.

Paşinyanın müharibədəki məğlubiyyətinin hesabını Rusiyaya bağlaması kövrək siyasi tənliyi pozmuş oldu. Moskvaya yaxın hərbçilər və siyasətçilər birləşərək, Paşinyanı göndərmək axtarışına başladılar.

2018-ci ildə xalq hərəkatı nəticəsində hakimiyyətə gələn Paşinyanın Dağlıq Qarabağ məğlubiyyətindən sonra iqtidarda qalması olduqca çətindir. Ölkə istefa, erkən seçki və ya ordu və müxalifətin birlikdə hərəkət etdiyi Sisi (Misirdə baş verən çevriliş) üslubunda çevrilişlə qarşı-qarşıyadır.

Kreml Paşinyanı qorxutmağa çalışır, yoxsa niyyəti onu həqiqətən devirməkdir? Bayden Administrasiyası “demokratiyaları qorumaq” baxışı çərçivəsində Paşinyanın köməyinə tələsəcəkmi? Tezliklə görəcəyik.

Ankara nə üçün çevrilişə qarşıdır?

Moskva narahatçılığını və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu ifadə edərkən, Ankara çox açıq bir şəkildə çevriliş cəhdini qınadı. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Dünyanın harasında olur olsun, çevriliş cəhdlərinə qarşıyıq” deyə bildirdi.

Ankaranın çevriliş cəhdinə qarşı fikir bildirməsi öncəliklə Türkiyənin 5 il əvvəl 15 iyun hərbi çevriliş cəhdini yaşaması ilə əlaqədardır. Yenə də Ankara Yerevanın siyasi qeyri-sabitliyə və ya müharibəyə sürüklənməsini istəmir. Cənubi Qafqazda sülhün, əməkdaşlığın, iqtisadi inteqrasiyanın qarşısının açılacağı bir dövrü arzulayır.

6 tərəfli platforma təklifi də bu məqsədə xidmət edir. Qafqaz-Xəzər-Orta Asiya üçbucağında stabilliyin qorunması, enerjinin nəqli və ticarətin asanlaşdırılması Türkiyənin lehinədir. Türk dövlətləri ilə quru əlaqəsinin Naxçıvan dəhlizi vasitəsi ilə təminatı müsbət hadisədir. Ermənistanla Azərbaycan arasında sülhün olması, Türkiyə və Ermənistan arasında siyasi normallaşma və Ermənistanı iqtisadi problemlərdən xilas edəcək şəkildə bölgəyə inteqrasiyası Qafqazda sabitlik üçün mühümdür. Çevrilişlə iqtidara gələrək Azərbaycanla yeni bir müharibəyə girməsi, ya da Rusiya ilə ABŞ arasındakı rəqabətin Ermənistanı uğursuz bir dövlətə çevirməsi qaçqın axını başda olmaqla, bir çox problemə səbəb olar.

Yerevandakı çevriliş cəhdi Bayden Administrasiyasının “Rusiyanı məhdudlaşdırma” və “demokratiyaları dəstəkləmə” siyasətinin ilk sınaq sahələrindən biri olacaq kimi görsənir.

Tərcümə Strateq.az-ındır

Facebook Comments