Bala Çaylı, yoxsa Çaylı Kəsəmən?

Sərxan Carçı
Bir müddət öncə eşitdiyim xəbər bu günlərdə rəsmiləşdi. Bir çox kənd adları kimi, doğma Çaylı kəndinin tərkib hissəsi olan Kommuna kəndinin də adı dəyişdirilib, Balaçaylı oldu. Bütün müraciət edənlərə təşəkkür edərək deyim ki, bu dəyişiklikdən sonra dostların çoxu fikrimi öyrənmək istədilər. Mövzu ilə bağlı müzakirələr oldu və “keşkə elə Kommuna kimi qalaydı”, “bütövlükdə Çaylı adlansa yaxşı olardı”, hətta kəndin qurucusundan dolayı, “Nuruoğlu” adlansa daha yaxşı olardı deyənlər də oldu. Məntiqinə güvəndiyim dostlardan biri isə düşündüyümə daha yaxın bir ad dedi – Çay Kəsəmən. Amma nə dərəcədə yaxın?

Öncə müəllifi olduğum “Bir kəndin repressiyası” kitabından Çaylı və onun tərkib hissəsi olan Kommuna barədə yazdıqlarımı ixtisarla oxuyaq:

“ İnternetdə “Qazax rayonu Çaylı kəndi” yazıb, axtarış versəniz aşağıdakıları oxuyarsınız:
Çaylı – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar.

Kəndin tarixi təxminən XVII-XVIII əsrlərdən başlayır. Yeri çaylaq, meşəlik, bataqlıq olmuşdur. Kənd adını da burdan almışdır. Kəndə köç XVIII əsrin əvvəllərindən başlamışdır. Köç edənlərin əksəriyyəti indiki Ağstafa rayonunun Kəsəmən kəndindən olmuşlar. Kəndə əvvəlcə 4 nəsil —Göşşüllülər (Göşşüyevlər), Bənnalar (Bənnayevlər), Qocalar (Qocayevlər), Çarçılılar (Carçıyevlər) gəlmişdir. Hazırda Göşşüllülər (Ğöşşüyevlər), Bənnalar (Bənnayevlər)və Qocalar (Qocayevlər) nəsli kənddə ən böyük nəsillərdən biridir.

Kəndin tarixini bilən ağsaqqallardan isə Çaylının tarixinin bu cür olduğunu öyrənmişik:
Kənd əvvəllər Kəsəmən (Qıraq Kəsəmən) kəndinin qışlaq yeri, (sürülərinin otlaq yeri) olub. Çar bu əraziləri yaxşı hərbi xidmətinə görə, vergisiz olaraq Kəsəmənli Qəhrəman ağa Kəsəmənskiyə hədiyyə edib. Vərəsəlik statusu daşıyan bu ərazi Qəhrəman ağa Kəsəmənskidən sonra oğlu Məmməd ağa Kəsəmənskiyə verilib. Ondan sonra isə Məmməd ağa Kəsəmənskinin oğlu, Çaylının sonuncu bəyi Nadir bəy Kəsəmənskiyə verilmişdir. Nadir bəy məşhur Gəncə xanlığından olan Aftab xanımla ailə qurmuşdur. Çaylı sakinlərinin yaddaşında çox səxavətli bir ailə kimi qalmış Nadir bəylə Aftab xanımın Abazor adlı bir övladları olub. Abazor bəy də Tiflisdə hərbi məktəb oxuyaraq polkovnik rütbəsinə qədər yüksəlmişdir. (Çılğınlıq edən gənclərə “Abazor bəyinmi oğlusan?” deyimi Çaylıda hələ də deyilməkdədir). Çox axtarmağıma rəğmən, arxivlərdə Abazor bəyə aid heç bir sənəd tapa bilmədim. Deyilənlərə görə Abazor bəy bolşeviklərlə atışmada həlak olub. Başqa bir mülahizəyə görə isə onun barədə son xəbər Bayıl türməsindən gəlib.

Kəsəmənskilərin bu ərazilər üzərində vərəsəliyi 1920-ci ilə (Sovet qurulana kimi) davam etmişdir. Çaylının bünövrəsini XVIII əsrin sonlarında Kəsəməndən ora köç etmiş nəsillər qoymuşdur. Qızyetərlilər, Bənnalar, Məşədi evi, Kalvəsgərlər(Kərbəlayi Əsgərlər), Göşşülülər, Qocalar, Binnətlilər, Civişlilər, Murğuzlular, Novruzlular, Carçılılar, Mirzələr və s.
“Çaylı” sözünün etimalogiyası (yaranma tarixi):

