Bakı Nəqliyyat Agentliyi 260 ailənin şikayətinə baxmır

Bakı şəhər Binəqədi rayon S.S. Axundov küçəsi, bina 2 və bina 4 ünvanında yaşayan 260 ailə “Azadlıq” metrosunun yanında dayanan kiçik tutumlu avtobusların axırıncı dayanacağını “Dərnəgül” stansiyasına köçürmələri ilə bağlı Bakı Nəqliyyat Agentliyinə etdikləri müraciətə baxan yoxdur.

Bununla bağlı Sozcu.az saytına müraciət edən sakinlər bildirirlər ki, kiçik tutumlu avtobuslara görə ərazidə hər gün tixac olur. Avtobuslar ərazidə bütün hərəkəti iflic edir. Avtomobillərin yerli-yersiz verdikləri siqnalların səsi sakinlərə narahatçılıq yaradır.

Sakinlər bildirirlər ki, bununla bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyinə etdikləri müraciətlərə cavab olaraq, 2016-cı il də BNA-dan sakinlərə verilən cavabda, tezliklə avtobusların son dayanacağını “Dərnəgül” Metrosunun yanına köçürəcəklərini bildirsələr də, 3 ildir ki, problem yenə də həll edilmədən qalıb.

Sakinlər həmçinin qeyd ediblər ki, BNA -nın 4044120 və 141 telefonlarına dəfələrlə zəng etsələr də, telefon zənglərinə cavab verən yoxdur.

Bununla bağlı dövlət başçısına müraciət edəcəklərini qeyd edən sakinlər, mətbuat nümayəndələrindən də,  problemi işıqlandıraraq, ictimailəşdirmələrini xahiş edirlər.

Könül Əliyeva