“Barış” öyrənci jurnalının elektron nəşrinə maneçilik yaradılır

Azərbaycan Şəhid Mədəni Universitetinin məsulları bu universitetin tələbələri tərəfindən nəşr edilən “Barış” dərgisinin elektron formatda nəşr edilməsinə maneələr yaradır.

Altı ildən bəri yayımlanan tələbə jurnalının 9-cu sayının çap edilməsinə fevral ayında icazə verilsə də koronavirus pandemiyasının yayılması və universitetin tətil olmasına görə dərgi yayımlanmadı.

Jurnalın baş redaktor Hadi Səttari aprelin 23-də dərginin elektron formatda yayımlanmasına icazə verilməsi üçün universitetin nəşrlərin ekspert şöbəsinə müraciət edib. Lakin əlaqədar məsullar “Təhsil Nazirliyinin yeni qərarına əsasən, tələbə jurnallarının elektron versiyada yayılmasının mümkün olmadığını” bildiriblər.

Hadi Səttari bildirib ki, universitet rəsmiləri tələbələrin mədəniyyət sahəsindəki fəaliyyətlərinə nəinki dəstək vermir, maneələr yaradır.

O, universitet məsullarının bu davranışlarının qəbuledilməz olduğunu vurğulayaraq əlavə edib ki, belə davam edərsə tələbələrin qətiyyətli cavabı ilə üzbəüz qalacaqlar.

Şəhid Mədəni Universiteti məsulları həmin universitetin son həftələrdə “Xəbərlər”, eləcə də “İdman və Sağlamlıq” jurnallarının elektron nüsxələrinin yayımlanmasına icazə verdiyi halda, “Barış” dərgisinin elektron nəşrinə maneçilik yaradır.

Təbriz, Urmiya, Zəncan və digər şəhərlərdə də koronavirus pandemiyasının yayılmasından sonra tələbə dərgilər elektron formatda nəşr edilir.

Qeyd etmək lazımdır ki, Güney Azərbaycan universitetlərində yayımlanan bir çox türkcə jurnalın nəşri “etnikçilik” kimi real olmayan ittihamlar əsasında “Tələbə Jurnallarına Nəzarət Şurası” tərəfindən dayandırılıb.

Facebook Comments