Banklara artıq ödəyənlərin pulu geri qaytarılacaq

Fərman kifayət qədər pozitivdir. Çünki uzun müddətdir gözlənilən problemin həllinə hədəflənib.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, son həftələrə qədər problemli kreditlərlə bağlı bu fərmanının imzalanması gözlənilmirdi:

“Ona görə də belə bir fərmanın təsdiqlənməsi bank sektoru və fiziki şəxslərin maliyyə yükünün azaldılması üçün olduqca əhəmiyyətlidir. Təsdiqlənən fərmandan görünən odur ki, güzəştlər faktiki olaraq, heç bir ayrı-seçkilik olmadan xarici valyutada olan kreditlərə tətbiq olunacaq. Burada əsas məqsəd devalvasiyanın formalaşdırdığı maliyyə yükünün kompensasiyasıdır”.

İqtisadçı vurğulayıb ki, fərmanın birinci bəndindən də göründüyü kimi, bu, 10 min ABŞ dollarına qədər kreditlərə tətbiq olunacaq:

“Əgər kredit 2015-ci il ərzində bağlanıb qurtarıbsa, o zaman həmin kreditlərə 0,25 qəpik dövlət tərəfindən ödəniləcək. Çünki 2015-ci ilin dekabrına qədər bağlanan kreditlər sadəcə bir zərəri görüb. Həmin vaxt məzənnə 1,05 səviyyəsində idi. Amma əgər kredit 2013-2014-cü il, yəni 2015-ci ilin fevralın 21-nə qədər götürülüb, 2015-ci il dekabrın 21-nə qədər bağlanıb qurtarmayıbsa, ikinci devalvasiyanı da görübsə, o zaman həmin kreditlərə müvafiq dövrlər üzrə 0,85 qəpik (güzəştin ikisi də 0,25 qəpik+0,60 qəpik) tətbiq olunacaq. Yəni 0,60 qəpik 2015-ci ilin dekabr aylarında baş verən devalvasiya üçün, eyni zamanda, burada 0,25 qəpik də bundan əvvəlki dövr üçün tətbiq olunur. Yəni konkret olaraq məqsəd devalvasiyada formalaşmış yükün aradan qaldırılmasına hesablanıb”.

İqtisadçı vurğulayıb ki, burada ilkin görünən ümumi güzəştin həcminin 700 milyona yaxın güzəştdir:

“Banklara və aidiyyəti qurumlara (Maliyyə bazarlarına Nəzarət Palatası) 45 gün zaman tanınıb ki, bu vaxt ərzində siyahı hazırlansın. 45 gün müddətində bu güzəştlərin hansı şəxslərə tətbiq olunacağı, nə qədər məbləğdə tətbiq olunacağı və s. bilinəcək. Amma ilkin qiymətləndirmələr artıq məlumdur və məhz bu baxımdan da sərəncamda qeyd olunur ki, banklara 682 milyon pul ayrılsın. Eyni zamanda orada 215 milyon da valyuta artımının kompensasiyası məqsədi ilə qiymətli kağızların təklif edilməsi nəzərdə tutulub”.

İqtisadçının sözlərinə görə, bu fərman vətəndaşların bu günə qədər üzləşdiyi problemin aradan qaldırılmasına gətirib çıxaracaq:

“Mən ümid edirəm ki, bu fərman kifayət qədər vətəndaşların rahatlamasına, həmçinin müəyyən qədər təşəbbüskarlığın artmasına gətirib çıxaracaq. Bu eyni zamanda onların rifahına da müsbət təsir göstərəcək. Çünki bir sıra vətəndaşlar var idi ki, həqiqətən də kreditləri ödəmək üçün çox çətinlik çəkirdi”.