Ölkəmizin bir çox yerində (Tərtər, Göygöl, Şəmkir, Abşeron və s.) “Çaylı” adlı kənd var. Hətta həmkəndçimiz Filologiya üzrə Fəlsəfə Doktoru İlhamə Qəsəbovanın araşdırmalarına görə qardaş Türkiyənin Sivas şəhərində də eyni adət-ənənəyə mənsub Çaylı adlı kənd var. Təbii ki, bu kəndlərin adlarının formalaşma tarixçəsi fərqlidir. Doğma Çaylının adının formalaşma tarixini öyrənmək üçün yenə də, ilk olaraq kəndin tarixini yaxşı bilən ağsaqqallara üz tutdum. Mülahizələrdən birinə görə, yol üstü sayılan bu ərazidə Hürü adlı qoca qarı yaşayırmış. Hürü qarı yoldan keçənlərə çay dəmləyirmiş deyə ona “Çaylı qarı” deyirmişlər. Yoldan keçənlər də hər zaman qarıya baş çəkər, onun çayından içərmişlər. Zaman keçir, Çaylı qarı dünyasını dəyişir və qohumları onu məskunlaşdığı həmin yerdə dəfn edirlər. Çaylı kəndinin qəbiristanlığında ilk qəbrin ona məxsus olduğu və kəndin adının da onun ləqəbi ilə bağlı olduğu deyilir. Araşdırmalarımız bu deyilənlərin düzgün olduğunu təsdiqləsə də (Çaylı qarının qəbir daşını tapdım), Çaylının tarixi daha qədimdir.

Başqa bir mülahizəyə görə kəndin yanından çay keçirmiş deyə kəndin adı “Çaylı” qalıb. Milli Kitabxananın arxivində araşdırmaların bu mülahizənin də doğru, həm də daha qədim olduğunu təsdiq etdi. Belə ki, 1723-cü ildə Osmanlı İnperiyasının Qafqazları yenidən fəthi dövrü inperiya dəftərdarları müvafiq qaydalara uyğun olaraq fəth olunmuş ərazilər üçün vergi dəftərləri tərtib ediblər. Bir zamanlar vergi yığmaq üçün hazırlanmış bu sənəd “Tiflis əyalətinin müfəssəl dəftəri” adı altında kitablaşdırılıb və Borçalı-Qazax ellərinin tarixinə dair ən dəqiq mənbədir. (Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tarixini araşdırılmasında Osmanlı qaynaqlarının önəmi əvəzsizdir).

1723-1728-ci illərdə tərtib edilmiş bu vergi dəftərində Qazağın demək olar ki, bütün kəndləri barədə (həm də qədim adları ilə) məlumat var. Kitabda adı keçən Kəsəmən kəndinin Çaylı olduğu deyilsə də bu bir qədər inandırıcı görünmür. Amma kitabın 204-205-ci səhifələrində Ürkməzli və Daş Salahlı(Daş Salehli) kəndləri barədə məlumat var. Və elə orada 896 saylı qeyd belə bir cümlədən ibarətdir:

“ Çaylı arxı. Ondan Əlili adlı xaraba kəndə bir su qolu ayrılır və Ballı adlı kənd ilə müştərək istifadə olunur ”.

Bütün bunlar ən xırda detallarına qədər tarixçilərin araşdırıb yazacağı bır mövzudur. Amma ilkin mülahizələrim odur ki, Çaylı kəndi Kəsəməndən gələn nəsillərin kitabda adı keçən, “Çaylı” arxı ətrafında, hansısa qədim kəndin xarabalıqları üzərində saldığı, təxminən Çaylı qarıdan başlayan kənddir.

Bütün bunları kəndin yaşlı nəsli də təsdiq edir və onlar da böyüklərindən eşitdiklərinə görə kəndin yuxarı başından bir vaxtlar böyük arx keçirmiş. Həmçinin torpağın altında qalmış Nuru Körpüsünün də məhz indi qurumuş həmin o arxın üzərində olduğu ehtimal olunur. (Deyim ki, aşırım formasında olmuş Nuru körpüsünün torpağın altında qaldığı yer mənə dəqiqliklə bəllidir).

Qazaxda “Qıraq Kəsəmən” , “Dağ Kəsəmən” olduğu kimi, bu kənd də “Çaylı Kəsəmən” adlanıb. Sonralar, Sovet dövrü sənədləşmələrində “Kəsəmən” sözü silinib, sadəcə “Çaylı” qalıb. Heç təsadüfi deyil ki,sənədlərdə böyük mütəfəkkir Hacı Kərim Sanıllının doğum yeri “Çaylı Kəsəmən” olaraq keçir və şair bunu öz şeirində də ifadə edir:

Kəndimizdir bizim Çaylı Kəsəmən,
O yerdə gəlmişəm bu dünyaya mən.

