Baxçalının təbriki və milliyətçilərin sınmış ümidləri…

Elşən Əlisoy

Dostlarımdan bir neçəsi mənə MHP-lideri Dövlət Baxçalının İlham Əliyevin prezident seçilməsi münasibəti ilə etdiyi təbriki göndəriblər. Əslində burda mənim üçün qəribə bir şey yoxdur. Mən bunu Dövlət Baxçalıdan onsuz da gözləyirdim.

Türk milliyətçiliyinin ən böyük məktəblərindən birinin “İstanbul məktəbi”olduğunu deyənlərlə mən heç zaman razılaşmamışam. Türkiyədə Türk milliyətçiliyi hələ də Osmanlı ümmətçiliyindən kənara çıxa bilmir. Ən yaxşı halda, Türkiyədə “Türk Milliyətçiliyi” Türkiyə dövlətinin maraqlarından başqa bir şey deyil.

MHP Türk Milləti üçün sınırları aşa bilən təşkilat olmağı bacarmır. Hətta MHP-nin qurucu lideri Alparslan Türkeş çıxışlarının birində bu sözü işlədibdir: “Türk Milliyətçiliyi Türkiyə dövlətinin sınırları daxilindədir” . Yani Türkiyənin milliyətçiliyi Türkiyə dövlətinin sərhədlərini aşa bilməyi bacarmayan, əsasən Türkiyə dövlətinin diplomatiyası çərçivəsində fəaliyyət göstərən bir siyasi qurumdur. Bu gün MHP –nin Azərbaycanda münasibət qurduğu insanlar iş adamları, maddi cəhətcə öndə olan insanlar və korrupsioner oliqarxlardır. MHP-nin Azərbaycanda olan demokratik qüvvələrlə və milliyətçi toplumla heç bir əməkdaşlığı və ciddi münasibəti yoxdur.

Mənim üçün Türklük davasında sərhəd tanımayan tək lider Əbülfəz Elçibəydir. Əbülfəz bəy, Türk millətinin maraqlarını dövlətin maraqlarından qat-qat üstün tuta bilən lider idi. Əbülfəz Elçibəy Çin rejiminin işgəncələri altında olan Uyğur Türkləri üçün hayqırırdı, Əbülfəz bəy Krım Türkələrinə liderlik edirdi, Əbülfəz Elçibəy 35 milyonluq Güney Azərbaycan Türklərinin azadlığı üçün savaşırdı. Bu gün Türk Millətinin kükrəyən səsi Əbülfəz Elçibəy həyatda yoxdur, Baxçalıdan niyə inciməliyəm ki…?

Türk millətini əzənlərlə, Türk millətini məzlum hala gətirənlərlə dostluq edənlər Türkün lideri ola bilməzlər!

Türkçülük halallıq deməkdir!

Saxtakarlığı və oğurluq seçkini seçki adlandıranlar Türkün lideri ola bilməzlər.

Türk millətinin maraqları dövlətin maraqlarından üstün olmayıncaya qədər arzularımıza çata bilməyəcəyik. Nə vaxta qədər Türkün haqqını yeyənlərə, Türkü əsarətdə saxlayanlara , Türkü vətənindən-elindən –obasından didərgin salanlara “sayın dostum” deyən və bununla da Türk millətinin lideri olmaq iddiasında olanların əsil simalarını ortaya qoyulmayacağıq, həqiqəti göstərməyəcəyik, Turana doğru nəinki yol, kiçik bir cığır da çəkə bilməyəcəyik.

Suriyada ərəblər üçün “demokratiya” davası aparan, “diktator Əsəd getməlidir” deyən MHP lideri Türkçülüyün mərkəzi olan Azərbaycanda Türk millətini ən hüquqsuz bir duruma salan bir diktatora dost və qardaş deyirsə, vay olsun belə Türkçülüyə…!

Azərbaycan deyəndə ilk fikri biznes olan “milliyətçilər”lə uzağa getmək olmaz. Milliyətçilik qardaşlarına dayaq olmaq deməkdir, mlliyətçi millətinin düşmənlərinə qardaş deyə bilməz, bu onun həyatı bahasına olsa belə…!

Sonda Türk Dünyasının həqiqi lideri Əbülfəz Elçibəyin Türk dövlətlərinin prezidentləri ilə çəkdirdiyi tarixi bir şəkili yada salmaq istəyirəm, Əbülfəz Elçibəy diktatorlarla eyni sırada heç bir zaman durmayıbdır!