”Başıma ”qorotdel”də oyun açdılar, hara şikayət edə bilərdim ki?”

244

Sabiq nazirin qardaşıyla bağlı yeni qərar…

Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədovun həbsdə olan qardaşı, prokurorun 12 il azadlıqdan məhrumetmə cəzası istədiyi Əvəz Əhmədova hökm oxunacağı gözlənildiyi halda, hakimlər geri qayıdıb fərqli qərar verib. Qərara əsasən, Ə.Əhmədovun haqqındakı cinayət işi yenidən araşdırılıb. Bu məqsədlə Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polis polkovniki Şövqi Əhmədov məhkəməyə çağrılaraq dindirilib.

Ə.Əhmədovun işi üzrə zərərçəkmişlərdən biri Rəşad Tahirov məhkəmədə bildirib ki, nazirin qardaşından pulu o yox, həyat yoldaşı tərəfdən qohumu olan digər zərərçəkən Hörmət Əsgərov alıb. Buna baxmayaraq, Ə.Əhmədov əvvəl özü onu hədələyərək, 140 min dollar tələb edib. Ona özünü və ailəsini məhv edəcəyini deyib. Bu hədə-qorxular nəticə verməyəndə isə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib, oranın təhqiqatçısı Şövqi Əhmədovun vasitəsilə onu şantaj edib. R.Tahirovun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsində Şövqi Əhmədov və Əvəz Əhmədov birlikdə ona hədə-qorxu gəliblər, təhqir ediblər. Bundan sonra o, məcbur qalıb, ona heç bir aidiyyəti olmayan 140 min dolları ödəmək barədə öhdəlik götürüb, bu haqda izahat yazıb.

Bununla əlaqədar Ş.Əhmədov məhkəmədə dindirilib. O bildirib ki, heç kimə təzyiq göstərməyib. Təhqiqatçının sözlərinə görə, əvvəldən heç Ə.Əhmədovu da tanımayıb, onun şikayəti araşdırılmaq üçün icraatına veriləndə tərəfləri izahat almaq üçün çağırıb. Onun sözlərinə görə, R.Tahirov heç bir təzyiq olmadan, sərbəst şəkildə izahat yazıb, pulu qaytaracağını göstərib. Sonra da Ə.Əhmədov idarəyə ərizə yazıb ki, problemi öz aralarında həll edirlər, ona görə araşdırma dayandırılıb.

R.Tahirov isə bununla razılaşmayıb. Bildirib ki, onun sərbəst şəkildə yazdığı izahatı Ş.Əhmədov cırıb. Daha sonra hədə-qorxudan sonra diqtə altında ona pulu qaytaracağı haqda izahat yazmağa məcbur olub.

“Qorotdel”də başıma belə oyun açdılar, ondan yuxarı hara şikayət edə bilərdim ki?!” – deyən R.Tahirov Ə.Əhmədov vəzifəsindən çıxarılandan sonra şikayət edib. Şikayətində Ə.Əhmədovla yanaşı, təhqiqatçının da hərəkətlərini yazıb.

Təhqiqatçının dindirməsindən sonra bir daha bu iş üzrə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısı çıxış edərək, yenə də Ə.Əhmədovun 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi martın 18-nə qədər təxirə salınıb.

İttihama əsasən, keçmiş nazirin qardaşı H.Əsgərova sələmlə 100 min dollar verib. H.Əsgərovdan faizi ilə birlikdə 140 min dollar pulu geri istəyəndə o, qaytara bilməyib. Buna görə də Ə.Əhmədov H.Əsgərovu özünə məxsus restorana çağırıb, orada onu döyüb, girov saxlayıb. H.Əsgərov qohumu R.Tahirova zəng edərək, ondan pulun ödənilməsində kömək istəyib. Bundan sonra sabiq nazirin qardaşı artıq R.Tahirovdan pulu tələb etməyə başlayıb, onu və yaxınlarını hədələyib, evlərinin sənədlərini əlindən alıb. Axırda 140 min dolları alandan sonra ondan əl çəkib.

Bu hadisə iki il öncə baş versə də, Ə.Əhmədov qardaşı nazir vəzifəsindən uzaqlaşdırılandan sonra cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə ittiham irəli sürülüb.(Meydan tv)

Sozcu.az