Kommuna

Hər bir Çaylı sakininə bəllidir ki, Kommuna kəndi 1927-ci ildə Nuruoğlu Məmmədin və onun köməkçilərinin təşkilatçılığı ilə salınıb. Belə ki, Çaylıdan ora əlliyə yaxın ailə köçürülüb, sonralar ailələrin sayı əllini də keçib. Bir müddət damlarda (damxada) yaşamış bu ailələr Nuruoğlunun başçılığı ilə kənddə fəal quruculuqla məşğul olublar. Həmin illərdə Kommuna kəndində çörəkxana, klub, qonaq evi, uşaq bağçası, kərpic zavodu tikilib, kənd radiosu fəaliyyətə başlayıb. Həmçinin kənd dəyirmanı tikilib. Hansı ki, o dövrdə Çaylı və ətraf kəndlər taxıllarını üyütmək üçün Ermənistana qədər getməli olurmuşlar. O illərdə tikilən xəstaxana isə hələ də fəaliyyət göstərməkdədir. Nuruoğlunun yaddaşlarda yaşayan ən böyük xidmətlərindən biri də, 1931-ci ildə su elektrik stansiyasını tikdirməsi olub. Həmin su elektrik stansiyası gündüzlər dəyirmanı və digər lazımı yerləri işlədir, gecələr isə evləri işıqlandırırmış. O zaman nəinki kəndlərdə, heç rayon mərkəzində də işıq(elektrik) yox idi. Çaylı kəndinə isə işıq xəttləri 1956-cı ildə çəkilib. (Yadımdadır, yaşlı qohumlarım söyləyirdilər ki, mavi qazdan fərqli olaraq kəndə işıq hissə-hissə deyil, bir dəfəyə çəkilib. Və axşamüstü ilk dəfə işıqlar yandırılanda kənddə heyrət dolu bir uğultu səslənib).

Nuru oğlu Məmməd özünün təhsili olmamağına rəğmən savadlanmaya çox önəm verib və məktəb binası tikdirib. Kənd sakinlərinə dərs demək üçün başqa kəndlərdən müəllimlər dəvət edib.

Bir neçə il sonra Kommunada çoxmənzilli yeddi bina tikilmiş, kənd sakinləri həmin binalara köçürülmüşdür. Binaların bir neçəsi dəyişdirilmiş formada da olsa indiyədək qalmaqdadır. Kənddəki nizam-intizam, inkişaf səbəbiylə Kommunaya axın günbəgün çoxalmış, nəinki Çaylıdan, hətta Göyçədən və İrandan köçüb gələnlər olub. Nuruoğlu Məmmədin əsasını qoyduğu və 1938-ci ilə kimi rəhbərlik etdiyi Kommuna kolxozu sürətlə inkşaf edərək, iqtisadi göstəricilərinə görə keçmiş SSR-də ikinci yerə çıxmışdır. Amma o özü bunları görmür. Çünki artıq bir il idi ki, Nuruoğlu həbsdə idi. Bəlkə hələ dünyasını da dəyişmişdi.

Ona qarşı qaldırılan qeyri ciddi ittihamlar içində (silah gəzdirməsi və s.) ən dəhşətlisi guya kəhrizə ayrılan pulda yeyintiyə yol verib, suyu çəkdirməməsi ilə bağlıdır. Gerçəkdə isə yuxarıda da yazdığım kimi, artıq bir əsrə yaxındır ki, Çaylı və Kommuna camaatı Nuru oğlu Məmmədə rəhmət oxuyaraq onun çəkdirdiyi içməli sudan istifadə edirlər. Bütün bu saxta ittihamlara dözməyən 1876-cı il təvəllüdlü Nuru oğlu Məmməd, 19 Mart 1939-cu ildə, sənəddə yazılanlara görə ürək iflicindən dünyasını dəyişib.

Digər repressiya qurbanları kimi Nuruoğlu da əllinci illərdə bəraət qazanmışdır. Amma çox təəssüflə qeyd etməliyik ki, məzarı belə yoxdur. Onun adı isə Çaylı və Kommuna sakinlərinin yaddaşında yaşayır. İndi torpağın altda qalmış olsa da, bir zamanlar tikdirdiyi körpüdən dolayı Çaylının yuxarı hissəsinə (girişinə) “Nuru körpüsünün yanı” deyilir. Hesab edirik ki, qədirbilən kəndçilərimiz tərəfindən Nuruoğlunun xidmətləri bir daha qiymətləndiriləcək, gənc nəslin də onu daha yaxşı tanıya bilməsi üçün qurucusu olduğu Kommuna kəndində adı layiqincə əbədiləşdiriləcək”.

Yəqin ki, Çaylının və Kommunanın tarixi barədə qısa da olsa təsəvvür yarada bildik. Odur ki, bu addəyişmə ilə bağlı fikrim budur ki: Nəinki Kommunanın, hətta Çaylı və Kommunanın adı bir yerdə dəyişdirilərək, öz tarixi Çaylı Kəsəmən adı verilməlidir. Necə ki, həmyerlilərimizin belə praktikası var və ölkəmiz müstəqilliyini qazanandan sonra Musaköy və Əzizbəyli kəndlərinə öz tarixi adları verilərək Xanlıqlar və Hüseynbəyli adlanır.

İndi həmkəndçilərimin fikri və dəstəyi olsa, başçılıq etdiyim “Carçı” Araşdırma Mərkəzinin bütün imkanlarından istifadə edərək kəndimizin öz tarixi adını, Çaylı Kəsəməni almasına nail olmaq olar.