BAXCP Xaçmaz rayon şöbəsinin sədrindən Şəmsəddin Xanbabayevə sərt ittihamlar

“Şəmsəddin Xanbabayev dediklərinə əməl etsəydi, daha hörmətli olardı”- BAXCP Xaçmaz rayon şöbəsini sədri Zöhrab Məmmədov

Xaçmaz rayon icra hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad edildikdən iki gün sonra YAP-ın yerli təşkilatının sədri seçilməsi birmənalı qarşılanmayıb. Əhali Elnur Rzayevin Xaçmaza icra başçısı təyin edilməsini müsbət qarşılasa da, son proseslərdən narahatdır. “Şimal xəbərləri”nin əməkdaşı baş verənlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Xaçmaz rayon şöbəsinin sədri Zöhrab Məmmədovdan müsahibə götürüb.

Müsahibəni təqdim edirik.

Zöhrab bəy uzun illərdir ki, BAXCP-nin Xaçmaz rayon təşkilatının sədrisiniz, rayonda gedən ictimai-siyasi proseslərdə fəal iştirak edirsiniz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son vaxtlar apardığı islahatlar ictimaiyyət qızğın müzakirə edilir. Xaçmazda da kadr dəyişikliyi baş verib, Elnur Rzayev rayona yeni icra başçısı təyin olunub. Prezident onu qəbul edərkən konkret tapşırıqlar və tövsiyyələrini verib. Baş verənlərə münasibətiniz necədir?

Bizim partiya həmiş islahatların tərəfdarı olub. Sədrimiz, millət vəkili Qüdrət Həsənquliyev prezidentliyə namizəd olanda da ölkədə islahatların aparılmasını zəruri hesab edib. Ona görə də indi həyata keçirilən islahatları birmənalı şəkildə müdafiə edirik. İslahat geniş məhfumdur, söhbət təkcə kadrların dəyişilməsindən getmir. İctimai-siyasi, məhkəmə-hüquq və digər sahələrdə də sürətli dəyişikliklər aparılmalıdır. Burada vaxt itkisinə yol vermək olmaz. Rayonumuzda da icra başçısı dəyişib. Bunu çox müsbət addım kimi qiymətləndiririk və hesab edirik ki, dəyişiklik bir az da tez olmalı idi. Həmişə deyirdim ki, rayonda həllini tapmamış xeyli problemlər var, birləşib onları aradan qaldırmalıyıq. Amma son günlər gedən proseslər bir qədər ümidsizlik yaradıb. Səksən bir yaşlı keçmiş icra başçısının tələm-tələsik YAP sədri seçilməsi heyrət doğurdu. Bizim üçün bu quruma kimin rəhbərlik etməsinin fərqi yoxdur. Lakin YAP hakim partiyadır, ona görə də keçmiş icra başçısının mövcud vəziyyətə təsir etmək imkanları çox olacaq. Mən dəfələrlə açıq şəkildə demişəm ki, Şəmsəddin Xanbabayevin fəaliyyətində ciddi nöqsanlar var. Bəziləri bildirir ki, o, yeni icra başçısına kömək edəcəyini açıqlayıb. Biz buna inanmırıq. Əksinə, onun sədr seçilməsi Elnur Rzayevin fəaliyyətinə mənfi təsir göstərəcək. Əvvəla, Şəmsəddin Xanbabayevin yaşı aktiv işləməyinə imkan vermir. Keçmiş icra başçısı köhnə fikirli adamdır, yeni dönəmdə baş verən siyasi proseslərdən baş aça bilmir. Respublikadakı kadr siyasətində isə gəncləşmə prosesi gedir, müasir təfəkkürlü insanlar hakimiyyətə gətirilir. YAP-ın Xaçmaz rayon təşkilatına da gənc siyasətçinin seçilməsi daha effektli olardı. Bütün bunları nəzərə alaraq deyirəm ki, belə şəraitdə yeni icra başçısına prezidentin tapşrıqlarına uyğun olaraq islahatlar aparmaq çətin olacaq.

Şəmsəddin Xanbabayev vəzifədən azad edildikdən sonra belə bir açıqlama verdi ki, memuarlar yazacaq və nəvələri ilə məşğul olacaq. Amma gözlənilmədən YAP-ın yerli təşkilatının sədri seçildi. Sizcə onun qayıdışının əsl səbəbi nədir?

