Bakı istər sülh, istər hərb variantında uğur qazanacaq

Azər RƏŞİDOĞLU

Azərbaycan ordusunun zəfəri ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.

2016-cı ilin mart ayının ortalarından başlayaraq Ermənistan tərəfi atəşkəsi intensiv pozmağa başlayıb. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel zəfəri ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Aprel döyüşlərinin siyasi çalarları da az deyil. Bakıya təklif olunan şərtlər məhz aprel döyüşlərindən sonra yumşalmağa başladı. Bakı sübuta yetirdi ki, bölgədə sülhə təhlükə mənbəyi Ermənistandır və Bakı öz ərazilərini hərbi yolla da azad edə bilər. Əgər hansısa anda münaqişənin yenidən qızışdırılması Yerevanın marağında olacaqsa, ermənilər Qarabağda daha bir ağır məğlubiyyət yaşaya biləcəklərini unutmalı deyillər.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Aprel döyüşləri təmas xəttində status-kvonun dəyişməzlik mifini sındırdı. Lakin aprel olayları münaqişənin hər zaman böyük müharibəyə çevrilmə ehtimalını gücləndirdi. Digər tərəfdən, qarşı tərəf düşünürdü və təbliğ edirdi ki, istədiyi vaxt Kürə qədər irəliləyə bilər. Bu olaylar ermənilərin bu təbliğatını alt-üst elədi.

Bununla belə, toqquşmalar danışıqlar masasında rolları dəyişmədi, sülh danışıqları aprel döyüşlərindən sonra çoxsaylı və müxtəlif səviyyəli görüşlərə baxmayaraq, bir addım da irəliləməyib. Hələlik tərəfləri qane edən model tapılmayıb.
Məsələ ondadır ki, Ermənistanın yeni hakimiyyəti sadəcə olaraq çabalayır. Nə daxildə vəziyyətə nəzarət edə bilir, nə də xarici siyasət prioritetləri var. Baş nazir Nikol Paşinyanın əsas məqsədi rəqiblərini sıradan çıxarmaqdır.

Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da qəbulolunmaz bəyanatlar səsləndirir. Paşinyan da anlayır ki, Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlanılmasının mümkün deyil. Müxtəlif bəhanələrlə danışıqlardan açıq şəkildə yayınırsa, Bakı savaş variantına üstünlük verə bilər. Ermənistan 2016-cı il aprel hadisələri zamanı Azərbaycanın hərbi baxımdan dəfələrlə güclü olduqlarını anladı. Əgər onlar bundan nəticə çıxarmasalar, nəinki aprel hadisələrinin təkrarı ola bilər, hətta bundan artığı da mümkündür. Ermənistan reallığı başa düşməlidir. Bakı istər sülh, istər hərb variantında uğur qazanacaq. Yerevan bunu anlayır və vaxt qazanmağa çalışır..