Şəmsəddin Xanbabayev dediklərinə əməl etsəydi, daha hörmətli olardı. Rayon ictimaiyyəti bunu yaxşı qəbul etmir. O sadəcə rayonda qalıb yaşasaydı, heç bir problem yaranmazdı. Hamımız kimi adi qaydada həyatını davam etdirəcəkdi. Onun niyə belə etməməsinin səbəbini bilirəm. Şəmsəddin Xanbabayev işlədiyi 15 il ərzində rayonda çox ciddi problemlər yaradıb, qanunsuzluqlara yol verib. Ona görə də partiya sədri seçilməklə istəyir ki, törətdiklərinin üstü açılmasın.

Zöhrab bəy, siz partiya sədri kimi daim konstruktiv mövqe tutursunuz. Konkret olaraq yeni icra başçısından gözləntiləriniz nədir?

Şəmsəddin Xanbabayev vətəndaşları həftədə bir dəfə qəbul edirdi. Qəbulu çox vaxt özü yox, müavinləri həyata keçirirdi. Elnur Rzayevin isə ilk sərəncamı bu oldu ki, vətəndaşlar istənilən ona müraciət edə bilərlər. Başçının qərarını bütün rayon əhalisi dəstəkləyir. Yenə də qayıdıram YAP məsələsinə. Ədalət naminə deyim ki, rayon şöbəsinin keçmiş sədri heç də pis işləmirdi. Lakin yeni situasiya YAP-a ziyan gətirəcək və təşkilatın nüfuzunun enməsinə səbəb olacaq. İkincisi, rayonda hakimiyyət daxili bir rəqabət yaranacaq. Bu da siyasi durumu gərginləşdirəcək.

Konkret olaraq hansı sahələrdə islahatların aparılmasını istəyirsiniz?

Vətəndaşların qəbulu ilə bağlı atılan addım icra başçısı ilə ictimaiyyət arasında güclü əlaqə yaradacaq. Bu da işlərin gedişinə müsbət təsir göstərəcək, problemlər tez üzə çıxacaq. Köhnə kadrlar haqqında da rayonda müsbət fikir yoxdur. Onlarla islahatlar aparmaq mümkün olmayacaq. Birinci növbədə icra aparatı buraxmalıdır. İslahatlar bütün sahələri əhatə etməlidir. Dəyişikliklərin getməsi zəruridir.

Xaçmaz rayon polis şöbəsinin rəisi də dəyişdirildi.

Daxili işlər nazirliyində gedən kadr islahatları əhali tərəfindən müsbət qarşılanıb. Xaçmaza yeni rəis təyin edilib. O da kadr dəyişikliklərinə başlayıb. Şöbənin yüksək rütbəli bəzi əməkdaşları, eləcə də, Xudat və Yalama polis bölmələrinin rəhbərləri vəzifələrindən kənarlaşdırılıblar. Bu güc strukturunda dəyişikliklər davam edir. Polis şöbəsində də vətəndaşların qəbulu sadələşdirilib. Şikayət edən şəhid ailələrinin, Qarabağ müharibəsinin əlilləri və veteranlarının, aztəminatlı ailələrin müraciətlərinə operativ şəkildə və həssaslıqla yanaşılır. Rayonun digər hüquq-mühafizə orqanlarında da kadr islahatları aparılmalıdır. Yeniləşmə bu sahədə də getməlidir. Onlar da gənc icra başçısı ilə ayaqlaşmalıdırlar.

Son sual. BAXCP Xaçmaz rayon şöbəsi yeni icra başçısı ilə əməkdaşlıq edəcəkmi? İslahatlara dəstək istiqamətində fəaliyyət nəzərdə tutulubmu?

BAXCP islahatların tərəfdarıdır. Bu istiqamətdə mərkəzdən bizə müyyən tapşırıqlar da verilib. Siyasi və iqtisadi inkişaf yolunu yalnız islahatlarda görürük. Bəziləri siyasi qüvvələr radikal yol tutublar. Bu heç bir müsbət nəticə verməyəcək. İnanıram ki, yeni icra başçısı da islahat tərəfdarı kimi partiyamızla əməkdaşlıq edəcək. Biz buna hazırıq.

Təşəkkür edirəm.

Fazil Mahmudov